• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Yaqub Mahmudov: “Bu təşkilatların maliyyə mənbələri araşdırılmalıdır”

  • Nida.az
  • 20 Sentyabr 2014 12:29
  • 654 Baxış
Yaqub Mahmudov: “Bu təşkilatların maliyyə mənbələri araşdırılmalıdır”

“Azərbaycanda mövcud olan bəzi “demokratiya aşiqləri”, xüsusilə də Ermənistanla “xalq diplomatiyası” aparmaq istəyən şəxslərin fəaliyyətinə ciddi nəzarət olunmalıdır”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib.

Onun sözlərinə görə, Qərbdə, o cümlədən ABŞ və Fransada yerləşən bəzi dairələr “demokratiya aşiqi”dirsə, o zaman Azərbaycan ərazilərini bir hissəsini işğal edən, Qarabağda Xocalı soyqırımı törədən erməni terrorçularını ifşa etməlidir:

“Axı necə ola bilər ki, əli minlərlə günahsız insan qanına bulanmış və Xocalı soyqırımı törədən terrorçu Ermənistan rəhbərliyi bu gün də hakimiyyətdədir? Biz terrorçu dövlət başçısı ilə necə eyni kürsüdə oturub danışıq apara bilərik? Məgər dünya birliyi bunu görmür? Mən bütün bunları qəti şəkildə qəbul etmirəm”.

Y.Mahmudov deyib ki, Azərbaycanda Vətənə xəyanət edən adamlar çox ciddi cəzalandırılmalıdır:

“Biz müharibə vəziyyətində yaşayan ölkəyik. Belə bir vəziyyətdə Azərbaycanda işğalçı dövlət müdafiə edilməməlidir. Bu, cinayət əməlidir, Vətənə və dövlətə böyük xəyanətdir. Dağlıq Qarabağda mövcud olan terrorçu qrup müdafiə olunmamalıdır. Çox təəssüf ki, bu məsələdə bir çox siyasi partiyalar və qeyri-hökumət təşkilatları dövlətin yanında yer almırlar. Əvəzində isə onlar Azərbaycanda siyasi məhbus və sairə axtarırlar. Onların yalançı demokratiya çağırışlarına uymaq lazım deyil.

Azərbaycan müharibə vəziyyətində yaşayan ölkədir. Bizim Dağlıq Qarabağ kimi problemimiz var. Ancaq bu cür şəraitdə Azərbaycana qarşı ikili standartlar siyasəti hələ də davam edir. Azərbaycan torpaqlarını açıq-aşkar işğal edən Ermənistan ilə Azərbaycan eyni müstəviyə qoyulur. Dağlıq Qarabağda terrorçulara hər cür yardım göstərilir. Belə olan vəziyyətdə Azərbaycan daxilində də xaricə işləyən təşkilatlar mövcuddur. Hesab edirəm ki, həmin qeyri-hökumət təşkilatlarına nəzarət gücləndirilməlidir. Azərbaycan dövləti getdikcə daha da qüdrətlənir. Biz öz ərazimizi işğalçılardan azad etməliyik. Ermənilər rədd olub bizim torpaqlarımızdan çıxmalıdır. Getmədiyi təqdirdə, Azərbaycan xalqı ayağa qalxaraq öz torpaqlarına sahib çıxacaq. Belə vəziyyətdə xarici dairələr Azərbaycanı parçalamaq üçün ölkə daxilində mövcud olan bir sıra qeyri-hökumət təşkilatları və siyasi partiyalardan istifadə edirlər. Hesab edirəm ki, ilk növbədə bu təşkilatların maliyyə mənbələri araşdırılmalıdır. Dəqiq bilmək lazımdır ki, bu təşkilatlar haradan maliyyələşir və Azərbaycanın daxili işlərinə qarışan hansı təxribatçı strukturlara xidmət edirlər. Bütün bunlar araşdırılmalıdır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR