• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kremlin müdhiş planı: Bakının Qərbə çıxışını bağlamaq istəyir – TƏHLİL

  • Nida.az
  • 12 Yanvar 2015 13:37
  • 1 332 Baxış
Kremlin müdhiş planı: Bakının Qərbə çıxışını bağlamaq istəyir – TƏHLİL

Rusiya Dağıstanla Gürcüstan arasında çəkilən Avar-Kaxetiya yolu boyunca yaşayan gürcü əhalisinə öz pasportlarını paylamağa başlayıb.


Publika.az xəbər verir ki, bu iddia ilə gürcü ekspert Vano Maçavariani çıxış edib və bunu ciddi təhlükə adlandırıb.


Bu təsdiqlənməmiş məlumat olsa da, ötən ilin 25 dekabr tarixində Rusiya prezidenti Vladimir Putinin sabiq məsləhətçisi, iqtisadçı Andrey İllarionovun açıqlaması fonunda diqqət çəkir.


“Hazırda Avaro-Kaxetiya yolu yenidən qurulur. Bu yol gələn ilin yazında Şərqi Gürcüstana hərbi texnikanın çatdırılması üçün kanal ola bilər. Rusiya Baş Qərargahı üçün Ermənistana və Dağlıq Qarabağa quru dəhlizi lazımdır. Bu halda Azərbaycandan Türkiyəyə uzanan boru kəmərləri də kəsilmiş olacaq”, - deyə Putinin keçmiş məsləhətçisi bildirirdi.


Moskvanın bu planı arxasında bir sıra məqamlar gizlənir və bütün hallarda zərbə Azərbaycana da dəyə bilər.


Ermənistanın iki “xilas” yolu: hərbi müdaxilə ola bilər


İrəvan Avrasiya İttifaqına qoşulduqdan sonra ümumittifaq ölkələri ilə quru əlaqəsinin olmaması əsas problem olaraq qalır. Belə bir yolun olmaması həm də yeni yaranan ittifaqın işlək mexanizmini də ləngidir. Hərçənd, Ermənistana çıxış üçün iki variant var: İran və Gürcüstan.


İran bu illər ərzində Qərbin sanksiyaları fonunda Moskva ilə işbirliyinə getməkdə maraqlı olub. Həmçinin Bakının etirazına baxmayaraq, Tehrandan İrəvana dolayısı ilə işğal siyasətini möhkəmləndirməyə dəstək olan humanitar, iqtisadi və siyasi yardımların edildiyi də faktdır. Bu baxımdan, İran yolu məqbul hesab edilə bilər. Lakin ilk növbədə bu yolun uzunluğu onun səmərəliliyini azaldır. Digər tərəfdən, son illər dəyişən geosiyasi maraqlar da buna imkan vermir. Belə ki, Qərb İrana qarşı sanksiyaları müəyyən mənada yumşaldıb, eləcə də liberal Ruhaninin Tehranda idarəçiliyin başına gəlməsi İranın anti-qərb siyasətində dönüş edib. Tehran Qərblə yaxınlaşmaq perspektivi kontekstində iki məqama xüsusi diqqət yetirir. Birincisi, Avropa Birliyinə alternativ olan Avrasiya İttifaqına qarşı çıxmasa da, ona hər-hansı formada yardım etmək istəmir. Çünki bu, Qərb sanksiyalarının yenidən kəskinləşməsinə səbəb ola bilər. İran bu məsələdə hələlik seyrçi rolunu oynayır.

İkincisi, Tehran artıq əvvəlki illərə nisbətən İrəvan siyasətində Bakının qıcıqlandırmaqdan çəkinir. Bakı Tehran üçün Qərbə çıxış və yeni enerji bazarının açarı ola bilər. Ukrayna hadisələrindən sonra Rusiyadan fərqli enerji mənbəsinə üstünlük verən Qərb üçün Azərbaycan qazı əsas alternativdir. Lakin infrastruktur baxımından nə qədər əlverişli olsa da, Bakı bütün Avropanı tam təmin etmək gücündə deyil. Ona əlavə mənbələr tapmaq vacibdir. Burda Türkmənistan qazı haqda gözləntilər var. Amma Rusiya özünə qarşı istifadə olunacaq nələrinsə Xəzərdən keçməsinə imkan vermir. Bu baxımdan, Türkmənistan mənbəsi daha uzaq perspektivdir.
Digər və daha yaxın perspektivdə İran mənbəsi var. Hansı ki, İran üçün əlavə enerji bazarı sərfəlidir və bunun üçün dəhlizə ehtiyacı var. İddialar var ki, İran qazı Avropaya Ermənistan vasitəsilə çıxarılacaq. Lakin İrəvanın Rusiyanın yanında olması, həmçinin, sıfırdan başlayaraq yeni kəmərin çəkilməsi bu variantı mümkünsüz edir. Ona görə də daha real və iqtisadi cəhətdən üstün olan Azərbaycan dəhlizi Tehrana da sərf edən variantdır. Bu məsələnin Ruhaninin Bakı səfərində də müzakirə olunduğuna dair ehtimallar var. Məhz buna görə Bakının mövqeyini nəzərə almadan Ermənistana yol vermək İran üçün son geosiyasi proseslər fonunda sərfəli deyil.


Gürcüstan dəhlizi Ermənistanın Rusiyaya quru çıxışı üçün ən unikal yoldur. Sovetlər dağılandan sonra Moskva İrəvanla məhz bu yol vasitəsilə əlaqə yaradıb. 2003-cü ildə qərbyönümlü Saakaşvilinin hakimiyyətə gəlməsinə qədər hər şey yolunda idi. Saakaşvili Tiflisin yönünü birmənalı şəkildə Qərbə çevirdi. Ondan sonra hakimiyyətə gələn qüvvələr də Avropa Birliyi ilə Assosiativ Sazişi imzalamaqla Moskvanın ümidlərini puça çıxardı. Lakin Moskva üçün hansısa formada yol tapmaq vacibdir. Təbii ki, Ermənistanın Avrasiya İttifaqına yolunun açılması sonradan ortaya çıxan məsələdir.


Avqust müharibəsində yarımçıq qalan ideya: bütün yollar Ermənistana aparır


Gürcüstandan dəhliz açılması ideyası hələ 2008-ci ildə mövcud idi. Rusiya bu yolla həm Gümrüdəki rus hərbi bazasına quru yolu əldə etmək, lazım olanda hərbi texnikanı asanlıqla bu bazaya yerləşdirmək, həm də uzaq perspektivdə Şimali İrana hücum etmək planlarını həyata keçirmək istəyirdi.

Bu haqda Gürcüstanlın sabiq prezidenti Mixeil Saakaşvili də xəbərdarlıq etmişdi: “Rusiyanın siyasətinə və Avar-Kaxetiya yolunun tikilməsinə reaksiya verilməlidir. Biz onları bu yolun - hərbi yolun nə üçün istifadə ediləcəyini açıqlamağa məcbur etməliyik. Putin deyir ki, yol ona hərbi texnika üçün lazımdır. Bunu o, 2008-ci ildə deyib. Dediyi hər şeyi də edir. Oçamçir və Qalidə (Abxaziya, Qərbi Gürcüstan) dəmir yolu salındı, 350 tank yeritdi. Roksk tunelini nə üçün istifadə etdiyini hamımız gözəl bilirik. Sxinvalidə kəsmə yol ilə texnika yürütdü. Hər dəfə yol tikdikdə onu hərbi təyinatda istifadə edir. Avar-Kaxetiya yolu Tiflisi almaq üçün lazımdır”.


Bu ölkənin sabiq müdafiə naziri Dmitri Şaşkin də Rusiyanın planları haqda maraqlı fikirlər səsləndirmişdi.


“Bu yeni ideyalar onu göstərir ki, bizdən alınan 20 faiz torpaqla Rusiya 2008-ci ildə öz hədəfinə nail olmadı. Tiflisi almaq 2008-ci ildə hədəf idi. Nədən Rusiyanın belə bir hədəfi var? Gümrüdəki bazaya yeganə quru yol Gürcüstan vasitəsilə, Tiflis vasitəsilə keçir. Şimali İrana müdaxilə olacağı halda 100 minlik hərbi korpus lazımdır. Tiflis yolu bunun üçün ən münasib yoldur. Digər bir plan yeni ərazilərin işğalı ilə Ermənistana birbaşa dəhlizin açılmasıdır. Hazırda Avar-Kaxetiya yolu tikilməkdədir. Abxaziya ilə Moskvanın razılaşmalarının kökündə Ermənistanın sərhədinə çıxış dayanır”.


Rusiyalı ekspertlər də qeyd edirdi ki, 2008-ci il müharibəsinin əsas məqsədlərindən biri - Ermənistan sərhədinə çıxış planı yerinə yetirilməyib. Rusiyaya Ermənistan sərhədinə birbaşa çıxış üçün Kaxetiya yolu lazımdır. Bu vəziyyətdə Gürcüstan potensial qurbana çevriləcək. Rusiyada əvvəlki kimi İranda vəziyyətin kəskinləşməsi halında Şimali İranın işğalı haqqında söhbətlər davam edir. Rusiya Baş Qərargahı artıq açıq şəkildə bildirir ki, bunun üçün onlara Gürcüstan vasitəsilə dəhliz lazımdır.


Göründüyü kimi, Moskva öz planlarından vaz keçməyib. Bölgədə gürcülərə Rusiya pasportlarının paylanması da güman ki, gələcək ssenarilər üçün lazımdır.


Yarım milyon azərbaycanlı rus idarəçiliyi altına keçə bilər


Burda diqqətçəkən digər məqam Moskvanın “dəhliz planında” Borçalı faktorudur. Gürcü siyasətçilər Rusiyanın Tiflisi almaq məqsədi güddüyünü deyir. Lakin bu Kreml üçün də bir qədər çətin məsələdir. Ermənistana aparacaq yolun davamı üçün ən məqbul variant azərbaycanlıların yaşadığı Borçalı mahalından keçməkdir. Gürcüstan sərhədinə qədər çəkilən yolun davamı üçün ən qısa məsafə də burdan keçir. Bunun üçün Rusiya gərək Borçalını işğal etsin. Bir sıra rusiyalı emissarların bu bölgədəki əhali arasında təbliğat apardığına dair məlumatlar da var. Bütün hallarda söhbət oradakı yarım milyondan artıq azərbaycanlının taleyindən gedir. Bu arada, əslən Borçalıdan olan Kremlin adamı Söyün Sadıqovun ötən ilin əvvəllərində “Borçalı partiyası” yaratmaq cəhdləri də unudulmamalıdır.


Müdhiş plan: Bakının Qərb yolları bağlanır


Azərbaycan üçün ən kritik məqam məhz Rusiyanın bu planına nail olması ilə başlaya bilər. Ümumi mənada bu, blokadada yaşayan Ermənistanın məngənədən çıxması deməkdir. Hansı ki, rəsmi Bakı torpaqlarının işğal edilməsindən sonra Ermənistana qarşı uğurlu təcrid siyasəti aparır.


Lakin Moskva bu planla Azərbaycanın Qərbə çıxışını da bağlayır və Cənubi Qafqazı “ələ keçirir”. Çünki Azərbaycanın Qərbə yeganə çıxışı Gürcüstandır. BTC, “Cənub qaz dəhlizi”, Bakı-Tiflis-Qars dəmiryolu kimi strateji əhəmiyyətli layihələr də məhz bu marşrutla reallaşır. Rusiyanın bu yolu bağlaması isə Azərbaycanı Moskvanın diktəsinə tabe etdirmək cəhdidir.


Ukraynadan sonra dünyadakı enerji problemi Kreml divarları arxasında belə bir planın mövcudluğuna bir daha əminlik yaradır. Bu gün Avropa Rusiya qazından imtina üçün bütün variantlara əl atır və əsas alternativ kimi Azərbaycan qazı gündəmdədir. Yuxarıda qeyd edildiyi kimi, Qərb Azərbaycan qazına alternativ mənbələr tapmaqla enerji xəritəsini dəyişmək niyyətindədir.

Moskva bu planla Bakının Qərb yolunu bağlamaq və onun maraqlarına zərbə vuran enerji siyasətinin qarşısına xətt çəkmək istəyir. Bu, həm də İranın Avropaya ən sərfəli yolunun qapadılması deməkdir. Görünür, 2008-ci ildə yarımçıq qalan plan yeni əlavələrlə işə salınıb. Bunun nə dərəcədə real olacağı hələlik sual altındadır. Lakin bütün hallarda ölkəmiz üçün ciddi təhlükə hesab oluna bilər.


Asif Nərimanlı




Xəbər lenti

DAHA ÇOX XƏBƏR