• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İsa Qəmbər Qubad İbadoğludan nə xahiş edib? - Gizli görüş

  • Nida.az
  • 3 Oktyabr 2014 16:52
  • 846 Baxış
İsa Qəmbər Qubad İbadoğludan nə xahiş edib? - Gizli görüş

Müsavatın keçmiş başqanı, faktiki lider hesab olunan İsa Qəmbər Qubad İbadoğludan susmağı xahiş edib.


Publika.az-ın partiya fəallarından əldə etdiyi məlumata görə, İ. Qəmbər bir neçə gün öncə Qubad İbadoğlu ilə görüşüb. Görüşün məqsədi ikincinin seçkinin nəticələri haqqında səsləndirdiyi fikirlər və partiyanın parçalanma qorxudur.
Mənbə bildirir ki, İ. Qəmbər İbadoğluya susmağı və tərəfdarlarını sakitləşdirməyi xahiş edib. Məlumata görə, hər iki şəxs seçkinin nəticələrinin ləğv edilməsi və növbədənkənar qurultayın keçirilməsi məsələsini də müzakirə edib. Bu istəyi səsləndirən İbadoğluna İsa Qəmbər hələlik məsləhət olmadığını deyib. Lakin gələcəkdə Qubad İbadoğlunun yolunun açılması sözü də verilib.

Mənbə bildirir ki, Q. İbadoğlunun oktyabrın 6-na təyin etdiyi tərəfdarları ilə görüşdə müsavat üçün olduqca neqativ proseslər baş verəcəkdi. Bununla bağlı İsa Qəmbərə də əvvəlcədən xəbərdarlıq edilmişdi. Lakin İ. Qəmbər bunun qarşısını alıb və bir qədər gözləməyi tövsiyə edib.
Q. İbadoğluya isə toplantını təxirə salmamağı, sadəcə olaraq, tərəfdarları ilə fikir mübadiləsi aparıb partiyanın bütünlüyünü qorumaq üçün razılığa gəlməyi məsləhət görüb.

Qeyd edək ki, Q. İbadoğlunun bu gün müsavatçılara etdiyi müraciət də bu baxımdan diqqət çəkir.


“Əziz müsavatçı bacı və qardaşlarım! Son vaxtlar ayrı-ayrı müstəvilərdə, xüsusən sosial şəbəkələrdə müsavatçılar arasında qarşılıqlı ittiham üzərində qurulan müzakirələri zərərli hesab etdiyimdən Müqəddəs Qurban Bayramı öncəsi Sizə səslənirəm. Birlik və bərabərlik bayramı hesab olunan bu əziz günlərdə hər bir müsavatçı partiyadaşımdan böyük anlayış, qarşılıqlı hörmət və siyasi dözümlülük gözləyirəm.
Son nəticədə Müsavat üçün zərərli olan bu müzakirələri dayandırmağın bu əziz gündə edəcəyimiz ən böyük savablardan biri kimi taleyimizə yazılacağına inanıram”, - deyə İbadoğlu müraciətində bildirib.

Ekspertlər Q. İbadoğlunun müsavatı parçalamaq gücündə olduğunu düşünür. Hansı ki, seçkidən sonra “Seçki ədalətli olmadı, mən Arif Hacılıya deyil, Müsavat rəhbərliyinə məğlub oldum” deməsi onun gələcək addımlarından xəbər verirdi. Onun arxasındakı əsas güclərdən olan Vurğun Əyyubun da seçkinin legitimliyini tanımaması, növbədənkənar qurultay anonsu verməsi də bu istiqamətində gedən proseslərdir.


ADP sədri Sərdar Cəlaloğlu Publika.az-a açıqlamasında (http://publika.az/p/44881) Müsavat üçün yaxşı olmayan gələcək proqnozu verdi. Onun fikrincə, “Müsavat parçalanacaq, Qubad İbadoğlu onu dəstəkləyən intellektual kəsimlə yeni partiya yarada bilər”.

Görünür, İsa Qəmbər təhlükəni hiss edib və dövriyyəyə girməyin vaxtı olduğunu anlayıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR