Qoşulmama Hərəkatı Azərbaycanla bağlı çağırış etdi
Bizi izləyin

Nida.az

Qoşulmama Hərəkatı Azərbaycanla bağlı çağırış etdi

Misirin Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçirilmiş iclasında yekun sənəd qəbul olunub.

Publika.Az-ın məlumatına görə, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, yekun sənədin 382-ci bəndində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin region üçün təhlükə törətməyə davam etdiyi vurğulanıb. Qoşulmama Hərəkatının üzvü olan dövlətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll etməyə çağırıblar.

Bu sənədin yekdilliklə qəbul olunduğunu qeyd edən xarici siyasət idarəsinin sözçüsü deyib ki, burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyi əks olunub.

Sənəddə qeyd edilib ki, münaqişə güc tətbiq etməmək şərti ilə və beynəlxalq hüququn əsas prinsipləri çərçivəsində həll olunmalıdır. Yekun sənəddə Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən növbəti dəfə tanınıb və ölkəmizin ədalətli mövqelərinin beynəlxalq arenada dəstəkləndiyi vurğulanıb. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda öz mövqelərini gücləndirməkdə davam edir.

Sənəddə deyilir ki, Qoşulmama Hərəkatının üzvü olan ölkələrin nazirləri Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanmamış qalmasından, beynəlxalq və regional təhlükəsizliyə təhdid törətməkdə davam etməsindən təəssüflənirlər. Onlar BMT-nin Nizamnaməsində əksini tapmış güc tətbiq etməmək prinsipinin vacibliyini bir daha təsdiq edib və tərəfləri münaqişəni danışıqlar yolu ilə, beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri çərçivəsində, xüsusilə suverenlik, ərazi bütövlüyü, beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı əsasında həllini tapmağa davam etməyə çağırıblar.

Azərbaycanı bu iclasda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

Qoşulmama Hərəkatına 120 ölkə daxildir. Azərbaycan bu hərəkata 2011-ci ildə üzv qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm