Nədən əvvəl “20-ci sahə”yə getdilər, indi yox?
Bizi izləyin

Nida.az

Nədən əvvəl “20-ci sahə”yə getdilər, indi yox?

İctimai Palata aprelin 8-i və 22-nə təyin etdiyi mitinqlər üçün Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) 3 yer istəsə də hər iki halda meriya Səbail rayonundakı “20-ci sahə” adlanan ərazini göstərdi. Şəhər meriyası İctimai Palatanın 13 aprel aksiyası üçün də “20-ci sahə”ni nişan verdi. Qurum əvvəlki iki halda BŞİH ilə razılaşsa da, indi “20-ci sahə”yə getməyəcəyini bəyan edib.

İmtinanın səbəbləri nədir, əvvəlki qərar niyə dəyişib?

Publika.Az-a açıqlamasında AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı fərqi belə izah edib: “Hər iki aksiyada mitinqə gələn insanların qarşısını alındı. Nəqliyyatın həmin əraziyə hərəkəti iflic oldu. “20-ci sahə”də mitinq keçirməyimiz iştirakçılar tərəfindən də yaxşı qarşılanmadı. Onlar həmin yerin əlverişsiz olduğunu bildirdilər. Mətbuatda həmin yerdə mitinq keçirmək ironiya ilə qarşılandı. Bütün bunlardan sonra qərara gəldik ki, bu şərtlərlə orada aksiya keçirmək uyğun deyil”.

Fuad Qəhrəmanlı mitinqlərdə müxalifətin kifayət qədər sosial bazaya malik olmadığının aşkara çıxması fikrilə razı deyil.

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri (DADP) Məmməd Əlizadə isə başqa fikirdədir: “İctimai Palata gördü ki, hakimiyyət mitinq üçün yer verir, amma lazımı qədər tərəfdar yığışmır. Qurumun şəhərin mərkəzinə gəlmək istəyi də daha çox diqqət qazanmaq taktikasıdır”.

“Evrovision” mahnı müsabiqəsi ərəfsində şəhərin mərkəzində icazəsiz aksiya keçirmək istəklərinin də xarici qüvvələrin dəyirmanına su tökmək anlamına gəldiyini deyən partiya sədri hesab edir ki, bu, baş tutmayacaq: “Azərbaycan insanı artıq ötən əsrin 80-ci illərinin insanı deyil. İnsanlar ağı-qaranı bir-birindən seçə, kimlərin hansı məqsədlərə xidmət etdiyini yaxşı anlayırlar”.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm