NATO-nun Uels bəyannaməsi Bakı və Yerevana nə vəd edir?- Təhlil
Bizi izləyin

Nida.az

NATO-nun Uels bəyannaməsi Bakı və Yerevana nə vəd edir?- Təhlil

NATO-nun Uels Sammitində qəbul olunan bəyannamədə beynəlxalq hüquqi yanaşma baxımından ilk dəfə Qarabağ münaqişəsi üçün önəmli məqam yer aldı. Söhbət, ərazi bütövlüyünün toxunulmazlığından gedir. Hansı ki, bu günə qədər Qarabağ münaqişəsində Helsinki Yekun Aktının 3 əsas prinsipi üzərində dayanılırdı.

1. Ərazi bütövlüyün toxunulmazlığı
2. Öz müqəddəratını təyin etmə.
3. Güc tətbiqinin yolverilməzliyi.

Ermənistan prezidenti Serj Sərkisyanın da imza atmağa məcbur olduğu sənəddə ilk dəfə öz müqəddəratını təyin etmə prinsipi olmadan Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi.

Halbuki, bu günə qədər münaqişənin həlinə məsul olan ATƏT-in Minsk qrupu bir-birinin ziddinə olan müddəalarla işləyir. Belə ki, Ermənistan öz müqəddəratını təyin etmə, Azərbaycan isə ərazi bütövlüyünün toxunulmazlığını irəli sürür.

İrəvan iddia edir ki, Dağlıq Qarabağ erməniləri öz müqəddəratını təyin edə bilərlər. Əslində, Bakı bunun əksini tələb etmir.

Rəsmi Bakının mövqeyi belədir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, ardınca xalqların öz müqəddəratı məsələsi gündəmə gəlir. Yəni, öz müqəddəratını təyinetmə prinsipi Azərbaycanın ərazi bütövlüyü prinsipini üstələyə bilməz.

Bu məsələ münaqişənin həll olunmasında əsas prinsip hesab olunan Madrid prinsiplərində öz əksini tapır. Bu prinsiplərə görə, Ermənistan ilk mərhələdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayonu geri qaytarılmalıdır. Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir.

Uzun illər bu prinsiplər ətrafında müzakirələr aparılsa da, ortada heç bir nəticə yoxdur. Buna səbəbsə erməni tərəfinin qeyri-konstruktiv mövqeyidir. Belə ki, İrəvan hər dəfə hansısa bəhanə ilə prosesdən yayınır.

Ukrayna böhranı isə Dağlıq Qarabağ münaqişəsində yeni situasiya yaratdı. Krımın ilhaqı ilə başlanan böhranda istinad olunan iki əsas prinsip var: ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə. Rusiya öz müqəddəratını təyin etmə prinsipini əsas götürərək Krımın ilhaqına haqq qazandırır. Amma ortada Ukraynanın ərazi bütövlüyünün pozulması var. Krımın ilhaqı Ermənistan üçün əsas yaradır ki, Dağlıq Qarabağın müstəqilliyini elan etsinlər. Lakin dünya birliyi Ukraynanın ərazi bütövlüyü tanıyır ki, bu İrəvan üçün əsas maneədir. Azərbaycanın mövqeyi isə bununla güclənir. Digər tərəfdən Ukraynanın şərqində baş verən separat bölünməyə Kiyevin müdaxiləsi öz ərazisində antiterror əməliyyatlarının keçirilməsi kimi qəbul edilir. Halbuki buna Ukraynadan əvvəl Azərbaycanın da haqqı var idi. Çünki BMT qətnamələrində işğal olunan ərazilər Azərbaycanın torpaqları kimi qəbul edilir və Bakı antiterror əməliyyatlarına başlamaq üçün hüquqi bazaya malikdir.

Beləliklə, Ukrayna böhranı Dağlıq Qarabağ münaqişəsi üçün yeni nümunələri ortaya çıxardı.

NATO-nun Ukrayna böhranından sonra Rusiya təhlükəsinə qarşı keçirilən Uels sammitində qəbul etdiyi sənəddə öz müqəddəratını təyin etməni deyil də, ərazi bütövlüyünü irəli sürməsi bundan qaynaqlanır.

“NATO Ermənistanın, Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyü və suverenliyini müdafiəsi ilə bağlı öhdəliklərinə sadiqdir. Mövcud şəraitdə alyans Cənubi Qafqazda və Moldovada münaqişələrin beynəlxalq qanunvericilik əsasında və dinc yolla həllinə yönəlik səyləri dəstəkləməkdə davam edəcək”, -deyə məlum sənəddə vurğulanır.

Görünür, NATO Ukraynada düşdüyü vəziyyətdən çıxış edərək, eyni presedenti Qarabağa da aid etdi. Bu sənəd üzərində olsa da ilk dəfə Bakının Qarabağ münaqişəsində haqlı olaraq irəli sürdüyü ərazi bütövlüyünün toxunulmazlığı ayrıca müddəa olaraq irəli sürüldü.

Publika.az-a açıqlamasında Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri NATO-nun Uels saamitində qəbul edilən sənədi yüksək qiymətləndirib. Onun sözlərinə görə, bəyannamənin münaqişələrlə bağlı hissəsində yalnız bir – dövlətlərin ərazi bütövlüyü prinsipindən söhbət gedirdi: “Millətlərin öz müqəddəratını təyinetmə prinsipi təxirə düşdü. Ermənistanı, dolayısı ilə Rusiyanı narahat edən amil də məhz budur. ATƏT-in Minsk qrupunun söykəndiyi prinsiplər bir-birinin əksi olan prinsiplərdir. Onlardan biri ərazi bütövlüyü, digəri isə öz müqəddəratını təyinetmə prinsipidir. Bu prinsipləri iyirmi il ərzində razılaşdırmaq mümkün olmayıb. Bundan sonrakı iyirmi il ərzində də mümkün olmayacaq. Ona görə də münaqişənin həllində prinsiplər dəyişdirilməlidir”.

Bu baxımdan, politoloq təklif edir ki, NATO-nun sənədi üzərindən çıxış etmək lazımdır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm