• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Polad Bülbüloğlu: Bəxtimiz onda gətirib ki...

  • Nida.az
  • 9 Dekabr 2014 23:53
  • 517 Baxış
Polad Bülbüloğlu: Bəxtimiz onda gətirib ki...

Noyabrda Azərbaycanın hava məkanına soxulmuş erməni vertolyotu vurulanda ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu bu hadisə ətrafında yaradılan informasiya blokadasını yaranların önündə gedirdi. Səfir Rusiyanın aparıcı KİV-lərinə bu olay haqda demək olar ki, hər gün müsahibə və açıqlamalar verərək əsl həqiqətin yayılmasına yardımçı olurdu.

Digər tərəfdən, əvvəllər qeyri-dost şimal qonşumuz olan Rusiyanın Azərbaycanla əlaqələri son illər daha da möhkəmlənərək etibarlı strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə yüksəlib. Təkcə Qarabağın yox, elə Azərbaycanın, ümumən bütün Qafqazın taleyi də bu münasibətlərin xarakterindən asılıdır.

P.Bülbüloğlu Virtualaz.org saytına müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirib.

- Azərbaycan-Rusiya münasibətləri son illər sıxlaşıb. Çoxu bunu sizin xidmətiniz sayır...

- Xarici siyasətdəki uğurlarımızın hamısı bir adamın - prezident İlham Əliyevin xidmətləridir. Onun göstəriş və tapşırıqları olmasa, xarici siyasət sahəsində işləmək mümkün deyil. Bəxtimiz onda gətirib ki, bu cür qarışıq, gərgin dövrdə dövlətimizə belə peşəkar və təcrübəli diplomat başçılıq edir. Azərbaycan məhz İlham Əliyevin siyasəti sayəsində xeyli kataklizmlərdən yayına bilib.

Çox təəssüf ki, biz hər gün qan tökülməsinə vərdiş edirik. Hər gün haradasa 10, bəzən 100 adam ölür... Dahilərdən biri deyib ki, coğrafiya əslində taledir. Azərbaycanın ətrafına baxın. Hamısı keçmiş nəhəng imperiyalardır- Rusiya, Osmanlı Türkiyəsi, İran... Əlbəttə, belə ölkələrin əhatəsində olduğumuz üçün biz onların maraqlarını nəzərə almağa məcbur olmuşuq. Təbii ki, biz azərbaycanlılar Qarabağ münaqişəsinin həllini istəyirik. Mən bir qarabağlı kimi ikiqat utanıram. Axı vaxt sürətlə gedir. Gələn il 70 yaşım tamam olacaq. Bu yaşda olan adam düşünür ki, öz dədə-baba torpaqlarını bir daha görmək ona qismət olacaqmı. Təəssüf ki, xeyli qarabağlı bu nisgillə dünyadan köçdü. Misal kimi Süleyman Ələsgərov, Şahmar Əkbərzadə və digərlərini göstərə bilərəm. Hərdən fikirləşirəm, Qarabağın işğalını nə yaxşı ki, Üzeyir Hacıbəyli, Bülbül, Səməd Vurğun, Qurban Pirimov görmədilər. Onlar dəli olardılar.

Məncə, bu gün həlledici məqam yetişir. Torpaqalrımızı azad etmək üçün hamımız birləşməliyik. Burada iqtidar-müxalifət söhbəti ola bilməz. Bütün azərbaycanlılar qarabağlı olmalıdır. Ermənilərə baxın. Türkiyədə “Hamımız erməniyik, hamımız Hrant Dinkik” şüarı ilə necə birləşmişdilər.

Şuşasız Azərbaycan yoxdur, ola bilməz! Bunu hər birimiz başa düşməli və yadda saxlamalıyıq. Amma onu da deyim ki, küçədə yumruq yelləmək dövrü artıq keçib. Ən yaxşısı kompüterin arxasına keçib fikrini bildirməkdir. Gənclərə bunu tövsiyə edirəm.

- Rusiyanın iqtisadi inkişaf naziri Ulyukayev bir müddət əvvəl Azərbaycanın Gömrük İttifaqına daxil olmasını israrla xahiş edirdi. Rusiya bu israrında qalırmı?

- Heç kim heç nə xahiş etməyib. Jurnalistlər Ulyukayevin sözlərini təhrif etmişdilər. O deyirdi ki, bu, inteqrasiyanın mümkün variantlarından biridir. Bu məsələdə heç kimin rəsmi müraciəti olmayıb. Ola bilsin, mətbuatda nəsə eyhamlar vurulub, amma bizə rəsmən heç kim müraciət etməyib. Məsələ başqa şeydədir. Bizim Gömrük İttifaqına üzv olan ölkələrin üçü ilə böyük ticarət mübadiləmiz var. Onlar bizim ənənəvi satış bazarlarımızdır. Əgər Gömrük İttifaqı normal işləsə, bu məqam bizə sadəcə əlverişli olacaq. Digər məsələ isə artıq siyasi xarakterlidir. O da budur ki, biz torpaqlarımızın bir hissəsini işğal etmiş bir ölkə ilə eyni ittifaqda ola bilərik, ya yox. MDB nümunəsi bizə yetər. Ona görə də öncə Qarabağı azad etmək, sonra isə inteqrasiyadan danışmaq lazımdır. Rusiya ilə isə dost olmalıyıq. Qonşuyuq, yaxın xalqlarıq. Qırılmaz mədəni-tarixi bağlarımız var. Onları heç bir halda qırıb atmaq olmaz. Rusiya təkcə generallar və siyasətçilər ölkəsi deyil, həm də mədəniyyət beşiyidir. Dünyanın ən böyük və qabaqcıl mədəniyyət mərkəzlərindən biridir. Əlaqələrimizə gəlincə isə onlar ildən-ilə daha praqmatik və konstruktiv xarakter alır.

- Yəni hesab edirsiniz ki, iki ölkənin münasibətlərində heç bir məcburiyyət amili yoxdur?

- Yoxdur. Rusiya tərəfdən bizə nə siyasi, nə də istisadi baxımdan heç bir təzyiq yoxdur. Əlbəttə, bütün Cənubi Qafqaz regionunun dünyanın hərbi cəhətdən ən güclü və ən böyük ölkəsi olan Rusiyadan müəyyən asılılığı var. Sirr deyil ki, Ermənistanda böyük rus hərbi bazası var. Rusiya Ermənistanla birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycan silahı dünya bazar qiyməti ilə alırsa, Rusiya onu Ermənistana daxili qiymətlərlə satır. Ona görə də Azərbaycan Rusiyanın regiondakı maraqlarını gözardı edə bilməz.

- Rusiyada bəziləri Azərbaycanı BMT TŞ-də Ukraynanı dəstəklədiyinə görə ittiham etdi. Sizə bununla bağı narazılığını bildirənlər oldumu?

- Yox. Rusiyanın diplomatik dairələrində Azərbaycanın bu addımını adekvat qarşıladılar. Diplomatlarla görüşlərimdə onlara izah etdim ki, bizim Qarabağ kimi problemimiz var deyə biz bütün ölkələrin ərazi bütövlüyü prinsipini müdafiə edirik. Rusiya XİN-in reaksiyasına əsasən deyə bilərəm ki, onlar bizim bu mövqeyimizi çox sakitcə qarşıladılar. Kiminsə bundan narazı qalması bizim üçün əsas deyil. Guya Azərbaycanın özündə öz bildiyini yazan, danışan azdır?! Bəzi saytlar Rusiyada heç kimin tanımadığı eksperti, politoloqu tutub Rusiya barədə danışdırır. Burada da elədir. Bəzən sıradan adamları Rusiyanın az qala ən məşhur politoloqu kimi təqdim edirlər deyə belə fikir ayrılıqları mənzərəsi meydana çıxır. Məsələn, hər bir KİV Qarabağda vurulan vertolyot barədə bir cür yazırdı. Bəziləri yazırdı ki, bu işin arxasında ABŞ-ın əli var, başqası yazırdı ki, sifariş Rusiyadan verilib və s. Amma bunu heç kim yazmadı ki, bu, işğal olunmuş ərazilərdə hücuma keçən hərbi vertolyotdur və o, hərb qanunlarına əsasən vurulub. Onun vurulmasına da birbaşa səngərdəki komandir qərar verib. Həmin komandir bu qərarı nə Ali Baş Komandanla, nə də müdafiə naziri ilə razılaşdırmalı deyildi. O, yaranmış vəziyyətə uyğun qərar verib buna uyğun da hərəkət etməli idi. Yeri gəlmişkən, Azərbaycan və Ermənistanın müdafiə nazirləri həmin vaxt Moskvada MDB ölkələri müdafiə nazirlərinin görüşündə idilər. Heç kəs ilkin səbəbi axtarmaq istəmir. Qoşunlarınızı işğal olunmuş ərazilərdən geri çəkin, belə hadisələr də olmasın. Bu torpaqlar Azərbaycana məxsusdur və ermənilərin orada heç bir hərbi təlimi keçirilə bilməz. Bu təlimlər başlamazdan əvvəl Azərbaycan onun yolverilməzliyini bəyan etmişdi. Amma ermənilər o təlimləri keçirdi. Yəni səbəbi aradan qaldırmaq, ondan sonra nəticə barədə danışmaq lazımdır. Müharibə hələ başa çatmayıb. Mən hər yerdə deyirəm ki, biz torpaqlarımızı azad edənədək mübarizə aparmaqda davam edəcəyik.

- Bəs Rusiya bir həmsədr dövlət kimi bununla bağlı konkret mövqeyini niyə ortaya qoymur?

- Buna şübhəniz olmasın ki, Rusiyanın ali rəhbərliyi işğalçının kim olduğunu gözəl bilir. Rəsmi Moskva Azərbaycanın ərazi bütövlüyünü davamlı surətdə dəstəkləyir və qondarma “DQR”-i tanımır. Lakin problem erməni tərəfinin maniakal inadkarlığı ucbatından təəssüf ki, hələ də həll olunmamış qalır.

- Bu yaxınlarda Kazanda keçirilən forumda insident oldu. Azərbaycan xəritədə Qarabağsız göstərildi. Azərbaycan buna etiraz edəndə təşkilatçılar dedilər ki, həmin xəritə Azərbaycanın Rusiyadakı səfirliyi ilə əvvəlcədən razılaşdırılıb...

- Ağ yalandır. APA agentliyinin müxbiri bu yaxınlarda həmin forumun təşkilatçısı olan senator Andrey Klimovdan müsahibə almışdı. Klimov da bu informasiyanı təkzib etdi. Bu cəfəngiyyat haqda danışmağa belə dəyməz. Amma bir şeyi deyim. Bəzi jurnalistlərin səfirliyin fəaliyyətindən həddən artıq böyük gözləntiləri var. Halbuki biz nəhəng siyasi landşafta malik bir ölkədə vur-tut diplomatik missiya funksiyasını yerinə yetiririk. Biz olduğumuz ölkənin daxili proseslərinə müdaxilə edə bilmərik. Bu prosesləri uzaqbaşı izləyə, lazım gələndə, təxirəsalınmaz hallarda öz fikrimizi bildirə bilərik ki, bunu da edirik. Amma bürokratik sistem əksər ölkələrdə olduğu kimi, burada da çox sürətlə işləyir.

- Azərbaycanda çoxları Jirinovskinin Bakı səfərindən naraz qaldı. Bəs sizin buna münasibətiniz necə oldu?

- Jirinovski Bakıdan qayıdandan sonra Azərbaycan haqda nə dedi?! Dedi ki, “ən gözəl şəhər, ən yaxşı respublika, ən yaxşı prezident!”. Bəyəm bu azdır?

- Bəs onun əvvəlki çıxışları necə olsun?

- Jirinovski emosional siyasətçidir. O da bu cürdür. Bu, onun imicidir. Jirinovski onun Bakıya səfərini təşkil etməyi buna qədər dəfələrə xahiş etmişdi. Hər dəfə də bu cavabı alırdı ki, bu cür danışandan sonra Bakıya necə gedə bilərsən axı. Amma o deyirdi ki, Bakını öz gözlərimlə görmək istəyirəm, məni ora niyə buraxmırsınız.

Nəhayət, gəldi, hər şeyi gördü. Mənə dedilər ki, Jirinovski Bakıda məktəbə baş çəkərkən orada şagirdlərin rus dilini necə yüksək səviyyədə bilməsinə mat qalıbmış. Axı Rusiyada çoxunun Azərbaycan haqda yanlış təsəvvürü var. Çoxu elə bilir k, burada müharibə gedir, insanları öldürürlər. Bu mənada Azərbaycanın təbliğatını gücləndirmək lazımdır. Axı heç nəyi bilməyən gənc nəsil də yetişir.

- Rusiya-Azərbaycan münasibətləri çox ağır sınaqlardan keçib. Bəs iki dövlətin başçısının münasibətlərinin bugünkü səviyyəsi barədə nə demək olar?

- Prezidentlər İlham Əliyevlə Vladimir Putin arasında praqmatik və sıx dostluq münasibətləri var. Bunu onların Soçi, Bakı və Həştərxandakı son görüşləri də təsdiqləyir. Onların Putinin birinci prezidentliyi və baş nazirliyi dövründə də müxtəlif formatda görüşləri olub. Yəni bir-birlərini çoxdan və yaxından tanıyırlar.

İlham Əliyev elə bir siyasət yürüdür ki, Azərbaycana təzyiq göstərmək mümkün deyil. Açıq deyim ki, Moskvada işlədiyim bu 8 il ərzində mənə heç kim və heç vaxt təzyiq göstərməyib. Azərbaycan tam müstəqil dövlətdir. Bununla belə biz öz qonşularımızın, xüsusən də 200 il birgə yaşadığımız Rusiyanın maraqlarına hörmətlə yanaşırıq. Eyni qayda ilə də İranın, Türkiyənin, Gürcüstanın maraqlarını nəzərə almaya bilmərik. Başqa cür ola da bilməz. İlham Əliyev Azərbaycana artıq 11 ildir rəhbərlik edir. O, təcrübəli siyasətçi kimi bütün qonşu ölkələrlə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurub. Yalnız bir ölkədən başqa. Bu da artıq qarşı tərəfin günahı ucbatından belədir.

- Moskvada erməni diplomatları ilə tez-tezmi ünisyyətdə olursunuz?

- Hə, görüşmək, ünsiyyət qurmaq lazım gəlir. Axı biz diplomatıq. Ermənistanın Moskvadakı keçmiş səfiri Armen Smbatyanla normal münasibətlərim vardı. Nə qədər olmasa da ikimiz də bəstəkarıq. Özü də bir-birimizi hələ sovet dövründən tanıyırıq. İndiki səfir Oleq Yesayan isə əslən qarabağlıdır. Bakıda oxuyub, Azərbaycan dilini gözəl bilir. Danışmağa mövzu tapırıq. Ümumən nə biz, nə də ermənilər bu regiondan heç yana köçən deyilik. Bu münaqişə də haçansa sülhlə başa çatacaq və biz yenə də yanaşı yaşamalı olacağıq. Ona görə də mətbuat düşmənçilik, nifrət hissləri aşılamamalıdır. Ermənilər indi deyirlər ki, Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gedəcəklər. Buna qədər də digər idman yarışlarına gediblər. Rusiyada ermənilərlə birgə biznesi olan xeyli azərbaycanlı da tanıyıram.

- Bu yaxınlarda Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətindən narazılığımızı bildirən yazı ilə çıxış etdik. Bəs Rusiyadakı diasporumuzda vəziyyət necədir?

- Diaspor üzvlərimizin xətrinə dəymək istəmirəm. Amma Rusiyadakı diasporumuz da Ukraynadakının tayıdır.

- See more at: http://axar.az/news/37176#sthash.QbzWlNCM.dpuf

Xəbər lenti

DAHA ÇOX XƏBƏR