• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyir" - İlham Əliyev

  • Nida.az
  • 12 Fevral 2014 18:46
  • 2 143 Baxış
"Azərbaycan və Gürcüstan hər zaman bir-birinin  ərazi bütövlüyünü dəstəkləyir" - İlham Əliyev

Fevralın 12-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.Prezident İlham Əliyev bəyanatında bildirib: "Biz Gürcüstan Prezidentinin Azərbaycana səfərinə çox böyük əhəmiyyət veririk. Şadam ki, bizim çox yaxşı müzakirələrimiz və söhbətimiz oldu. Biz bir daha münasibətlərimizin strateji xarakterini təsdiqlədik".

Dövlət başçısı qeyd edib ki, xalqlarımız arasında münasibətlər ölkələrimiz arasındakı əlaqələr üçün əsasdır. Bu gün Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəstək verir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik. Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub:

"Bu gün biz, həmçinin iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etdik. Hesab edirik ki, iqtisadi əlaqələrimizi, ticarət dövriyyəsini artırmaq üçün böyük potensial vardır. Ticari mübadilələr səviyyəsi arta bilər. Eyni zamanda, qarşılılıqlı sərmayələr üçün yaxşı imkanlar vardır və biz Gürcüstanda sərmayə qoyuluşunun təfərrüatlarını dəyərləndirəcəyik. Bununla belə, Azərbaycan şirkətləri Gürcüstanın infrastruktur, enerji və nəqliyyat sektorlarına artıq sərmayə qoymağa başlamışlar. Bu, sənaye sektoruna da aiddir. Əlbəttə, bu gün biz enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi ilə bağlı qarşılıqlı layihələrimizə aid olan məsələləri də müzakirə etdik".

Azərbaycan Prezidenti deyib ki, enerji sahəsində əməkdaşlığın yaxşı tarixi vardır. Azərbaycandan neft və qazı nəql edən əsas ixrac boru kəmərləri Gürcüstan ərazisindən keçir. Bu əməkdaşlıq uzun illər ərzində çox uğurlu olub: "Əlbəttə ki, biz enerji şaxələndirilməsi ilə bağlı gələcək planlarımızı da müzakirə etdik. Bildiyiniz kimi, ötən ilin dekabr ayında XXI əsrin müqaviləsi Bakıda imzalandı. Bu, Avropada ən iri infrastruktur və enerji layihəsidir. İnvestisiyaların ümumi həcmi 45 milyard dollar olacaqdır. Əlbəttə ki, Azərbaycan, Gürcüstan, digər tərəfdaşlar və dostlar bu tarixi layihəni həyata keçirmək üçün əlindən gələni edəcəklər".

İlham Əliyev vurğulayıb ki, daşımalar ikitərəfli əməkdaşlığımızın, həmçinin mühüm hissəsidir: "Bu sahədə biz, həmçinin regionları və qitələri birləşdirəcək layihəni həyata keçirməkdəyik. Biz, eyni zamanda, humanitar sahədəki əməkdaşlığı, insanlar arasında təmasları müzakirə etdik. Çox məmnunam ki, Gürcüstan Prezidenti sabah Azərbaycanın rayonlarına səfər edəcək və Azərbaycanın gürcü icması ilə görüşəcəkdir. Bir neçə il əvvəl, mən Marneulidə yaşayan azərbaycanlılarla görüşdüm. Bu cür görüşlər, həmçinin münasibətlərimizin gələcək inkişafı üçün vacibdir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycandakı gürcülər və Gürcüstandakı azərbaycanlılar bizim böyük zənginliyimizdir: "Təbii ki, onların həyatı və fəaliyyəti ikitərəfli əlaqələrimiz üçün vacibdir. Bildirmək istəyirəm ki, tarixin bütün illəri boyu gürcülər və azərbaycanlılar hər zaman sülh və dostluq şəraitində yaşayıblar. Bu gün münasibətlərimiz qardaş, dost və strateji tərəfdaşlar arasında olan münasibətlərdir. Gürcüstan Prezidentinin səfəri söylədiyim sözləri bir daha təsdiqləyir".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR