Məclis sədri seçildi, Vurğun Əyyub məsələsi aranı qatdı, İsa Qəmbər sərt danışdı - Qalmaqal
Bizi izləyin

Nida.az

Məclis sədri seçildi, Vurğun Əyyub məsələsi aranı qatdı, İsa Qəmbər sərt danışdı - Qalmaqal

Dekabrın 27-də Müsavat partiyasının Məclis sədrliyinə seçkilər keçirilib.

Publika.az xəbər verir ki, partiyanın bu gün keçirilən iclasında Məclis sədrliyi ilə yanaşı, Məclis üzvləri, eləcə də Divan seçilib.

Qeyd edək ki, sərbəst Məclis üzvlüyünə 32 nəfərin, Divana 5 nəfərin, MNTK-ya 4 nəfərin, Məclis katibliyinə isə 1 nəfərin namizədliyi qeydə alınıb.

Məclis sədrliyinə isə bir nəfər – Nüşabə Sadıqlı namizəd olub. Onun rəqibi Sabir Məmmədli idi. O, dünən seçki prosesində ictimai-siyasi prinsiplərin pozulmasını əsas gətirərək namizədliyini geri götürüb.

Müsavat başqanının müavini Gülağa Aslanlının namizədliyini irəli sürəcəyi gözlənilirdi. O, bu barədə dünən qərar verəcəkdi. Lakin son anda namizədliyini verməyib. Bu baxımdan, N. Sadıqlı yeganə namizəd olaraq seçkilərə qatılıb.

Xanım müsavatçı ilə başqan arasında mübahisə

İclasda əvvəlcə partiyanın Cəlilabad, Nəsimi, Binəqədi, Balakən təşkilatları sədrləri təsdiqlənib. Tovuz və Zəngilan rayon təşkilatları isə buraxılıb.

Müsavat başqanı Arif Hacılı bildirib ki, Tovuz rayonunda partiyanın seçkili orqanları buraxılıb. Onun təşəbbüsü ilə təşkilatı bərpa etmək üçün təşkilat komitəsinin yaradılması və təşkilatın işinin tezliklə bərpa olunması qərara alınıb.

A. Hacılının sözlərinə görə, təşkilatın bərpası istiqamətində konkret işlər görülməlidir.

Zəngilan rayon təşkilatında da vəziyyətin yaxşı olmadığı, təşkilatın fəaliyyətsizliyi vurğulanıb. Buna görə təşkilatı buraxıb yenidən yaratmaq təklif edilib.

Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə bildirib ki, Zəngilan təşkilatında ancaq sədr istefa verib, seçkili orqanlarla işləmək və sədr seçkisi keçirmək olar.

A. Hacılı onun legitimliyini qəbul etməyən xanım müsavatçıya reaksiya verərək bildirib ki, həmin təşkilatın ancaq sədrinin fəaliyyəti nəzərə çarpırdı, təşkilat fəaliyyətsiz idi.

Müsavatda qalmaqal: Vurğun Əyyubla bağlı təklif aranı qatdı

Daha sonra Müsavat başqanı qalmaqala səbəb olan təklif irəli sürüb. Onun fikrincə, Məclis üzvü Vurğun Əyyub Məclisin işində iştirak etmir və səbəb kimi qurumun legitim olmadığını bildirir: “Vurğun Əyyub 3 ay ərində sistemli olaraq özünü Müsavat Məclisinin üzvü saymadığını vurğulayıb. Bir gün əvvəl də onu Məclisin iclasına dəvət etmişik. Ancaq o, Məclisə gəlməyəcəyini və özünü Məclis üzvü hesab etmədiyini deyib. Bu barədə ardıcıl açıqlamalar verir. Hesab edirəm ki, Məclis üzvü olmadığını bəyan etməsini nəzərə alaraq, onun Məclis üzvlüyündən çıxarılması haqqında qərar verməliyik”.

Divan üzvləri Razim Əmiraslanlı və Nemət Kərimli V. Əyyubun Məclis üzvlüyündən çıxarılması haqqında təklifi dəstəkləyiblər. Məclis üzvü Sabir Məmmədli isə buna etiraz edib: “Mən bu bolşevik metodunun əleyhinəyəm. Bu gün zal boşalır. Çünki özünü dahi elan edənlər adicə prosedur qaydalarını düzgün yerinə yetirmirlər”.

Ellada Məmmədli, Arifə Hüseynli və digərləri də təklifə qarşı çıxıblar.

A. Hacılı isə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Gününü də nəzərə alaraq məsələni səsə qoymayıb.

Lakin o, Vurğun Əyyubun tərəfdarlarından onun iclasda iştirakını təmin etmələrini istəyib.

“Vurğun Əyyub Məclis üzvü olmadığını bir daha bildirib. Amma həmrəylik günü olduğunu və bir neçə də bu fikirlə bağlı narazı şəxsin olduğunu nəzərə alıb bunu səsə qoymuram. Bilirəm ki, bu məsələ səsə qoyulsa, Vurğun Əyyub Məclisdən çıxarılacaq. Lakin 4-5 nəfərin etirazlarını nəzərə alaraq hələlik bundan vaz keçirəm. Amma gərək həmin etiraz edənlər Vurğun Əyyubun gələn Məclisdə iştirakını təmin etsin.”, - deyə başqan bildirib.

İsa Qəmbər narazıları yenə hakimiyyətə işləməkdə ittiham etdi

Daha sonra keçmiş başqan İsa Qəmbər çıxış edib. O, partiyanın VIII qurultayından danışaraq, hazırki rəhbərliyi tanımayanları hakimiyyətə işləməkdə ittiham edib: “Qurultay yenidən keçirilsə, nə baş verəcək? Kimsə hesab edir ki, qurultayı hakimiyyətin köməyi ilə yenidən keçirməyə cəhd etsə, nə isə əldə edəcək? Bunlar xam xəyallardır. Hakimiyyətlə birləşib, partiyaya zərbə vuran şəxsləri necə qiymətləndirək? Heç kim düşünməsin ki, çirkin maraqlarını bəzəməklə, mahiyyətini gizlədəcək. Hakimiyyətin oyununda iştirak edən 3-5 nəfər müsavatçı var ki, özlərini ifşa edib bitirməkdədirlər. Digərləri də kimin yanında olduqlarını aydınlaşdırmalıdırlar. Hər kəs özü üçün nəticə çıxarsın. Biz partiyanı keçmişə yox, gələcəyə yönləndirməliyik. Qurultaya, seçkilərə iradları olan şəxslər bunları gələcək kontekstində dəyərləndirilməlidir. Ola bilər ki, kimsə hakimiyyətin köməyi ilə partiyanı bir neçə ay keçmişə aparmağa cəhd etsin. Ancaq buna nail olmayacaq”.

Xanım müsavatçı Məclis sədri oldu

Daha sonra Məclisdə boş qalan yerlərə seçki keçirilib. Həmçinin Məclis sədrliyinə, katibliyinə keçirilən seçki də başa çatıb.

Seçki Komissiyasının sədri Azər İsmayıl səsvermənin nəticələrini açıqlayıb. Belə ki, səsvermədə 76 nəfər iştirak edib.

Nüşabə Sadıqlı 62 səs lehinə, 14 səs əleyhinə olmaqla Müsavat Məclisinin sədri seçilib. Rauf Ağa Məclisin katibi seçilib. Divana dörd nəfər- Başxanım Abbaslı, Səxavət Soltanlı, Alya Yaqublu və Gülağa Aslanlı seçilib.

Nəzarət-Təftiş Komissiyasına seçilən olmayıb, dörd yer boş qalıb. Məclisə 6 nəfər seçilib. Bununla Məclis üzvlərinin sayı 125 nəfərə çatıb.

Arif Hacılı bildirib ki, Məclisə 26 boş yer qalıb və bununla bağlı növbəti iclasda seçki keçirilə bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm