Nida.az
Eldar Namazovdan Cəmil Həsənlinin ittihamlarına cavab – MÜSAHİBƏ
"Bəzən adamı məcbur edirlər ki, onunla onun dilində
danışasan"
Son zamanlar Milli Şura ətrafında baş verənlər,
xüsusilə qurumun dağılması və istefaların artan xətt üzrə davam
etməsi diqqət mərkəzindədir. Bir neçə gün əvvəl mətbuata geniş
müsahibə verən Milli Şuranın sədri Cəmil Həsənli bəzi məsələlərlə
əlaqədar olaraq “El Hərəkat”ının lideri Eldar Namazovu ittiham
edib. Ona görə də “EL” Hərkatının sədrinin bu iddialara
münasibətini öyrənməyə çalışdıq.
Eldar Namazov isə Qaynar.info-nun suallarını belə cavablandırdı:
- Eldar bəy, Milli Şuranın yaradılması ilə bağlı mart, aprel və may aylarında siyasi qüvvələrlə intensiv danışıqlar prosesini siz apararaq ciddi səs-küyə səbəb olan bu prosesi çətinliklə olsa da, başa çatdırmısınız. Ancaq bu gün Milli Şura sədri Cəmil Həsənlinin sizə qarşı ciddi ittihamları var…
- Bilirsiniz, əslində, müzakirələr və təhllilər olduqca
vacibdir. Normalda seçkilər başa çatdıqdan sonra belə böyük
koalisiyalar daxilində müzakirələrin başlanması qaçılmazdır. Çünki
yeni mərhələ başlayır. Bu mərhələdə təşkilat qarşısına hansı
məqsədlərin qoyulması, onun fəaliyyətinin müəyyənləşdirilməsi üçün
keçilən yola nəzər salınmalı, hansı addımların düz, hansıların isə
səhv olduğu müəyyən edilməli, nəticələr çıxarılmalıdır. Seçki
bitdikdən sonra bu haqda Milli Şura daxilində bir çox şəxslər
düşünürdülər. Məsələn, həmin dövrdə tanınmış hüquqşünasımız Ənnağı
Hacıbəylinin “Azadlıq” qəzetində Milli Şuraya aid analitik
məqaləsini oxudum və dərhal ona telefon açaraq təşəkkürümü
bildirdim. Amma təəssüflər olsun ki, biz çox əcayib mənzərə ilə
rastlaşdıq. Artıq son ayda bir neçə dəfə Milli Şuranın daxilində
gedən proseslər, keçdiyi yolla bağlı analitik təhlil aparan və
mətbuatda çıxış edən insanlara qarşı şər-böhtan kampaniyasına şahid
olduq. Sanki Milli Şura haqqında ancaq “hər şey çox əla oldu,
kampaniyanı yüksək səviyyədə apardıq, Cəmil Həsənli 65 faiz səs
toplayıb, hər şey əladır” fikirlərini demək olar. Bundan kənara
çıxan, problemlər haqqında təhlil aparan insanlara qarşı dərhal
böhtan kampaniyası başlayırdı. İlk dəfə belə proseslə mən mətbuata
hadisələrin təhlil ilə əlaqədar verdiyim müsahibə zamanı
qarşılaşdım. Fikirlərimdə də qeyd etmişdim ki, Milli Şura
transformasiyaya uğrayır, bu əvvəlki Milli Şura deyil. Bunu deməkdə
mənim əsaslarım var idi. Çünki Milli Şuranı təsis edən partiyaların
rəhbərləri, Milli Şura üzvləri qurumu tərk edirdilər. Beləcə yeni
vəziyyət yaranır, proses artan xətt üzrə inkişaf edirdi. Amma eyni
zamanda mən qeyd edirdim ki, bu yeni mərhələnin başlanmasıdır və
çalışmaq lazımdır ki, maraqları uzlaşdıraraq Milli Şuranı qoruyub
saxlayaq. İndi isə bunu hamı deyir. Çünki göz qarşısında gedən
prosesi danmaq mümkün deyil. Mən bu haqda mətbuata açıqlama
verdiyim gün bu mövzuda başqa bir analitik məqalə çap olundu.
Məqalənin müəllifi “El Hərəkat”ının rəhbərliyində təmsil olunan
Zəfər Quliyev idi. Amma Cəmil Həsənlidən dərhal açıqlama gəldi ki,
“Yeni Müsavat”da Koordinasiya Şurasının siyahısı çap edilib və bunu
qəzetə “El Hərəkat”ından ötürüblər. Bu ittihamı eşidəndə, mən
əvvəlcə bunu bizim tənqidi fikirlərimizlə əlaqələndirmədim. Güman
etdim ki, kimsə Cəmil Həsənliyə yanlış informasiya verib. Özüm də
Cəmil Həsənliyə müraciət etdim, görüşüb söhbət etdik. Ona aydın
şəkildə bir vacib məqamı izah etdik.
- Söhbət hansı məqamdan gedir?
- Bu ondan ibarətdir ki, onun mənim elektron ünvanıma göndərdiyi
məktubu mən “El”in rəhbərliyinə təqdim etməmişdim. Düzdür, bizim
İdarə Heyəti dekabrın 30-da toplaşmışdı. Bu daha çox Yeni il və
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı toplantı idi.
Orada heç kimə sənəd paylanılmamışdı. Mən İdarə Heyətinə şifahi
şəkildə məlumat verdim ki, Cəmil Həsənli tərəfindən bizə belə bir
müraciət daxil olub. İdarə Heyəti də mənim verdiyim şifahi
informasiya əsasında müzakirə apardı və qərar çıxartdıq. Bu
məktubun elektron və ya çap edilən forması nəinki kənara, heç İdarə
Heyətinin üzvlərinə də təqdim edilməyib. Mən bütün bunları
C.Həsənliyə izah etdim. Bundan sonra biz güman edirdik ki, Cəmil
müəllim bunu nəzərə alaraq “El”ə qarşı irəli sürdüyü ittihamlara
aydınlıq gətirəcək. Amma təəssüflər olsun ki, Cəmil müəllim bu
məsələni şişirtmək xəttini seçdi.
- Bu izahatdan sonra Cəmil Həsənli konkret olaraq hansı
addımlar atdı?
- Bundan sonra Cəmil müəllim “Azadlıq” radiosuna çıxaraq
ittihamları bir növ davam etdirdi.Cəmil müəllim radioda çıxış
edərkən üç məqamı qeyd etdi. Dedi ki, Koordinasiya Şurasında
AXCP-dən yalnız iki nəfər var: Əli Kərimli və Kamil Vəli
Nərimanoğlu. Əlavə etdi ki,Koordinasiya Şurasında ancaq partiya
sədrləri və Milli Şuranın komissiya rəhbərləri salınıb. Orada da
bizim verdiyimiz əsaslı izahata rəğmən yenə də Koordinasiya
Şurasının siyahısını “El Hərəkat”ından “Yeni Müsavat”a ötürülməsinə
eyham vurdu. Əslində, Cəmil müəllimin dediyi hər üç məsələ
həqiqətəuyğun deyildi. Əlbəttə, Xədicə İsmayılova təcrübəli
jurnalistdir və mənim ona qınağım yoxdur. Sadəcə olaraq onun
qarşısında bir ziyalı əyləşib danışdığı üçün Xədicə xanımın ağlına
da gəlmirdi ki, bu dediyi sənədlərlə bağlı saytları açıb baxsaydı,
əlavə suallar verərdi. Deyərdi ki, Cəmil Həsənli, sən deyirsən
AXCP-dən Koordinasiya Şurasına iki nəfər daxil edilib, amma burada
AXCP Ali Məclisinin sədri Həsən Kərimovun da adı var. Deyirsən
ancaq partiya sədrləri və Komissiya sədrləri Koordinasiya Şurasına
daxil edilib, amma tərkibə fəaliyyətinə 2 ay əvvəl xitam verilən
Seçki Qərargahından da üç nəfər salmısınız. Halbuki bu qurum artıq
mövcud deyil. O cümlədən də, “El” Hərəkatından kiminsə məktubu
“Yeni Müsavat”a ötürməsi haqda iddia yalan idi. Efirdən deyilən bu
üç məsələnin heç biri həqiqətəuyğun deyildi. Ancaq dəhşətlisi bu da
deyildi. Bir neçə saatdan sonra Cəmil Həsənli ilə danışan şəxslər
bizə xəbər verdilər ki, Cəmil müəllimin mənim elektron ünvanıma
göndərdiyi məktub təxminən 20 nəfərdə də var. Hətta bu məktub Milli
Şura üzvü olmayan bəzi partiya sədrlərində də var. Və məktubu “Yeni
Musavata” kimlər çatdırıb – təqribən bəllidir və El hərəkatına
aidiyyatı yoxdu. Sadəcə olaraq, Cəmil Həsənli Zəfər Quliyevin
analitik məqaləsindən və mənim müsahibəmdən qıcıqlanıb və bizə
cavabı bu formada verib və bunu heç gizlətmir də. Onda mən bir
məqamı xatırladım. Cəmil Həsənli bizi ittiham etdiyi bəyanatında
bir cümlə işlətmişdi: niyə Eldar Namazov öz müsahibəsində qeyd
etməyib ki, Milli Şuranı Cəmil Həsənli xilas edib. Həm də mən,
Cəmil müəllimlə görüşüb məktubun bizim hərəkat tərəfindən
ötürülməsi haqda iddianın yalan olduğunu izah edən zaman, o mənə
Zəfər Quliyevin məqaləsindən sitat gətirdi və dedi ki, mən bundan
narazıyam. Hər şey artıq çılpaqlığı ilə aydın oldu. Mən anlayıram
ki, həyatda çoxları belə hallarla rastlaşıb və belə adamlar da
olur. Sən hansısa ciddi elmi, siyasi, ictimai proseslərlərlə bağlı
arqumentlər əsasında müzakirə aparırsan, hansısa addımın düzgün
olmadığını əsaslandırırsan. Qarşı tərəf də arqument tapmayanda
deyir: “Qonşunun inəyini aparıblar, yəqin, onu sən
oğurlamısan”.
Adətən, belə şəxslərlə apardığın diskussiyanı o dəqiqə kəsməli
olursan. Çünki görürsən ki, adam haqlı olmayanda sənə qarşı
şər-böhtan atır. Son bir ay ərzində biz ikinci dəfə bu mənzərə ilə
rastlaşdıq. Mənim mətbuatda açıqlamalarım getdi, mən bu açıqlamam
zamanı Milli Şuranın keçdiyi yolu təhlil etdim, müəyyən faktlar
qeyd etdim. Amma Cəmil Həsənli yenə də mənim təhlil və
arqumentlərimə qarşı heç bir mətləbə aidiyyəti olmayan şəxsi
müstəviyə yönələn ittihamlara əl atdı. Bu çox təəssüfedici haldır.
Əslinə qalsa bu yanaşmanın özü də, “Milli Şurada niyə dağılma
prosesi gedir?”, “Nə üçün ötən ilin mayında aralarında olan
narazılıqları kənara qoyaraq birləşən qüvvələr bir-birilə
münasibətləri korlayıb dağılma prosesi başlatdı?” suallarına
aydınlıq gətirir. Əlbəttə, nəzərə almaq lazımdır ki, Cəmil müəllim
bu günə qədər heç bir təşkilata rəhbərlik etməyib. Milli Şura isə
bir təşkilat deyil, bu qurumda çoxlu sayda təşkilatlar və fərdlər
birləşir. Burada qarşı tərəfə qulaq asmaq, arqumentləri nəzərə
almaq, toqquşan maraqları uzlaşdırmaq kimi ciddi məsələlər var.
Bunları nəzərə almadan Milli Şuranı nə qurmaq, nə də qoruyub
saxlamaq olardı. Ancaq Milli Şurada vəziyyəti təhlil etmək əvəzinə,
mənə qarşı həqiqətəuyğun olmayan, bir qədər də açıq böhtan
xarakterində olan ittihamlar irəli sürüldü. Mən 30 ilə yaxındır ki,
ictimai-siyasi fəaliyyətlə məşğulam. Məni tanıyanlar bilir ki,
məsələlərə hər zaman dözümlü yanaşıram, ciddi mövzuları şəxsi
müstəviyə kecirmirəm. Çalışıram ki, aparılan müzakirələr
cəmiyyətimiz üçün faydalı olsun. Amma bəzən adamı məcbur edirlər
ki, onunla onun dilində danışasan. Çünki başqa yanaşmanı zəiflik
kimi qəbul edib şər-böhtanları artan xətlə davam etdirirlər. Yəqin,
həmin “məktub” məsələsinin əsl səbəblərini vaxtında biz abrımıza
sıxıb ictimayəlişdirməməyimiz onların yalan kampaniyasını davam
etdirmək üçün bir qədər də “ruhlandırıb”.
- Cəmil Həsənli iddia edir ki, avqust ayında keçirilən
mitinqə Eldar Namazovla Rəsul Quliyev təşkilatçılıq edib və bu
mitinq çox pis alınıb.
- Uydurmadır. Hamı bilir ki, Milli Şuranın Mitinq Komitəsi AXCP-yə
həvalə olunmuşdu və bu prosesə AXCP sədrinin müavini Asəf Quliyev
rəhbərlik edirdi. Mənim bu mitinqə nə ideya, nə də təşkilatçılıq
baxımından aidiyyətim yox idi. Həmin dövrdə mitinqin təşkili ilə
məşğul olan şəxslərdən biri yanıma gəldi və soruşdu ki, “El
Hərəkat”ı mitinqə nə qədər adam gətirə bilər. Mən də ona sual etdim
ki, başqaları bu haqda nə deyir? Dedi ki, bir partiya 10 min nəfər
gətirəcəyini bildirir, digəri 5 min, o biriləri 3 min və s. Mən də
dedim ki, bu rəqəmlər inandırıcı görünmür. Çünki aksiya “20-ci”
sahədə keçirilir, ora ucqar yerdir, hakimiyyət ora insanları
gətirməyə mane olacaq, uzun müddətdir ki, mitinqlər olmayıb, yayın
cox isti zamanıdı və s. Sonra da dedim ki, biz “El” Hərəkatı olaraq
çalışacağıq ki, minə yaxın insanı mitinqə gətirək, qalanlarının
dedikləri isə inandırıcı deyil. Dedilər ki, cox gözəl, siz bir neçə
ay bundan əvvəl yaranan təşkilatsıniz, elə o gədər da adam gətirin,
qalanları isə 20-25 min civarında adamları təşkil edəcəklər. Mitinq
başlayanda ilk çıxış edən Müsavat başqanı meydana baxaraq
müsavatçıları, cəbhəçiləri və “El”çiləri salamladı. Çünki orada
kimlərin adam gətirdiyi görünürdü. Mitinqdən sonra təşkilatçılar
etiraf etdilər ki, Eldar Namazov dediyinə yaxın adam gətirdi, amma
“10 min adam gətirəcəyik” sözü verənlər yalnız 10 faizini gətirə
bildilər. Bir daha qeyd edirəm ki, həmin mitinqin təşkilati işləri
ilə mən məşğul olmamışdım və öncədən də bu məsələyə obyektiv
münasibət bəsləyirdim. İndi yalandan “Mitinqə Eldar Namazov
təşkilatçılıq edib və bu mitinq alınmayıb” demək heç bir məntiqə və
etikaya sığmır.
- İddialardan biri də sizin komissiyaları işlədə
bilməməyinizlə bağlıdır. Doğurdanmı siz Milli Şuranın Sədr
Aparatına rəhbərlik edərkən komissiyaların fəaliyyətinə nail ola
bilməmisiniz?
- Mən aparatın rəhbəri idim, komissiyanın sədrlərini isə Milli
Şuranın Ali orqanı - sessiyası seçirdi. Bu qurumlarda sessiya
qarşısında cavabdeh idi. Komissiya sədrlərinin hamısı cəmiyyətdə
tanınmış şəxslər idi. Heç mənim mandatıma bu komissiyaları işlətmək
daxil deyildi. Ancaq buna baxmayaraq, bir müddətdən sonra gördüm
ki, komissiyaların fəaliyyəti yoxdur və onlarla toplantı keçirdim.
Dedim ki, sessiyanın qərarı var, komissiyalar qarşısında müəyyən
məqsədlər qoyulub, əgər bu istiqamətdə siz iş görsəniz biz də Sədr
Aparatı olaraq sizə hər cür köməklik edərik. Yeri gəlmişkən, Cəmil
Həsənli də bu komissiyalardan birinə - Qarabağ komissiyasına
sədrlik edirdi və bu günə qədər də sədrlikdə qalır. İndi Cəmil
Həsənli sədri olduğu Qarabağ komissiyası bu günə qədər bir iş
görməyibsə, deməli, Eldar Namazov onu işlədə bilməyib? Əgər kimsə
kənardan bu komissiyaları işlətməlidisə, Cəmil Həsənli Milli
Şuranın sədri, vahid namizədi və komissiya sədri kimi özü-özünü
işlədərdi də. Ona kim mane olurdu?
- Cəmil Həsənli bildirir ki, Eldar Namazov seçkilərə
qatılmaq istəyirdi, onun mandatı var idi və s.
- Bəli, Milli Şuraya daxil olan siyasi qüvvələrdən çoxunun
seçkilərə qatılmaq niyyəti olub. Hətta Müsavat və KXCP bununla
bağlı rəsmi qərar çıxarmışdı. Mən və digərləri isə bu haqda
düşünürdük, bəzi hazırlıq işləri də gedirdi. Amma Milli Şura
ideyası meydana gələndə biz hamımız qərara gəldik ki, seçkilərdə
siyasi qurumların rəhbərləri bir addım geriyə çəkilməli, müstəqil
bir namizədi irəli sürməliyik. Əvvəlcə söhbət Rüstəm İbrahimbəyov
haqda gedirdi, sonra Rafiq Əliyev haqqıda çox deyilirdi, Cəmil
Həsənli və Mehman Əliyev barədə də danışılırdı. İkinci dəfə
seçkilərə qatılmaq imkanı siyasi qurumların rəhbərləri ücün “yeni
vahid namizəd yoxsa bir neçə namizəd ilə” seçkilərə qatılmaq
mövzusu meydana gələndə yarandı. Yeni vahid namizəd ideyası 1 səs
çoxluğu ilə qəbul ediləndə, mən yaranmış parçalanmanı aradan
qaldırmaq və hamının bu qərar ətrafında birləşdirmək üçün əlimdən
gələni etdim. Əslində, siyasi qurumun sədrini seçkilərdə iştirak
etmək haqda düşündüyü üçün ittiham etmək anormal haldır. Mandata
qalsa deyim ki, mənə belə bir mandat verilmişdi. Çünki demokratik
düşərgənin bir qismi İctimai Palatada, digər bir qismi isə Məşvərət
Məclisində təmsil olunurdu, Ziyalılar Forumu, ictimai qurumlar və
gənclər təşkilatları isə ayrı idi. Mənə verilən mandat bu qurumları
bir araya gətirməkdən ibarət idi. Milli Şura yaranda isə mənim onun
aparat işləri ilə məşğul olmağım dəvəni toya çağırmaq kimi bir şey
idi. Mənim bu müddətdə nə qədər mandatım oldusa, səlahiyyət
baxımından bundan ikiqat çox mandat məndən sonra Cəmil Həsənlidə
oldu. O, həm Milli Şuranın vahid namizədi, həm də sədri oldu. Mənim
mandatım zamanımda ortada ancaq Milli Şura ideyası var idi, amma
böyük təşkilat yarandı, meydana çıxdı, ölkə daxilində və xaricində
nüfuz qazandı. Hətta vahid namizədin seçkilərə qatıla bilməyəcəyi
haqda forsmojor vəziyyət yarananda biz bu böhrandan bir necə günün
ərzində çıxdıq, Milli Şuranı qoruduq, yenidən birləşdirdik və seçki
kampaniyasına getdik. Biz sessiyaya gələndə onlarla tanınmış
adamlar qarşımızı kəsib deyirdi ki, biz lazım olan sayda imza
toplamışıq, Milli Şuraya daxil olmaq istəyirik, bu məsələni
müzakirə edin. Mənim mandatım dövründə bu proseslər oldu. Əlbəttə,
nöqsanlarda, çətinliklərdə oldu və onlarin qarşısı da alınırdı.
Əzizim, sənin məndən ikiqat böyük mandata sahib olduğun dövrdə
nələr baş verdi? Seçkilərdə bir neçə yüz min səs toplandı. Bu isə
1998-ci ildə Etibar Məmmədovun, 2003-cü ildə İsa Qəmbərin topladığı
səslərdən bir neçə dəfə az idi. Üstəlik, Milli Şuranın daxilində
parçalanma başladı, əksər siyasi liderlər bu qurumdan çıxdı. Artıq
Milli Şura üzvlərinin təqribən 30 faizi istefaya verib və bu davam
edir. İndi sən nə mandat davası döyürsən? Mandatı kimin nə cür
istifadə etdiyi göz önündədir.
- Sizə qarşı irəli sürülən ittihamlardan biri də odur ki,
Seçki Qərargahına rəhbərlik etdiyiniz müddətdə İbrahimbəyovla bağlı
sənədlərin hazırlanmasına 12 gün sərf etmisiniz, amma Cəmil
Həsənlinin seçki qərargahı bu işi 12 saata edib.
- Bu da həqiqətəuyğun olmayan məsələdi. Təəssüflər olsun ki, o
dövrdə Rüstəm müəllimin namizədliyi məsələsi gündəmdən çıxmışdı və
bəlli idi ki, o seçkilərdə iştirak edə bilməyəcək. Bu səbəbdən də,
Seçki Qərargahı fəaliyyətə başlaya bilmədi. Söhbət ehtiyat vahid
namizədin irəli sürülməsi ilə paralel olaraq Rüstəm müəllimin
namizədlik məsələsinin məhkəməyə daşınmasından gedirdi. Bununla da
mən yox, təşəbbüs qrupunun rəhbəri, hörmətli hüquqşünaslar məşğul
olurdu. Bu o qədər aydın məsələ idi ki, AXCP və Müsavat ümümiyyətlə
təşəbbüs qrupuna adam göndərmədi, əsas proses yeni vahid namizədin
etrafında gedirdi. Amma mən bu işə rəhbərlik edən insanları
qınamağı heç kimə rəva görmürəm. Ona görə ki, Cəmil Həsənlidən
fərqli olaraq Rüstəm müəllim Moskvada idi. Hüquqşünaslar da bir
neçə dəfə sənədləri Moskvaya göndəriblər. Bu sənədlər rus dilinə
tərcümə edilib, Rüstəm müəllim tərəfindən imzalanıb və Moskvada
notarius də təsdiq edildikdən sonra Bakıya qaytarılıb. Burada
sənədlər yenidən Azərbaycan dilinə tərcümə edilib yenə notariusda
təsdiq elətdirdikdən sonra hazırlanırdı. Bütün bunlar həmin
hüqüqşunaslar üçün kifayət qədər üzücü bir prosesə cevrilmişdi.
Rüstəm müəllimin namizədliyini irəli sürəcək təşəbbüs qrupunun
toplantısı isə bir gündə işini başa çatdırmışdı.
- Eldar bəy, Cəmil müəllim həm də bildirib ki, onun vahid
namizəd olmasına qarşı üç nəfər çıxıb: Siz, Rəsul Quliyev və bir də
onun özü. Siz hansı səbəblərdən Həsənlinin vahid namizəd olmasını
qarşı idiniz?
- Bu da həqiqətəuyğun deyil. Ehtiyat vahid namizədin müəyyən
olunduğu sessiyada mən birinci çıxış etdim və hamıya müraciət
edərək dedim ki, başqa namizəd haqda düşünən insanlarda Cəmil
Həsənliyə səs versinlər. Xüsusilə, qeyd etdim ki, biz Cəmil
müəllimə ancaq hüquqi mandat verməli deyilik, o sadəcə səs çoxluğu
ilə vahid namizəd seçildi, həm də siyasi mandat verilməli, onu
yekdilliklə seçməliyik ki, çıxıb cəmiyyət qarşısında Milli Şura
adından danışa bilsin. Burada yolverilməz böhtanlardan biri də mən
və Rəsul Quliyevlə bağlı məhəlli faktorlara işarə etməkdir.
