26 dekabr təxribatından bir neçə saat öncə... – GERÇƏKLƏŞƏN PROQNOZ
Bizi izləyin

Nida.az

26 dekabr təxribatından bir neçə saat öncə... – GERÇƏKLƏŞƏN PROQNOZ

Üç gün öncə - 26 dekabrda erməni kəşfiyyat-təxribat qrupu Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd göstərdi.

Müdafiə Nazirliyinin məlumatına görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb. Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu, ilkin məlumata görə adı Baqdasaryan Arsen Eduardoviç olan erməni əsir olaraq ələ keçirilib.

Ermənistan tərəfi isə diversiya qrupunun əsir düşən hərbçisindən imtina edib. Erməni tərəfi Arsen Eduardoviç Baqdasaryan adlı hərbçinin müqavilə əsasında hərbi hissələrdən birində bir müddət xidmət etdiyini təsdiqləsə də, nizam-intizam qaydalarını pozduğuna görə vəzifəsindən müvəqqəti azad edildiyini bildirib.


Qeyd edək ki, Publika.az hadisədən az öncə - dekabrın 26-sı saat 12:23 xəbərində erməni tərəfinin təxribat edə biləcəyi ehtimalı haqda məqalə yayımlamışdı (http://publika.az/p/58683).

Belə ki, erməni tərəfinin 26 dekabr təxribatından öncə bu ölkənin Müdafiə Nazirliyi informasiya təxribatına yol verdi. Düşmən tərəfinin iddialarına görə, Azərbaycan ordusu təmas xəttinə hücum edib və itkilər verərək geri dönüb. Lakin Azərbaycan Müdafiə Nazirliyi bu iddiaları təkzib edərək, bunu Ermənistan tərəfinin informasiya təxribatı adlandırdı.


Məsələ ilə bağlı danışan “Trend” informasiya agentliyinin eksperti, keçmiş təhlükəsizlik zabiti Arzu Nağıyev Ermənistan Müdafiə Nazirliyinin adətən belə bəyanatlarla həyata keçirmək istədiyi gələcək təxribatlara zəmin yaratdığını bildirdi: “Bu cür informasiya təxribatları real təxribatlara hazırlıqdır. Bu təxribatlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) görüşdən sonra ortaya çıxdı. Orda Qarabağ məsələsinə də toxunuldu. Son zamanlar Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün əlavə yollara əl atacağına dair fikirlər var. Görünür, Ermənistan manevrlər etməyə çalışır”.


Rusiyalı politoloq Andrey Petrov isə Ermənistan tərəfinin bu bəyanatını ölkədaxili vəziyyətə hesablanmış addım kimi qiymətləndirmişdi: “Bir tərəfdən, həqiqətən də, ermənilərin cəbhədə vəziyyəti qızışdırmaq, sülh danışıqlarını pozmaq məqsədi güddüyünü demək olar. Lakin indiki məqamda bu cür informasiyalar daha çox daxili auditoriyaya yönəlib. Təxribat faktlarını yoxlamaq mümkündür. Əgər itkilər baş veribsə, bunu gizlətmək mümkün deyil. Hansısa tərəf itki verirsə, o əsgərlərin ailələri ortaya çıxır. Adətən, Ermənistan tərəfi itkilərlə bağlı dəqiq informasiya vermir. Lakin Azərbaycan Müdafiə Nazirliyi bu məsələləri heç vaxt gizlətmir və müfəssəl informasiyaları ictimaiyyətlə bölüşür. ATƏT missiyası bu məsələ ilə bağlı cəbhə xəttində monitorinq də apara bilər. Mən əminəm ki, belə bir monitorinqdən sonra erməni tərəfinin yalanları ortaya çıxacaq. Deməli, bu təxribatlar yalnız kağız üzərindədir və İrəvan öz daxili auditoriyasının aldatmaq üçün bu yola əlı atır”.


Rusiyalı ekspertə görə, Ermənistan üçün Qarabağ mövzusu əhalinin diqqətini faktiki olaraq davam edən iqtisadi böhrandan yayındırmağın ən yaxşı üsuldur: “Yerli KİV-lərdə, demək olar, hər gün narazılıqlar, cəmiyyətdə mənfi əhvali-ruhiyyə haqda informasiyalar yayılır. Bu ölkədə işsizlik, emiqrasiya davam edir, dramın məzənnəsi ölür. Vəziyyəti kompensasiya etmək üçün rəhbərlik diqqəti başqa istiqamətə yönəldir. Yəni, “Bizdə şanlı ordu var və hücumları dəf edir” demək istəyir. İrəvan hökuməti əmindir ki, Ermənistanda heç kim bu informasiyaları yoxlamayacaq. Xüsusilə, erməni əsgərləri itki verməyibsə”.


Göründüyü kimi, Ermənistan tərəfi öz gələcək təxribatına zəmin yaratmaq üçün önə informasiya təxribatına əl ataraq Azərbaycan tərəfinin ona qarşı hücum etdiyi iddialarını irəli sürdü və ardınca da öz təxribatını həyata keçirdi. Lakin Azərbaycan ordusu düşmənə layiqli cavabı verdi.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm