Vitse-spiker: “Ermənistan öz vətəndaşlarını da qurban verir” – Müsahibə
Bizi izləyin

Nida.az

Vitse-spiker: “Ermənistan öz vətəndaşlarını da qurban verir” – Müsahibə

Milli Məclis sədrinin müavini, ATƏT Parlamentində Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın Publika.az-a müsahibəsi


- Bahar xanım, Ermənistan helikopteri Azərbaycan səmasından uçan zaman hərbçilərimiz tərəfindən zərərsizləşdirildi. Qarşı tərəf Paris görüşündən sonra işğal etdiyi Azərbaycan torpaqlarında hərbi təlimlər keçirməklə təxribat xarakterli addımlar atdı. Sizcə, Ermənistanın bu addımı danışıqlar prosesini pozmağa yönəlməyibmi?


- 22 ildən artıq bir müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan bununla təcavüzkar siyasətini bir daha nümayiş etdirdi. Təmas xəttinə yaxın ərazilərdə baş verən çoxsaylı insidentlərin məqsədi də diqqəti əsas məsələdən yayındırmaqla problemin özünə yox, ayrı-ayrı elementlərinə cəlb etməkdir. Hesab edirəm ki, son dövrlərdə prezidentlər arasında danışıqların getməsinə, həmsədrlərin müəyyən müsbət məqamların olacağına işarə vurmasına baxmayaraq, reallıqda vəziyyət tamamilə başqa cürdür. Biz son vaxtlar Ermənistanın əvvəlkindən daha çox təxribat xarakterli hərəkətlərə yol verdiyinin şahidi oluruq. Təmas xəttinə yaxın ərazilərdə təlimlərin keçirilməsi bunun əyani sübutudur. Ermənistan ordusu “Dağlıq Qarabağ Respublikası” adlandırılan qondarma quruma aid olduğunu elan edərək, Azərbaycan ərazisində hərbi təlimlər keçirib. Sayı həmin ərazidə yaşayan və Azərbaycan vətəndaşları olan ermənilər və kənardan ora köçürülənlərdən qat-qat çox olan canlı hərbi qüvvənin “DQR” ordusu olması mümkün deyil. Onların bu qədər canlı qüvvəsi, döyüş texnikası, hava hücumuna dair qüvvələrinin olmadığını hər kəs bilir. Bu ordu birmənalı şəkildə Ermənistana məxsusdur. Vurulmuş helikopterin içindəki şəxslərin Ermənistan vətəndaşı olması da bu ərazilərin düşmən ölkə tərəfindən işğal edildiyini bir daha sübut etdi.

Azərbaycan hərbi qüvvələri hava məkanımıza girən helikopteri zərərsizləşdirməklə doğru olan addım atdı. Bu faktın özü ermənilərin və erməni təcavüzünə dəstək verən beynəlxalq dairələri düşünməyə vadar edəcək. Status-kvonun saxlanılmasına yönəlik siyasət yeridiləcəksə, Ermənistan bir o qədər artıq cinayətlərə əl atacaq və bunun üçün öz vətəndaşlarını belə qurban verməkdən çəkinməyəcək.


- Helikopterin vurulmasına görə Azərbaycanı beynəlxalq hüquq baxımından günahlandıra bilərlərmi?


- Azərbaycanın addımları bütün mənalarda adekvatdır. Çünki hava məkanının təhlükəsizliyi, dövlətlərarası münasibətlər, silahlarla nəzarət, qeyri-qanuni birləşmələrin başqa ölkələrin ərazisində yerləşdirilməsi, qeyri-qanuni hərbi birləşmələrin silah-sursatla təmin edilməsi kimi beynəlxalq hüquqla tənzimlənən məsələlər var. Ermənistanın adı bütün bunlarda, eləcə də bu işləri qeyri-qanuni mənbələrdən maliyyə vəsaiti ilə həyata keçirməkdə əsas iştirakçı olaraq hallanır. Bu baxımdan, Azərbaycanın bütün addımları beynəlxalq hüquqa əsaslanıb. Helikopter Azərbaycan ərazisində, təmas xəttinə yaxın yerdə vurulub. Bura Ermənistan ərazisi deyil. Azərbaycanın addımları tam qanunidir. Buna görə heç kimin Azərbaycana hüquqi baxımından təzyiq göstərmək imkanı yoxdur. Əlbəttə, siyasi və digər məqsədlərə görə təzyiqlər ola bilər. Amma Azərbaycan öz mövqelərində ədalətlidir.


- Helikopterin vurulmasına görə həmsədr ölkələr, beynəlxalq dairələr narahtlılıqlarını ifadə etdilər. Amma heç kim Azərbaycanın hava məkanının pozulduğu faktını vurğulamadı. Bu, nədən irəli gəlir?


- Ermənistan beynəlxalq ictimaiyyətin ərköyün və pis uşağı kimi çıxış edir. Onun törətdiyi əməllər, hərbi və insani cinayətlər, eləcə də təcavüzkar siyasət beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalır. Buna görə də helikopterin vurulmasına yeridilən bu siyasət və Ermənistanın təxribat hərəkətlərinin nəticəsi kimi baxılmalıdır. Bütün bu hərəkətlərin məsuliyyəti Ermənistanın üzərinə düşür. Buna diqqət yetirməmək, yalnız faktın özünə və helikopterdə həlak olanlara görə təəssüflənmək, onların ailələrinə başsağlığı vermək məsələnin mahiyyətini kənara qoyub elementlərlə baş qatmaq məqsədi daşıyır. Bu, adekvat yanaşma deyil. Beynəlxalq ictimaiyyət məsələyə köklü yanaşmanı ortaya qoymalıdır. Ermənistan da bundan nəticə çıxarmalıdır. Əks təqdirdə, cəzasızlıqdan doğan məsuliyyətsizlik daim baş alıb gedəcək. Halbuki bu, hazırda Ermənistanın bütün siyasəti və fəaliyyətində açıq-aşkar özünü göstərir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm