Adil Qeybulla: “Ağzından süd iyi gələnlər öyüd-nəsihət verir” – Müsahibə
Bizi izləyin

Nida.az

Adil Qeybulla: “Ağzından süd iyi gələnlər öyüd-nəsihət verir” – Müsahibə

Müsavat Divanının keçmiş üzvü, professor Adil Qeybulla Pubika.az-a müsahibəsində partiyada yaranmış durumu şərh edib.


- Adil bəy, Müsavatda qarşıdurma genişləndikcə tərəflər bir-birinə qarşı təhqirlərdən belə çəkinmirlər. Xüsusilə, narazılara qarşı sosial şəbəkələrdə xüsusi kampaniya aparır. Bu, nədən irəli gəlir?


- Ümumiyyətlə, bizim mentaliteti nəzərə alsaq, həmişə mübahisələrə, bir-birimiz haqqında alt qatdakı fikirləri üzə çıxarmağa meyilliyik. Bu, belə situasiyalarda daha tez ortaya çıxır. 20 ildən çox bir yerdə yol gedən insanların bir-birinə bu dərəcədə münasibəti ürək ağrıdan məsələdir.
Digər tərəfdən, partiyaya yeni qoşulmuş, ağzından süd iyi gələn bəziləri ona-buna öyüd-nəsihət verirlər. Partiyanın rəhbərliyində oturan adamlar bu işə son qoymalıdır. Hər halda bu adamlar elə belə danışmırlar. Onun, bunun adını çəkir, təhqirlər edirlər. Bunlar cəzasızlıq mühitindən irəli gəlir.
Ortada bir tərbiyə olmalıdır. Bu gün Hikmət Hacızadə, Qubad İbadoğlu və digərlərinin ünvanına bu cür ittihamların deyilməsi etikadan uzaq olduqlarını göstərir. Heç kim bu situasiyada qalib olduğunu düşünməsin. Heç kim özünü böyük siyasət ustası hesab edərək bu prosesləri idarə etdiyini ağlına belə gətirməsin. Öz məsuliyyətimizi dərk etməliyik, arxaya baxaraq, getdiyimiz yolu dəyərləndirməliyik. Heç olmasa, öz gələcək statusumuzu düşünməliyik. Bəzi adamlar düşünmədən danışırlar. Onlar heç nədən 20 illik münasibəti yerə vurmağa hazır olanladır. Mən əvvəldən neytral olmuşam. İlk vaxtlar barışdırıcı mövqedə dayanmışam.


- Amma sosial şəbəkələrdə sizin də ünvanınıza ittihamlar, təhqirlər yağır.


- Bundan xəbərim var. Mən “facebook”dan çox istifadə etmirəm, amma mənə çatdırırlar. Bir qız var, nə üzdən tanıyıram, nə də adını bilirəm. “Facebook”da yazıb ki, guya xəstəxanaya gəlib, mən ondan əməliyyat üçün nə qədərsə pul istəmişəm. Halbuki, mən dövlət xəstəxanasında işlədiyim vaxtla minlərlə müsavatçını pulsuz əməliyyat etmişəm. Bu gün rəhbərlikdə oturub bizim ünvanımıza sifarişli təhqirlər yazdıranların ailə üzvlərini nə qədər kömək etmişəm. Onlar hansı vicdanla belə şeylər yazdırırlar?! Bu adamlar hər cür iftira atmağa hazırdırlar. Kənardan bəzilərinin qardaşları Müsavatda mənəviyyat simvolu hesab edilən şəxslərdən yazırlar. Axı mənəviyyat simvolu olanlara hansı hörmət qoyuldu? Ünvanımıza bu qədər təhqir olan vaxt nə etməliyik? Mən onların səviyyəsinə düşüb cavab vermək istəmirəm. Amma bu, olduqca ürək ağrıdan mənzərədir.


- Sizcə, yeni rəhbərlik vəziyyəti düzəltmək üçün nəsə edə bilərmi?


- Ağıllı başqan olsaydı, bu konflikt çoxdan həll olunmuşdu. Amma bu gün partiyanın bütün strukturlarını zəbt ediblər. Divanı, Məclisi öz istədikləri kimi qurublar. Sonra da gəlin barışaq deyirlər. Qurultayda partiya iki yerə bölünüb. Bir hissəsi rəhbərlikdə təmsil olunursa, digər hissəsinin haqları niyə tanımır? Kifayət qədər sanballı olan bu adamlar harada təmsil olunmalıdır? Belə vəziyyətdə necə qucaqlaşmaq olar?


- Yeni rəhbərlik nə üçün baş verənlərin qarşısını almaq istəmir?


- Bəzi insanların şəxsiyyət kimi konturları çətin situasiyalarda daha aydın görünür. Vaxtilə ideallaşdırılan, zirvələrə qaldırılan insanların sonradan cılız hisslərlə yaşadığı ortaya çıxır. Buna çox təəssüf edirik. Cəmiyyət Müsavatın düşdüyü durumu, üzvlərini qovmasını, bir qrupun partiyasına çevrildiyini görür. Belə olanda Müsavat Rəsulzadənin partiyası olmaq hüququnu itirmiş olur. Bununla yanaşı, Azərbaycanda heç bir siyasi təşkilat, o cümlədən Müsavat müsavatçılıq haqqını inhisara ala bilməz. Bu millətə aid olan ideologiyadır. Müsavatçılıq yolunda Müsavat Partiyasının üzvlərindən kifayət qədər fədakarlıq edən həm fərdlər, həm təşkilatlar var. Məsələn akademiyanın cümhuriyyət şöbəsi müsavatçılıqla bağlı kifayət qədər tədqiqatlar aparıb. Təkcə Şirməmməd Hüseynov bir partiyadan artıq iş görüb. Cəmiyyətdə hər kəsin, hər qurumun öz yeri var. Hər birini dəyərləndirməyi bacarmalıyıq. Yoxsa, “103 illik partiyayam, mənə heç kim heç nə edə bilməz” demək olmaz. Partiyadan bu qədər adam ayrılır, amma heç kimin vecinə deyil. Sanki kənar bir əl var və bu əl fikir plüralizminin əleyhinə çıxaraq, yad fikirlilərin uzaqlaşmasını, partiyanın xırda quruma çevrilməsini ssenariləşdirir. “Əsas odur Müsavat möhürü olsun” deyə düşünürlər. Amma partiyanı belə idarə etmək olmaz. Bu böyük mənəvi cinayətdir. Bu cür davam edəcəksə, Müsavat Partiyası Rəsulzadənin adını daşımağa mənəvi hüququnu itirmiş olacaq.


- Sizcə, ortaq yol tapmaq mümkün olacaqmı?


- Başqa yol yoxdur. Ambisiyalar bir kənara qoyularaq konsolidasiya yolu tapılmalıdır. Əgər buna gediləcəksə, bu situasiyadan xilas olacağıq. Destruktiv yol tutmaq hansısa formada müvəqqəti qələbə eyforiyası yarada bilər, amma bunun altında böyük fəlakət gizlənir.


- Növbədənkənar qurultayın olması tələbələri səslənir. Sizcə, bu mümkün ola bilərmi?


- Niyə də mümkün olmasın? Bu alternativ variantlardan biridir. Hər-halda konsensus tapılmalıdır. Yoxsa, mən idarədə oturmuşam, gəlin görüşək deməklə bitmir. Görüşsək belə, nədən danışacağıq? Partiyanın bütün strukturları formalaşıb. Divana, Məclisə baxın. Görün nə gündədir. Belə olanda hansı danışıqdan söhbət gedə bilər. Ona görə də hansısa konsensusdan danışırqsa, mütləq ictimaiyyətin gözü önündə olmalıdır. Partiya olaraq bu missiyanı üzərimizə götürmüşüksə, cəmiyyət qarşısında məsuliyyət daşıyırıq. Dialoq, yaxud hansısa müzakirə cəmiyyətdən qətiyyən gizlədilməməlidir.


- Adil bəy, yeni rəhbərlikdə təmsil olunanlar narazıları iqtidara işləməkdə ittiham edirlər. Bu haqda Divanın bəyanatında da, Arif Hacılının açıqlamasında da deyilir.


- Bu gün iqtidarın Müsavatın işinə qarışması marağı yoxdur. Ortada sadə bir məntiq var. Əgər bir partiya normal mitinq keçirdə, cəmiyyətdəki proseslərə təsir edə bilmirsə, iqtidarın o təşkilatla hansı dialoqu ola bilər, yaxud təşkilat daxilində hansı prosesin baş verməsində maraqlı olar?

İqtidarı bir kənara qoyub situasiyaya baxaq. Qurultay nəticələri partiyada iki böyük fraksiyanın olduğunu göstərdi. Bir fraksiya bütün rəhbər strukturları tutublar, ikinci fraksiya isə kənarda qalıb. Burda iqtidarın nə günahı var? Sadəcə olaraq, bu cür ittihamlar Azərbaycan Xalq Cəbhəsi yaranan gündən onun genotipinə atılan xəstə virusdur. O vaxtdan hər kəs bir-birini satqınçılıqda ittiham edirdi. Filankəs dünən “Avrora” çəkirdi, bu gün “Marlbro” çəkir, deməli nəsə var. Bu cür cılız ittihamlar onların genotipindədir. Bundan təmizlənmək mümkün deyil. Heç nəyə nail ola bilməyənlər digərlərinə daim irad tutur, mənasız fikirlər səsləndirirlər. Misal üçün, mən nazir işləməmişəm, həkiməm. Həbsxanada oturanda da öz ailəmi dolandırmışam. Sənətimi mənim əlimdən kim ala bilər? Vurğun Əyyubu işləməkdə ittiham edirlər. Adam Qarsda işləyib, yaxud başqa yerdə. Onu iqtidarla separat danışıqlarda ittiham etmək ən azı ləyaqətsizlikdir. Ümumiyyətlə iqtidarla əməkdaşlıq ittihamları siyasi demaqogiyadan başqa bir şey deyil. Məsələni həll etmək əvəzinə insanlara yarlıqlar yapışdıraraq məsuliyyətdən yayınmaq istəyirlər. Amma bu mümkün olmayacaq. Çünki bu tarixi məsuliyyətdir. Sabah biz də əlimizə qələm alıb tarix yazmaq gücündəyik.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm