YAP-a üzv olan NİDA-çı: “Əsl əqidə pozğunlunu Xədicə İsmayıl etdi” – Müsahibə
Bizi izləyin

Nida.az

YAP-a üzv olan NİDA-çı: “Əsl əqidə pozğunlunu Xədicə İsmayıl etdi” – Müsahibə

Yeni Azərbaycan Partiyasına (YAP) üzv olan keçmiş NİDA-çı Elsevər Mürsəlli Publika.az-a müsahibəsində bir sıra maraqlı məqamları açıqlayıb.


- NİDA hərəkatına üzv olmağınız necə oldu?


- Mən əvvəlcədən müxalifət gənclərinin içindəydim. Lakin heç bir təşkilatın üzvü olmamışdım. Həbs olunduqdan sonra NİDA hərəkatının üzvləri məni öz təşkilatlarına dəvət etdilər. Kürdəxanıda Rəşadət Axundovla yanaşı kameralarda qalırdıq. O, NİDA-nın adından çıxış etməyimi təklif etdi. Mən qəbul edərək həmin təşkilatın üzvü oldum.


- Bəs səhv yolda olduğunuzu nə vaxt anladınız?


- Bilirsiniz, insanın gördüyü işə dəyər verməyəndə çox pis təsir edir. Məsələn, NİDA-çılardan heç biri mənim yanıma bir dəfə də olsun gəlmədilər. Sovqatları lazım deyildi. Sadəcə, özləri gələrdilər. Çünki çox darıxırdım, mənəvi dəstəyə ehtiyacım var idi. Lakin onlar nə mənə, nə də ailəmə dəstək olmadılar. Əfv ərizəsi yazıb həbsdən çıxdıqdan sonra məndən incidilər. Sağ olsun dövlətimiz, cənab prezidentimiz ki, böyük səhvlər etməyimə baxmayaraq, məni bağışladı. Bu, həqiqətən də, böyük humanistlikdir.


- Əfv ərizəsini sizə məcbur yazdırdıqları haqda bəzi iddialar var idi.


- Bu, yalan iddiadır. Ərizəni mən öz istəyimlə yazmışam. Çünki bu müxalifət üçün nəsə etməyə dəyməz. Sadəcə sözdə qışqırırlar. Reallıqda isə heç nə etmirlər, öz tərəfdarlarına dəstək olmurlar. Hakimiyyətə gəlsələr, xalqa necə baxacaqlar?!


- Nə üçün ölkədə bir çox siyasi partiya olmasına baxmayaraq, YAP-a üzv olmağı seçdiniz?


- YAP-a üzv olmaq mənim öz fikrim idi. Bu addımı atandan sonra çoxları məni qınadı. “Bir yandan siyasətlə məşğul olmursan, digər yandan YAP-a üzv olursan” deyə mənə irad tuturdular. Əslində mən YAP-a üzv olmaqla cənab prezidentə sədaqətimi göstərdim. Çünki çoxlu səhv etməyimə baxmayaraq, o, məni bağışladı. Açığı, indi siyasətlə məşğul olmaq fikrim yoxdur. Bir neçə il sonra ali təhsil aldıqdan sonra, bəlkə siyasətə gələrəm. Əgər belə bir şey olsa ilk müsahibəmi sizə verəcəm.


- Sizi bəzən bir çox məsələlərə görə ittiham edirlər. Xüsusilə də, əqidənizdən geri çəkilməkdə günahlandırırlar.


- Mənim əqidəm azərbaycançılıq əqidəsidir. Nə vaxtdan ölkəsini sevmək, prezidentinə hörmət etmək yaltaqlıq olub? Nə vaxtda iqtidarın yanında olmaq sınmaq olub? Əqidə pozğunluğunu Xədicə İsmayıl kimilər ediblər. Avropada nümayəndə heyətimiz danışanda ermənilərlə birgə arxa çevirdi. Əsl əqidə pozğunluğu budur. Müxalifət əqidə pozğunluğunu 2012-ci ildə “Avroviziya” mahnı müsahibəsi zamanı ölkənin imicinə təsir etmək üçün mitinqlər keçirəndə etdi. Çünki bu hakimiyyətin deyil, Azərbaycanın imicinə xələl gətirirdi. 12 oktyabr mitinqində İŞİD bayrağını qaldırmaqla Milli Şura hansı əqidəyə sahib olduğunu göstərdi. Mənim əqidəm təmizdir, heç kəs məni əqidə pozğunluğunda ittiham edə bilməz.


- Fotoreportyor Mehman Hüseynovu məhkəməyə verəcəyinizlə bağlı xəbərlər yayılıb. Buna səbəb nədir, aranızda hansı münaqişə var?


- Bəli, Mehman Hüseynovu məhkəməyə verməyi düşünürəm. Açığı, Mehmanla heç bir tanışlığımız yoxdur. İki gün öncə Mehman öz-özünə qızışaraq məni və ailəmi təhqir etdi. Hələ üstəlik Xaçmaza gəlib məni döyəcəyi ilə də hədələdi. Əslində Mehmanın internetdə paylaşdığı videolardan onun necə insan olduğunu hər kəs bilir. Tək o yox, onun kimi bir çox müxalif gənclər o tərbiyəyə malikdirlər. Mehmanın söydüyü söyüşləri sosial şəbəkələrdə görmüsüz. O cür söyüşləri ancaq küçədə söyürlər. Mən ona hüquqi müstəvidə cavab verəcəyəm. Məni təhqir etdiyinə görə təzminat istəyəcəyəm. Qoy bundan sonra başından böyük işlər etməsin.


- Maraqlıdır, həbsə olduğunuz müddətdə nələr itirdiyinizi heç düşündünüzmü?


- 2013-cü ilin 3 oktyabr tarixində həbs edilmişdim, 2014-cü ilin 18 oktyabrında həbsdən azad olundum. Həbsdə olarkən məndən çox anamla atam əziyyət çəkdi. Hər həftə Xaçmaz rayonundan Bakıya yanıma sovqat gətirdilər. Həbsdə olduğum bir il ərzində anamın göz yaşları qurumurdu. Heç bir şənliyə getməyib. Saçları ağappaq olmuşdu. Mən gəncliyimin bir ilini itirdim. Lakin itirdiyim şeylərlə bərabər bəzi şeyləri də qazandım. Xüsusilə, insanları tanımağı öyrəndim, çətinliklər gördüm.


- Azad olduqdan sonra nə işlə məşğul olursunuz?


- Artıq 3 gündür Xaçmaz rayon avtovağzalında mühasib olaraq işləyirəm. İşlə yanaşı universitetə hazırlaşıram. Əvvəllər sosiologiya üzrə oxumağı düşünürdüm, lakin sonradan fikrimi dəyişdim. Mühasibatlıq üzrə oxumaq istəyirəm. Lakin bir sirr də açmaq istəyirəm. Həyatda ən böyük arzum jurnalist olmaqdır. Siyasətdən kənar olsa da, Röya Ayxanla müsahibə almaq istəyərdim. Təbii ki, bu bir istəkdir.

Xasiyyətcə inadcıl insanam. Bir şeyi istəyirəmsə, edirəm. Arzularımın reallaşacağına inanıram. Gecə-gündüz çalışıb istədiklərimi edəcəyəm. Bir şeyi də qeyd etmək istəyirəm. 24 dekabrda doğum günümdü. Bu, cənab Prezident İlham Əliyevin doğum günü ilə eyni gündədir. Belə şey hər adama qismət olmur. Mən dövlət başçısı ilə doğum günümün eyni olduğu üçün fəxr edirəm.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm