“İki pis arasında Azərbaycan Rusiyanı seçmək məcburiyyətindədir“
Bizi izləyin

Nida.az

“İki pis arasında Azərbaycan Rusiyanı seçmək məcburiyyətindədir“

"ABŞ-ın indiki məqamda İrana hücum edəcəyinə inanmıram".

Publika.az-a açıqlamasında bu sözləri politoloq Cümşüd Nuriyev ABŞ-ın İrana hücum edəcəyi halda Rusiyanın Cənubi Qafqaza həbi müdaxiləsi ilə bağlı Qərbdən gələn mesajlara münasibət bildirərkən deyib.

ABŞ-ın dünyanı fəht etmək planlarının İraqda iflasa uğradığını söyləyən ekspert hesab edir ki, qarşıdan gələn prezident seçkiləri də Barak Obamanı ehtiyatlı davranmağa vadar edəcək. Azərbaycana qarşı şimaldan təzyiqlərin artdığını deyən Cümşüd Nuriyev bu təzyiqləri Qəbələ RLS və transxəzər layihəsi ilə əlaqələndirib:

"Hər iki halda Rusiya Qafqazın cənub hissəsini itirmək təhlükəsi ilə üz-üzədir. Bu da Rusiyaya sərf etmir. Məlumdur ki, Rusiyanın yeni prezidenti gərginlik yaratmağı sevən və bundan məharətlə çıxmağı bacaran biridir. Vaxtilə ABŞ xaos yaradıb onu həll etməyi bacarırdısa, bu bacarıq indi Rusiyaya keçib. Azərbaycan iki pis arasında seçim etmək məcburiyyətindədir".

İki pis arasında isə Azərbaycanın Rusiyanı seçmək məcburiyyətində olduğunu dilə gətirən politoloq hesab edir ki, bunu ABŞ-ın tarixi təcrübəsi də zəruri edir:

"ABŞ-ın son 200 illik tarixinə nəzər saldıqda görürük ki, bu ölkə tarixi tərəfdaşlarını həmişə çətin vəziyyətdə qoyub. ABŞ ancaq onların hərbi sərvətlərini ələ keçirməklə məşğuldur. Dünyadakı milyarderlərin 60 faizi ABŞ-da cəmləşib. Dünyanın ən böyük transmilli korporasiyalarının birinci yüzlüyündə 35 yer birbaşa ABŞ-ın nəzarətindədir. Sözsüz ki, ABŞ-ın Azərbaycanla bağlı planları da yaxşı deyil".

Politoloq hesab edir ki, Azərbaycanın ABŞ-ı seçəcəyi halda Rusiyanın hərbi müdaxilə şansı çox yüksəkdir. O, bunun faciə ilə nəticələnəcəyi qənaətindədir:

"Azərbaycan yenidən bölünə bilər. Ən qorxulusu da budur. Azərbaycan indiyə kimi, 6 dəfə bölünüb. Borçalını, Dərbəndi, bütün Ermənistanı itirmişik, Dağlıq Qarabağ da hazırda əlimizdə deyil. Bu itkilərin davamı gələ bilər. Ona görə də ehtiyatlı olmaq lazımdır".

Rusiyanın Qafqaza, o cümlədən Azərbaycanla sərhədlərə qoşun yığdığı haqda bu günlərdə "Arqumenti nedeli" həftəliyi də xəbər vermişdi. Xəbərdə bildirilirdi ki, mart ayının ikinci yarısında Çeçenistandan Dağıstan ərazisinə 15-25 minlik hərbi qüvvənin yerdəyişməsi həyata keçirilib. Bunlar Rusiya Müdafiə Nazirliyinin və DİN-in nəzdindəki Daxili Qoşunların ağır texnika ilə təchiz edilmiş hərbi birləşmələridir.

Rusiya nəşri yazırdı ki, Çeçenistandan Dağıstana qoşun göndərildiyi barədə ilk dəfə şahidlər məlumat veriblər. Yerli sakinlər Dağıstan ərazisinə daxil olan 300 vahiddən çox müxtəlif təyinatlı hərbi texnikanı, o cümlədən zirehli transportyorları, "Ural" hərbi yük maşınlarını, komanda-

qərargah maşınlarını və digər texnikanı görüblər. Bundan əvvəl isə Çeçenistandan Dağıstana T-90 tanklarının böyük dəstəsi və reaktiv-artilleriya sistemləri gətirilib.

Qərb politoloqları da İranın vurulacağı halda Rusiyanın Azərbaycana müdaxilə ehtimalının olduğunu bildirirlər.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm