Moskva İrəvanda güclənir – bölgədə hərbi balans pozula bilər
Bizi izləyin

Nida.az

Moskva İrəvanda güclənir – bölgədə hərbi balans pozula bilər

Rusiya Ermənistanda hərbi bazalarını inkişaf etdirəcək.

Publika.az-ın məlumatına görə, Rusiya müdafiə naziri Sergey Şoyqu Moskvanın Ermənistan da daxil olmaqla Rusiyanın MDB-dəki bütün hərbi bazalarını gücləndirəcəyini deyib.


Bir neçə ay öncə İngiltərənin “The Guardian” qəzeti də iddia etmişdi ki, Rusiya Şərqi Belarus, Qırğızıstan və Ermənistanda hərbi bazalarını gücləndirmək niyyətindədir.


Rusiyanın indiyə qədər Ermənistana hərbi dəstək verdiyi təkzibedilməz faktdır. Yerevanın Bakıya doğru ünvanlanan hərbi ritorikasının arxasında da məhz bu amil dayanır. Moskvanın bu addımı isə Dağlıq Qarabağda münaqişə fonunda güc balansının Ermənistanın xeyrinə dəyişməsi anlamına gələ bilər.

Türkiyə hərbi mənbələri bu ilin avqust ayında Ermənistandakı Rusiya hərbi texnikasının siyahısını mediaya sızdırmışdı. Həmin siyahıya görə, Rusiyanın ermənilərin ixtiyarına verdiyi silahlar aşağıdakılardan ibarətdir:


Döyüş vəziyyətinə gətirilmiş hərbi tanklar – 80 ədəd

Zirehli hərbi texnika (BMD-1, BMP-1, BMP-2, BRDM-2, BTR-80, BRDM-2) – 160 ədəd

Piyadalar üçün nəzərdə tutulmuş zirehli hərbi avtomobillər – 75 ədəd
2А19

Т-12 tipli artilleriya silahları – 85 ədəd

“9k51 Grad” tipli hərbi texnika və silahları – 30 ədəd

“2S3 Akatsiya” tipli özüyeriyən artilleriya qurğusu – 30 ədəd

“D-30” tipli toplar – 60 ədəd

“2S1 Gvozdika” döyüş texnikası – 10 ədəd

“SA-4 Ganef” tipli raket silahları – sayı məlum deyil

“S-75 Dvina” tipli raket silahı – sayı məlum deyil

“Scud-B” raket sistemi – sayı məlum deyil

“ZSU-23-4” döyüş texnikası – sayı məlum deyil

“9K33 Osa” döyüş texnikası – sayı məlum deyil

Hazırda Rusiyanın Gümrüdə 102-ci hərbi bazası və Ermənistanda hələ SSRİ dövründə tikilmiş “Erebuni” təyyarə bazası var. Bununla yanaşı, ötən il Rusiyanın Ermənistanla imzaladığı “hərbi-texniki əməkdaşlığın inkişafı haqqında” müqavilə İrəvan üçün əlavə imkanlar yaradıb. Sözügedən müqaviləyə əsasən, Rusiya və Ermənistanın milli silahlı qüvvələrinin, hərbi birləşmələrinin, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının təmin edilməsi məqsədilə hərbi təyinatı olan malların qarşılıqlı tədarük qaydalarının müəyyən edəcəklər.


Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.az-a açıqlamasında Moskvanın bu addımını Dağlıq Qarabağ münaqişəsinin həllinin uzun müddətə təxirə salınması kimi dəyərləndirib. Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda güclənmək niyyətindədir: “Qərbin Ukraynadan hadisələrindən sonra sərt şəkildə Rusiyaya yaxınlaşması Kremli narahat etməyə bilməz. Hazırda əsas mübarizə zonasının Cənubi Qafqaz olduğu bəllidir. Bundan başqa, Amerikanın Avropadakı hərbi bazaları rusları narahat edir. Çünki Rusiyanın sərhədində olan Baltikyanı və Şərqi Avropa ölkələri, Bolqarıstan, Polşa, Macarıstan NATO üzvüdürlər, yaxud Şimal Alyansı ilə müxtəlif formada əməkdaşlıq edirlər. Varşava müqaviləsindən çıxan kimi bu ölkələrin əksəriyyəti NATO-ya daxil oldular. Moskva buna qarşı nəsə etməli olduğunu anlayır”.


V. Quluzadə qeyd edib ki, Qərb və Rusiya arasında Azərbaycanı uğrunda mübarizə davam edir: “Hər iki tərəf bölgədə əsas güc olmaq istəyir. Hər iki tərəf də bunun üçün Azərbaycanı əldə etməyin vacibliyini anlayır. Lakin Bakı öz siyasi kursundan kənara çıxmaq istəmir. Rusiya Ermənistanda hərbi bazalarını inkişaf etdirməklə həm bölgədə güclənməyi istəyir, həm də bununla Azərbaycana təzyiq etməyə çalışır. Bu bütün hallarda bölgədə güc balansını dəyişəcək və əlavə problemlərə səbəb olacaq”.


Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Publika.az-a açıqlamasında Rusiyanın bu addımının Cənubi Qafqazda qarşıdurmaya səbəb olacağını deyib. Onun fikrincə, Moskva üçün bu bölgə həmişə prioritet olub: “Bu günə qədər də daim Ermənistana dəstək veriblər. İndi mövcud olan hərbi bazaların genişləndirilməsi bölgədə silahlanmanı təşviq edəcək. Azərbaycan öz növbəsində buna qarşı alternativ güclər axtaracaq. Çünki Ermənistanın güclənməsi Dağlıq Qarabağ probleminin həll olunmasını ikinci plana keçirir. Bakı da mütləq bunun üçün nəsə etməlidir. Beləliklə, Cənubi Qafqazda qarşıdurma güclənəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm