• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Vurğun Əyyubu da qovurlar – hələlik Məclisdən

  • Nida.az
  • 6 Yanvar 2015 12:07
  • 471 Baxış
Vurğun Əyyubu da qovurlar – hələlik Məclisdən

Müsavat üzvü, Qubad İbadoğlunun əsas tərəfdarı olan Vurğun Əyyubun Məclis üzvlüyü məsələsinə baxıla bilər.

Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı Publika.az-a açıqlamasında Məclisdə iştirak etməyənlərlə bağlı qərarın qəbul oluna biləcəyini deyib: “Vurğun Əyyubun Məclis üzvlüyü ilə bağlı məsələ hələlik gündəmdə deyil. Sonuncu toplantıda Arif Hacılı həmrəylik günü ilə əlaqədar bu məsələni gündəmə salmadı. Lakin Vurğun Əyyub özünü Müsavat Məclisinin üzvü olmadığını bəyan edir, həmçinin iclaslarda iştirak etmir. Məclisi növbəti toplantısı mart ayında keçiriləcək. Ona qədər bu məsələ gündəmdə deyil. Lakin Məclisin reqlamenti ola bilər və iştirak etməyənlərlə bağlı qərar qəbul oluna bilər”.


Qeyd edək ki, dekabrın 27-də Müsavat Məclisinin toplantısında Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması məsələsi gündəmə gəlmişdi. Müsavat başqanı Arif Hacılı Vurğun Əyyubun Məclisin işində iştirak etmədiyini əsas gətirərək onun üzvlükdən uzaqlaşdırılması təklifini irəli sürüb: “Vurğun Əyyub 3 ay ərzində sistemli olaraq özünü Müsavat Məclisinin üzvü saymadığını vurğulayıb. Bir gün əvvəl də onu Məclisin iclasına dəvət etmişik. Ancaq o, Məclisə gəlməyəcəyini və özünü Məclis üzvü hesab etmədiyini deyib. Bu barədə ardıcıl açıqlamalar verir. Hesab edirəm ki, Məclis üzvü olmadığını bəyan etməsini nəzərə alaraq, onun Məclis üzvlüyündən çıxarılması haqqında qərar verməliyik”.


Divan üzvləri Razim Əmiraslanlı və Nemət Kərimli V. Əyyubun Məclis üzvlüyündən çıxarılması haqqında təklifi dəstəkləyiblər. Məclis üzvü Sabir Məmmədli isə buna etiraz edib: “Mən bu bolşevik metodunun əleyhinəyəm. Bu gün zal boşalır. Çünki özünü dahi elan edənlər adicə prosedur qaydalarını düzgün yerinə yetirmirlər”.

Ellada Məmmədli, Arifə Hüseynli və digərləri də təklifə qarşı çıxıblar.


A. Hacılı sonda Dünya Azərbaycanlılarının Həmrəylik Gününü nəzərə alaraq məsələni səsə qoymayıb. Lakin o, Vurğun Əyyubun tərəfdarlarından onun iclasda iştirakını təmin etmələrini istəyib.


“Vurğun Əyyub Məclis üzvü olmadığını bir daha bildirib. Amma həmrəylik günü olduğunu və bununla bağlı bir neçə narazı şəxsin olduğunu nəzərə alıb bunu səsə qoymuram. Bilirəm ki, bu məsələ səsə qoyulsa, Vurğun Əyyub Məclisdən çıxarılacaq. Lakin 4-5 nəfərin etirazlarını nəzərə alaraq hələlik bundan vaz keçirəm. Amma gərək həmin etiraz edənlər Vurğun Əyyubun gələn Məclisdə iştirakını təmin etsin.”, - deyə başqan bildirib.


Vurğun Əyyub isə bu məsələyə özünəməxsus formada yanaşır.


“Mən özümü Məclis üzvü hesab etmirəm. Necə ola bilər ki, mənim çıxarılma məsələm qaldırılsın? Haqqımda deyilənlər, yazılanlar məni maraqlandırmır. Bu cür məsələlər mənə adi hal kimi görünür. Bu cür məsələləri kimlər, niyə gündəmə gətirir, bilmirəm”, - deyə o bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR