De-şifrə: Birliyin “pilot layihəsi”, yaxud hədəfdə kimdir?
Bizi izləyin

Nida.az

De-şifrə: Birliyin “pilot layihəsi”, yaxud hədəfdə kimdir?

Birləşmiş Hüquq Müdafiə Mərkəzinin (BHMM) dünən keçirilən toplantısında sentyabrın 15-də Bakının azad olunması münasibətilə Şəhidlər Xiyabanında türk əsgərlərinin şərəfinə ucaldılan abidənin ziyarət qərarı verildi.


14 siyasi partiyanı özündə birləşdirən mərkəzin bu qərarı normal siyasi qərardır və cəmiyyətin bir hisəsi olaraq onlara belə haqqı heç kim qadağan edə bilməz.

Lakin diqqətçəkən BHMM-nin təyinatından fərqli olaraq verdiyi ilk qərardır. Hansı ki, müxalifətin birləşmiş qurumu olaraq ziyarət edəcəkləri abidənin önündə çıxışçılar müxalifətin biri adından danışacaq.

BHMM İsa Qəmbərin təşəbbüsü ilə yaradılanda mediada Milli Şuradan ayrılan və şuranın əsas aparıcı partiyası olan AXCP ilə qarşı-qarşıya dayanan Müsavatın müxalifətin yeni birliyini formalaşdığı iddialı yer almışdı. Bura da KXCP-nin də yer alması bu iddialara əsas verirdi. Hansı ki, Mirəlioğlunun partiyası Milli Şurada faktiki formal olaraq təmsil olunur. Qurumun KXCP-nin qərargahında keçirilən sonuncu sessiyasında bu partiyanın ayrılması məsələsi gündəmə gəldi. Səbəb isə şuranın tərkibi Əli Kərimlinin tərəfdarları hesabına genişləndirmək cəhdləri idi.


Hələ o vaxt KXCP sədrinin müavini Xəzər Teyyub Publika.az-a bildirdi ki, Milli Şuranın AXCP-nin hesabına genişləndirilməsini qəbul edə bilməzlər.

“KXCP hesab edir ki, Milli Şuranın genişlənməsi burda təmsil olunmayan siyasi təşkilatlar, ziyalılar, ictimai xadimlər hesabına baş verməlidir. Yoxsa, hansısa partiya yüzlərlə üzvünü gətirib bura doldurmalı deyil. Milli Şura ötən prezident seçkilərində bundan da geniş tərkiblə qatılmışdı. Amma gedə bildiyimiz yer bəlli oldu. Güclü olduqmu? Xeyr. Bundan sonra hansısa partiyanın üstünlüyünü qəbul etmirik və biz buna etiraz etmişik. Bunu arqument gətirib KXCP-nin qərargahında sessiya keçirməmək mövqeyi Milli Şura üçün tamamilə səhvdir”, - deyə o, Əli Kərimlinin partiyasını ittiham etdi.


Lakin bu həqiqətdir ki, əvvəlcədən qurumda üstünlüyü ələ alan Əli Kərimli öz tərəfdarlarını Milli Şuraya cəlb etməklə dominantlığını təmin etmək istəyir.


Məhz buna görə KXCP-nin çıxması gündəmə gəldi, lakin həmin sessiyada bunun qarşısı alınsa da, sonradan Mirəlioğlunun partiyası Milli Şura ilə yollarını “de-fakto” olaraq ayırdı.


Bundan sonra İsa Qəmbərin KXCP-ni öz ətrafına çəkmək üçün bir sıra addımlar atdığı haqda məlumatlar var idi. Lakin hər dəfə qarşı tərəf bunu təkzib edir, müxalifətin yeni birliyi ideyasının gündəmdə olmadığını deyirdi.

Sonuncu dəfə QHT rəhbərlərinin hüquqlarının müdafiəsi məsələsi hərəkətə keçmək üçün əla fürsət idi. Təsadüfi deyil ki, İsa Qəmbər belə bir təşəbbüs irəli sürdü və dərhal M. Mirəlioğlu tərəfindən dəstəkləndi. Nəticədə İ. Qəmbərin təşəbbüsü, M. Mirəlioğlunun təşkilatçılığı ilə BHMM yarandı. Bununla İsa Qəmbər müxalifətin yeni mərkəzinin əsasını qoydu. Burda o da diqqət çəkir ki, BHMM-də təmsil olunan partiyaların hamısı ya Milli Şuradan ayrılanlar, ya da bu quruma qarşı əks mövqedə olanlardır.


Müsavat Partiyası isə BHMM yeni birlik formatı olduğunu inkar edir. İsa Qəmbər də mərkəzin toplantısında çıxışı zamanı buna diqqət çəkərək bildirmişdi ki, mediada bununla bağlı yayılan iddialar yanlışdır.


Bu təkzibləri türk əsgərlərinin şərəfinə ucaldılan abidənin ziyarət ilə bağlı verilən qərara qədər keçərli hesab etmək olardı. Lakin belə bir qərar onu göstərir ki, İsa Qəmbər BHMM adı altında müxalifətin birliyini yaradıb və bunun ictimailəşməsi yolunda addımlar atır.


Halbuki Müsavatın təşəbbüsü ilə Milli Strateji Düşüncə Mərkəzi də təsis olundu. Lakin faktiki olaraq BHMM-in fəaliyyəti daha çox nəzərə çarpır, nəinki Düşüncə Mərkəzinin.

Hesab etmək olar ki, İsa Qəmbər əlində iki variant saxlayır, ya Düşüncə, ya da Müdafiə Mərkəzi. Hər ikisinin hədəfi eynidir. Müxalifətin yeni birliyini formalaşdırmaq və burda dominantlığı əldə etmək.


Burda Milli Şuranı ələ keçirən Əli Kərimlinin kartlarını bir-bir vurmaq gedişi də var. Belə ki, ötən prezident seçkilərində Milli Şurada “mehriban düşmən” kimi birləşən partiyalar seçkinin nəticəsindən sonra ayrıldılar, özü də bu ayrılıq çox “çətin”, qarşılıqlı ittihamlarla oldu.


Müsavat Milli Şuradan ayrılandan sonra müxalifətdə öz diktəsini etməlidir, bu ən gözlənilən hadisədir. İndiyə qədər bunun baş verməməsi siyasi müxalifət dairələrində təəccüblə qarşılanır. Görünür, Müsavat başqanı yaratmaq istədiyi birliyin “pilot layihəsini” müxtəlif mərkəzlər altında həyata keçirdir. İndiyə qədər müxalifətin birlik problemini nəzərə alsaq, İsa Qəmbərin ehtiyatı təbii qarşılanmalıdır. Lakin bütün hallarda proseslər İ. Qəmbərin birlik sirrini de-şifrə edir.


Asif Nərimanlı








Oxumağa davam et
Reklam
Reklam

Gündəm