Əslində, heç bir ziyalıya yaraşmır ki, bu cür iyrənc oyuna getsin.
Qeyd edim ki, mən ilk dəfə Rəsul Quliyevlə Milli Şurada bir blokda
birləşmişəm. Son illərdə isə bizim mövqeyimiz bir neçə dəfə
üst-üstə düşüb. Biz 2003-cü il prezident seçkilərində qarabağlı İsa
Qəmbərə dəstək vermişik. 2013-cü ildə isə var gücünmüzlə çalışmışıq
ki, əslən şirvanlı olan böyük ziyalımız Rüstəm İbrahimbəyov vahid
namizəd olsun. İndi hansı məhəlli faktorlara eyham vurduğunu mən
anlamıram. Əslində, belə şeylərə haqsız eyham vuranların özləri
adətən bu xəstəliyə düçar olanlardır. Onun ilk günündən son günə
kimi müdafiə komitəsinə rəhbərlik etdiyi yerlisi Fərhad Əliyev
dəfələrlə hakimiyyətdən əfv xahişi etmişdi, seçkilərdə də İlham
Əliyevi dəstəklədiyini elan etdi və bunun müqabilinddə azadlığa
buraxıldı. Cəmil Həsənli bu hala dolayısı ilə haqq qazandırdı.
Zindanda olan akademik Əli İnsanov isə həm Milli Şuranın
yaranmasına dəstək verdi, həm də İbrahimbəyovun və sonra da Cəmil
Həsənlinin namizədliyini müdafiə etdi, ona səs verdi və bunu bəyan
elədi. Amma Cəmil Həsənli çıxışları zamanı siyasi məhbusların adını
çəkərkən Əli İnsanovun adını bir dəfə də çəkmirdi. Artıq məsələ o
dərəcəyə çatmışdı ki, bir çoxları bunu ona irad tuturdular, amma
yenə də dilinə gətirmirdi. Nəhayət bir dəfə sessiya zamanı Cəmil
Həsənli siyasi məhbusların adını çəkəndə adəti üzrə Əli İnsanovun
adının üzərindən keçdi. Bu zaman İsa Qəmbər kağız parçası üzərinə
“Əli İnsanovun adını çəkmək lazımdır” yazaraq Cəmil müəllimə
göndərdi. Bundan sonra Cəmil Həsənli məcbur olub Əli İnsanovun
adını çəkdi. İndi bu adam hansı əsasla başqalarını məhəlli
məsələlərə görə, ittiham edir? Bu iyrənc və eyib məsələdir.
- Cəmil müəllim həm də açıq bildirir ki, məhz sizin Sədr
Aparatına rəhbərlik etdiyiniz zaman Milli Şurada təmsil olunan altı
partiyadan ikisi bu qurumu tərk edib. Sizinlə bu partiya liderləri
arasında hansı fikir ayrılıqları olub?
- Biz əvvəldən qərara gəlmişdik ki, vahid namizəd olacaq şəxs həm də bütün proseslərə rəhbərlik etsin. Həmin dövrdə artıq Cəmil Həsənli vahid namizəd idi və de-fakto sədrlik səlahiyyətini icra edirdi. Həm sessiyanı aparırdı, həm də hər şeyi özü müəyyənləşdirirdi. Partiyaların Milli Şuradan getməsi haqda dedikləri isə həqiqətdən cox uzaqdır. Liberal Partiyanın Milli Şuradan getməsi hər kəsin gözü önündə olub. Liberal Partiyanın sədri Əvəz Temirxan xahiş etdi ki, sessiyada partiya lideri Lalə Şövkətin istefası ilə bağlı adı hallanmasın və partiyaları Milli Şurada qalıb fəaliyyətini davam etdirmək istəyir. Bu nə çətin problem idi? Bunu həll etmək əvəzinə Cəmil Həsənli Əvəz Temirxana üstünə bozardı ki, siz mənə göstəriş verə bilməzsiniz nəyi demək olar, nəyi olmaz, mən özüm bilirəm. Bu sözlərdən sonra da liberallar ayağa qalxıb zalı və Milli Şuranı tərk etdilər. Əslində, bu çox sadə həll ediləcək məsələ idi və onu yoluna qoymaq olardı. Onsuz da başqaları Milli Şuradan çıxanda Cəmil müəllim ad çəkmədən deyir ki, gedənə yaxşı yol...
Rəsul Quliyevin getməsini götürək. Cəmil Həsənlinin
namizədliyindən sonra Rəsul Quliyev açıqlama verirdi ki, bu
namizədlə uğur qazanmaq olmayacaq. Baxmayaraq ki, Rəsul Quliyev
həmin dövrdə bu proqnozları verəndə mən də narahat idim və
düşünürdüm ki, seçki kampaniyasının başa çatmasını gözləmək, ondan
sonra isə təhlillər aparmaq olar. Amma Rəsul Quliyev deyirdi ki,
Milli Şuradan çıxmaq haqda qərarı yoxdur, şura gələcək fəaliyyət
planını müəyyən etməlidir, strategiya aydınlaşmalıdır. Rəsul
Quliyevin Milli Şuradan çıxarılması məsələsinin müzakirə edildiyi
sessiyada mən iştirak etməmişəm. Amma mənə dedilər ki, Cəmil
Həsənli müəmmalı formada Rəsul Quliyevi Milli Şuradan uzaqlaşdırıb.
Hətta Sülhəddin Əkbər “Bu necə səsvermədir”, - deyə müraciət edib.
Cəmil Həsənli isə bildirib ki, lazımı qədər səs toplanıb. Və beləcə
liberallardan sonra Rəsul Quliyev də Milli Şuradan uzaqlaşdırılıb.
Rəsul Quliyev Cəmil Həsənlini vahid namizəd kimi qəbul etməməyinə
görə Milli Şuradan cıxarılmalı idi? İndi Rüstəm İbrahimbəyovun
namizədliyini qəbul etməyən, onu “Rus projesi” adlandıran insanları
Cəmil Həsənli Koordinasiya Şurasına seçib başda otuzdurur,
bəzilərini isə seçki kampaniyası zamanı öz içtimai vəkilləri
sırasına daxil edib.
Nəhayət, Müsavatın Milli Şuradan getməsi məsələsinə toxunaq. Mən
əminəm ki, bu da qaçılmaz proses deyildi. Düzdür, ortalıqda ciddi
mübahisələr və narazılıqlar var idi. Yada salmaq istəyirəm ki,
Müsavatın Milli Şuradan getmək ehtimalı onda yarandı ki,
sessiyaların birində Müsavatla razılaşdırılmayan bir məsələ səsə
qoyuldu və qəbul olundu. Bu da Rüstəm müəllimin fəxri sədrlik
məsələsi idi.Şəxsən mən Rüstəm müəllimin fəxri sədr olmasının
tərəfdarı idim və hesab edirdim ki, bu doğru qərardır. Ancaq
Müsavat fəxri sədrin əleyhinə yox, bu məsələnin onlarla müzakirə
edilməməsindən narazı qaldıqlarını açıq vurgulayırdı. Bunu
mətbuatda açıq qeyd edirdilər. Əvvəlki dövrdə belə ciddi məsələlər
öncədən partiya sədrləri ilə müzakirə olunurdu. Heç olmasa
gündəlikdə bu məsələ olmalıdısa, gündəliyin özü həmişə müzakirə
olunurdu. Həmin sessiyaya qədər belə bir hal olmamışdı ki, ciddi
qərar qəbul edilsin, amma bu məsələ sessiyadan əvvəl partiya
sədrləri ilə müzakirəyə çıxarılmasın. Şəxsən mən hesab edirəm ki,
Müsavatla bu danışıqlar aparılsaydı, ümümi razılığa gəlmək mümkün
idi. Bu hadisədən sonra Müsavatın Milli Şuradan gedib-getməməsi
əllinin əlliyə oldu. Həmin dövrdə bu məsələ ictimai müzakirəyə
çıxarılanda Cəmil Həsənli dedi ki, Müsavatın getməsini istəmirik,
amma gedirlərsə getsinlər, onsuz da Milli Şura fəaliyyətini davam
etdirəcək. Bu açıqlamadan sonra Müsavatın Milli Şuranı tərk etməsi
məsələsi əlli faizdən yüz faizə qalxdı. “El” hərəkatı rəhbərliyinə
qarşı “məktub əməliyyatı” haqqında isə artıq danışdım.
-Sizcə, Milli Şuranı qoruyub saxlamaq mümkün
idimi?
- Mən yenə də o fikrimə qayıdıram ki, Milli Şura kimi böyük və müərəkkəb koalisiyaları yaratmaq da, qoruyub saxlamaq da çox çətindir. Bu proseslərə rəhbərlik edən adamlar mütləq hər bir quruma hörmətlə yanaşmalı, toqquşan maraqları təbii qarşılamalı, əziyyət çəkərək bu maraqları uzlaşdırmalı, danışıqlar aparmalı, arqumentləri öyrənməlidir. Bir məqamı da qeyd edim: Müsavat bir sıra təşkilatlara əməkdaşlıq sazişi təklif edəndə kampaniya şəkilində Müsavatı topa tutdular, iddia olundu ki, Müsavat Milli Şuranı dağıtmaq istəyir. Hay-küylü kampaniya çərçivəsində Müsavatın müraciət etdiyi partiyaların çoxu rədd cavabı verdi. Yeganə olaraq Müsavatla danışıqları müsbət keçən “El” Hərəkatı oldu. Mən bunun səbəbini aça da bilərəm. Danışıqlar zamanı İsa bəyə sual etdim ki, əməkdaşlıq haqda saziş hazırlanacaqsa, orada bir bənd Milli Şuraya aid ola bilərmi? Onlar da qısa dəyərləndirmə aparıb müsbət cavab verdilər. Milli Şura fərdləri birləşdirən qurumdursa, siyasi qüvvələr öz aralarında əməkdaşlıq sazişi imzalaya və orada bəndlərində biri Milli Şuranın fəaliyyətinə aid olacaqsa, bunun hansı təhlükəsi ola bilərdi? Onu da bildirim ki, biz “EL” olaraq, Cəmil müəllimin seçki kampaniyası çərçivəsində “Eldən-elin namizədinə” adlı özəl kampaniya həyata keçirdik. Mən Ağstafa, Qazax,Tovuz bölgəsində partiya və içtimai fəalların toplantısını kecirtdim, iki yüzdən artıq adam iclasa gəldi, sonra müxtəlif mövzularda xüsusi videoroliklər hazırlandı (elə bunun özü “Eldar Namazov mənim namizədliyim əleyhinə olub “ sözlərin nə qədər həqiqətdən uzaq olduğunun göstəricisidi). Həmin rolikin birincisində Azərbaycanda yaşayan əksər milli azlıqların nümayəndələri öz ana dillərində (avar, ləzgi, talış, tat, ingiloy, rus dillərində) Cəmil Həsənlini dəstəkləyəcəkləri haqda mesajlar verirdilər. Bu roliki sosial şəbəkələrdə 100 minlərlə insan izləmişdi. Çox təəssüflər olsun ki, bu işləri görən, milli azlıqların demokratik qüvvələrin namizədi ətrafında birləşdirməyə çalışan şəxsləri indi Milli Şuranın Koordinasiya Şurasında təmsil olunan bəzi adamlar separatçı, xarici qüvvələrin agenti adı ilə ittiham edir. Cəmil Həsənli isə mətbuata açıqlaması zamanı deyir ki, bu məsələyə qarışmır, onların öz işidir. Bəs seçki kampaniyası zamanı 100 minlərlə insanlara demokratik qüvvələrin namizədini dəstəkləməyin vacib olduğu haqda milli azlıqların dili ilə mesajların çatdırılmasını təşkil edən insanların zəhmətini bu formada yerə vurmaq olarmı? Təbii ki, bu da növbəti Milli Şuradan istefaya səbəb oldu. Mən buna da təəssüf edrəm. Odur ki, Milli Şuranın dağılma prosesinə nəzər salsaq görərik ki, bu qaçılmaz proses deyildi. Bunun qarşısını almaq olardı. Amma atılan səhv addımlar zamanı gərginlik yaranırdı, bu partiyaları üz-üzə qoyurdu. Bu ziddiyyətlər meydana gələndə onu aradan qaldırmaq üçün cəhdlər olmurdu, əksinə bunu dərinləşdirən açıqlamalar verilirdi. Bu proseslər obyektiv təhlil olunmalı, qiymətləndirilməli idi. Bu təkcə Eldar Namazova lazım deyildi. Burada söhbət Cəmil Həsənlinin düz və ya səhv addım atmasından getmir. Söhbət ondan gedir ki, Azərbaycan cəmiyyəti bu proseslərdən kənarda qalıb. Seçkilərdə cəmiyyəti mobilizasiya etmək mümkün olmadı. Mitinqlərin keçirilməsində, ora gələn insanların sayında da bu özünü büruzə verdi. Aparıcı partiyaların, gənclərin və ziyalıların dəstəyini alan namizədə verilən səs də bunu göstərdi. Bu mövzular ciddi müzakirə edilməli idi. Çünki bu birinci və sonuncu seçkilər deyil. Həm də cəmiyyəti gələcək işlərlə bağlı inandırmaq lazım idi, ortaya gələn yeni nəsil bu səhvləri təkrar etməsin.
Bu Eldarın və ya Cəmilin məsələsi deyil, demokratik qüvvələrin, bir qədər irəli getsək, Azərbaycanın taleyi məsələsidir. Amma obyektiv fikir dartışması aparmaq cəhdləri şər-böhtanla qarşılanır. Cəmil Həsənlinin məni “ittiham” etdiyi məqamdan bir necə gün keçir, və bu qısa müddət ərzində Milli Şuranın bir tanınmış üzvü də - Aqil Səmədbəyli istefa verdi. Sonra Mehdibəy Səfərov istefa verdi. Arzu Abdullayevanın Milli Şurada faktiki iştirak etmədiyini və bu adla təşkilatin artıq öz rolunu oynayıb fikri, politoloq Leyla Əliyevanın qurumda fəaliyətini dayandırdığı haqqında KİV-lərdə informasiya getdi. Bunların fonunda, Milli Şurani qurulmasında iştirak edən 6 siyasi qurumun 4-nün rəhbərləri, Milli Şura üzvlərinin təqribən 30% istefaya verdikdən sonra “Eldar buranı qura bilmədi, mən gəldim düzəltdim” davası döymək , “xilaskar, parlaq qələbə, mənim prezidentim” şuarlar çərçivəsindən kənara çıxan adamlara şər-böhtan kampaniyası aparmaq yersiz deyilmi? Belə yanaşma ilə hara qədər gedə biləcəklər?
Qaynar.info
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO