Qurultay kimlərə Müsavatın taleyini yaşadacaq? - ANALİZ
Bizi izləyin

Nida.az

Qurultay kimlərə Müsavatın taleyini yaşadacaq? - ANALİZ

Müsavat Partiyasının VIII qurultayı siyasi partiyalar üçün bir örnək oldu. Söhbət illərlə sədrlik postunu tərk etmək istəməyən liderlərin vəziyyətindən gedir. İsa Qəmbər 22 il sonra getmək qərarını verdi və bu, onun illərlə başqanlıq etdiyi partiyası üçün acı fəsadlarını göstərdi.

Müsavat ikiyə bölündü, əsas simalar yeni rəhbərliyə qarşı çıxdı, 22 illik başqanlıq dönəmində İsa Qəmbəri sarsılmaz lider görənlər belə Arif Hacılının yanında səf tutmasından sonra ona asi oldular.

Partiyanın bir sıra tanınmış siması başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun yanında yer alaraq Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatını yaratdı və ehtimallara görə, bu hərəkat gələcəkdə partiyaya çevrilə bilər. Faktiki olaraq parçalanmış Müsavat üçün qurultay pis dərs oldu.


Eyni dərs daha kimlər üçün baş verə bilər?


Publika.az 2015-ci ildə qurultayı gözlənilən siyasi partiyalardakı vəziyyəti araşdırıb.


Əli Kərimli. Elçibəyin vəfatından sonra AXCP-də sədr postunu daşıyır. 13 illik sədrlik dönəmində onu AXCP üçün əsl lider adlandırırdılar. Lakin ötən il ortaya çıxan bir sıra məqam cəbhəçilər arasında da Əli Kərimliyə qarşı olanların mövcudluğunu göstərdi.

AXCP noyabr ayında qurultayını keçirəcəyini bəyan etmişdi. Lakin vaxt çatanda qurultayın 2015-ci ilə qədər təxirə salındığını açıqladı. Buna səbəb kimi rayon təşkilatlarında konfransların tam olaraq keçirilməməsi göstərildi. İlk baxışdan bu inandırıcı görünsə də, mediaya sızan məlumatlar əksini deyirdi.

Həmin ərəfədə Əli Kərimlinin müşaviri Şakir Abbasov məhz qurultaya etiraz olaraq partiyadan istefa verdi.

Ötən ilin dekabrın 11-də Publika.az-da yayımlanan məlumatlar Əli Kərimlinin təxirəsalma gedişinin səbəblərini ortaya qoydu (http://publika.az/p/55552).


Belə ki, AXCP daxilində uzun illər ərzində Əli Kərimliyə qarşı olanlar yetişirmiş. Sayı kifayət qədər olan bu qrup partiyanın qurultayında öz etirazlarını bildirmək, rəhbər dəyişikliyi (ən azından müavinlərin dəyişilməsi tələbi) olmayacağı təqdirdə, kütləvi şəkildə partiyadan getməyi düşünürmüş. Əli Kərimli vaxtından əvvəl bundan xəbər tutub və qurultayı təxirə salıb. Məlumatlara görə, narazı olanların bir neçəsi sakit formada partiyanı tərk edib.


Bu haqda danışan mənbə bəzi məqamları da açıqlayıb.


“Şakir Abbasov və Kəmallədin Rəhimovun istefası Əli Kərimlini olduqca narahat edirdi. Çünki o, özünü əsl lider hesab edir və partiya üzvlərini istədiyi kimi idarə edə biləcəyini düşünürdü. Bu situasiya yaranandan bəlli oldu ki, istefaya getmək istəyənlər bir neçə nəfər yox, onlarladır. Hətta yeni partiya yaratmaq istəkləri də var idi. Sonda bu istəkdən vaz keçildi. Əli Kərimli də istefaların qarşısını ala bilməyəcəyini görəndə qurultayı təxirə salaraq onları zərərsizləşdirdiyini düşünür. Yəni bir növ istefa verənlərə auditoriya tanımadı. Amma dəqiq bilirəm ki, onlar AXCP-də qalmayacaq. Hər şeyi açmaq üçün məqam gözləyirlər. Onların adı açıqlansa, Əli Kərimli onları hansısa formada cəzalandıracaq. Lakin qurultayla bağlı ciddi fikir ayrılığı var. Fuad Qəhrəmanlı Əli Kərimlinin əsas adamı rolunda çıxış edir və partiyanı idarə edənlərdəndir. Digər müavinlər, xüsusilə Kərəm Həsənov kölgədə qalır. Bu bir qədər onun səhhəti ilə bağlıdır, lakin Fuad Qəhrəmanlı da onun fəaliyyətinə ciddi maneələr yaradır. Bir də Əli Kərimli xaricə çıxa bilmədiyi üçün Avropadakı bütün işlərini Fuad həyata keçirdir. Fuad Qəhrəmanlının Əli Kərimliyə yaxınlığını gənclər qəbul etmir. Misal üçün, Seymur Həzi, Natiq Ədilov, (N. Ədilov ölkəni tərk etsə də, AXCP üzvü olaraq qalır - red), Əbülfəz Qurbanlıda bu yaxınlıq xüsusi qıcıq yaradır. Onlar qurultayın keçirilməsində əsas maraqlı olan adamlardır. Məqsədləri Əli Kərimlini sədrlikdən göndərmək deyil. Sadəcə olaraq, Məclis sədrliyinə daha aktiv və gənclərin namizədini gətirib partiyada təşəbbüsü ələ almaq istəyirlər. Hazırda Məclis sədri olan Kərəm Həsənov üçün bunun o qədər də önəmi yoxdur, o daha çox şəxsi
işləri ilə məşğuldur. Fuad Qəhrəmanlının da bu posta öz namizədi var. Partiyada bu cür qarışıqlıq yaranıb. Əli Kərimli də narazılıqları yatırmaq üçün qurultayı təxirə saldı”, - deyə məlumatda qeyd olunurdu.


Göründüyü kimi, Müsavatdakı arzuolunmaz ssenari AXCP-də də yaşanacaqdı. Əli Kərimli qurultayı təxirə salmaqla bunun qarşısını almağa cəhd etdi. Lakin bu il AXCP-nin qurultayının keçirilməsi vacibdir. Əks təqdirdə, nizamnamə pozuntusu baş verəcək. Eyni proseslərin Əli Kərimli üçün də baş verəcəyi ehtimalları böyükdür.


Mirmahmud Mirəlioğlu: 10 ildən artıq bir müddətdir KXCP-yə sədrlik edir. Klassiklərin durumu AXCP-dən daha yaxşıdır. Lakin qurultay olacağı təqdirdə bu partiyada da vəziyyətin gərginləşməsi qaçılmaz olacaq.


KXCP sədrinin müavini Xəzər Teyyublu Publika.az-a açıqlamasında bu il qurultay keçirmək niyyətində olduqlarını bildirib.

“Ötən ilin dekabr ayının 28-də Ali Məclis qurultaya hazırlıq üzrə təşkilat komitəsinin yaradılması qərarını verdi. 2015-ci il ərzində bütün yerli təşkilatlarımızda hesabat-seçki iclasları keçiriləcək. Bu proses bitdikdən sonra Ali Məclis yenidən toplanacaq və qurultayın keçiriləcəyi tarixlə bağlı qərar verəcək. Çalışacağıq ki, qurultayı bu il keçirdək”, - deyə KXCP rəsmisi bildirib.


Lakin qurultay klassiklər üçün arzuolunan deyil. Çünki partiya rəhbərliyində təmsil olunan bir qrup 3 il öncə Mirmahmud Mirəlioğluna etiraz olaraq “Demokratik Birlik” fraksiyası yaratdı. Onlar üçün qurultay öz prinsiplərini yetirmək üçün əla fürsətdir.

Fraksiyada təmsil olunan İsmayıl Yusifov KXCP sədrini demokratik qurultay keçirməyə çağırıb.

“Əgər hazırkı rəhbərlik özündə güc tapıb demokratik qurultay keçirsə, öz namizədliyimi irəli sürəcəm”, - deyə o bildirib.


Göründüyü kimi, KXCP-nin qurultayı hadisəsiz keçməyəcək. Diqqətçəkən digər məqamsa, “Demokratik Birlik” fraksiyasının Müsavatdakı narazıların yaratdığı ADR-ə qoşulmasıdır. Bu isə özlüyündə Müsavatın taleyinin KXCP üçün gözlənilən olacağını deməyə əsas verir.

Eldar Namazov: 2013-cü il prezident seçkiləri ərəfəsində yaranan “El” hərəkatına sədrlik edir. Hərəkat bu il qurultayını keçirməlidir. Qurultayla bağlı Təşkilat Komitəsi də yaradılıb. Hətta partiyaya çevrilməklə bağlı fikirlər də var idi. Lakin son üç ayda bu hərəkatın mövcudluğundan xəbər yoxdur. Hərəkatın əsas yaradıcılarından olan Eldəniz Quliyevin istefası isə kifayət qədər müəmmalara yol açdı.

Qurultayla bağlı “El” rəhbərliyindən heç bir məlumat öyrənə bilmədik. Publika.az-a daxil olan məlumata görə, hərəkatın sədri Eldar Namazov hazırda Avropa ölkələrinin birində müalicə olunur. Onun ölkədə çox az müddətdə olduğu deyilir.

Proseslər hərəkatın fəaliyyətinə ümumiyyətlə xitam verilməsi ehtimallarını gücləndirir.

REAL hərəkatı siyasi partiyalardan yekdilliyinə görə fərqlənir. Elektorat baxımından zəif olsa da, bu hərəkatda idarəçilik daha yaxşı qurulub. Hərəkatın sədri İlqar Məmmədovdur, lakin qərarlar daha çox kollegial olaraq verilir.


Hərəkatın İdarə Heyətinin üzvü Natiq Cəfərli Publika.az-a bildirib ki, mayın 28-də qurultay keçirmək niyyətindədirlər.


“Hazırda qurultaya hazırlıq məsələləri üzərində iş gedir. Təyin olunan vaxtda qurultayın baş tutmasına çalışacağıq. Partiyaya çevrilmək məsələsi gündəmdədir. Ötən il bununla bağlı qərar qəbul olunub. Biz parlament tipli partiya qurmaq istəyirik. Bu il partiyaya çevrilmək prosesini tamamlamaq və parlament seçkilərinə qatılmaq istəyirik”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm