• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

QMİ-dən məscidlərə 20 Yanvar tövsiyəsi

  • Nida.az
  • 16 Yanvar 2015 12:28
  • 364 Baxış
QMİ-dən məscidlərə 20 Yanvar tövsiyəsi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə bəyanat yayıb.

QMİ-dən Publika.az-a daxil olan bəyanatda deyilir:

"Bismillahir-Rəhmanir-Rəhim!

Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur məqamı kimi həkk olunan Qanlı yanvar faciəsinin növbəti ildönümünü ərəfəsindəyik. Dörddə bir əsr müddətin bizləri ayırdığı 20 Yanvar faciəsi, nə qədər zaman keçməsindən asılı olmayaraq, əsla unudulmayacaq. Şəhidlərimizin unudulmaz xatirəsi qarşısında illərdən bəri ürəklərimizdə gəzdirdiyimiz vətəndaşlıq qüruru və qan yaddaşımızı əsrlər belə silmək iqtidarında deyil. Azərbaycan dövlətçilyinin bərpası uğrunda qurban getmiş, Allah-təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara ehtiramımız tükənməzdir.

Bütün faciəsi ilə yanaşı 20 Yanvar günü xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrildi. 20 Yanvar bizi müstəqilliyə, iqtisadi tərəqqiyə, milli və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Təpədən dırnağadək silahlanmış ordunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmişləri hüquqa, demokratiyaya, humanizmə zidd hadisə kimi səciyyələndirdi.

Bakıda isə Şeyxülislam Allahşükür Paşazadə SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb dolu məktubundə hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi liderimizin və dini rəhbərimizin kəskin mövqeləri xalqı ruhlandırdı, səfərbər etdi, birləşdirdi. Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq ugrunda qurban getmiş şəhidlərin ruhuna and içərək onları torpağa tapşırdı.

Qafqaz Müsəlmanları İdarəsi qanlı hadisələrin ilk günündən var qüvvəsi ilə çalışdı ki, Qarabağ münaqişəsinin davamı olan 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət bəşəriyyətə qarşı yönəldilən amansız cəza tədbiri kimi qiymətləndirilsin. Təəssüf edirik ki, Azərbaycan xalqına və onun böyük oğlu - ulu öndər Heydər Əliyevə qarşı məkr və hiylələrin davamı olan 20 Yanvar faciəsi bugünədək tam beynəlxalq hüquqi, siyasi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb. Azərbaycan xalqının tam mənəvi haqqı var ki, öz qatillərini- M. Qorbaçovu və onun əlaltılarını məhkəməyə cəlb etsin, beynəlxalq qanunlar zəminində canilərin vəhşiliyi, əsl niyyətləri dünya ictimaiyyətinə tam şəkildə açılsın".

Bəyanatda vurğulanır ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı kütləvi terror - Qarabağ münaqişəsi, 20 Yanvar cinayəti də olduğunu dünya bilməlidir: "Bu bir danilmaz həqiqətdir ki, 20 Yanvar faciəsinin zamanında öz hüquqi, siyasi qiymətini almaması xalqımızın ağrılı problemi olan Qarabağ məsələsinin bugünədək ədalətli həllini tapmamasına da təsirsiz ötüşməmişdir. Təəssüflər olsun ki, dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşılması mərəzi burada da özünü göstərmişdir. Azadlıq və demokratiyadan dəm vuran bəzi ölkələr və beynəlxalq təşkilatlar susmağa üstünlük verməkdədirlər.
Azadlığın, müstəqilliyin yolu agırdır və bu yolu qurban vermədən keçmək mümkün deyildir. Şəhidlərimiz olmuş və yenə də ola bilər. Odur ki, 20 Yanvar günü matəm libası geyib kədərə-qüssəyə batmaq günü deyil, şəhidlərimizi anmaq, xalqımıza, xüsusilə gənclərimizə qəhrəmanlıq və vətənpərvərlik ruhu təlqin etmək günü olmalıdır. Şəhidlik imanın, vətənpərvərliyin, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Şəhidlər Allahın onlara göndərdiyi imtahandan mərdliklə, fədakarlıqla çıxıb, bu dünyada ölümsüzlüklərini, axirətdə cənnəti qazanıblar".

QMİ bütün Qafqaz müsəlmanlarının adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir: "Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı var. Biz şəhid ailələrini unutmuruq və heç zaman unutmayacağıq. Əlimizdən gələni etməliyik ki, onlar bizim qayğı və diqqətimizlə əhatə olunsunlar. Şəhidlərin ruhuna ən böyük töhfə Qarabağ zəfəri, Vətənimizin qüdrəti, xalqımızın xoşbəxtliyidir. Biz inanırıq ki, Allahın köməyi və Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz öz ülvi arzularına yetişəcəkdir Azərbaycanın hər yerində qələbə naminə bayram namazları qılınacaq.

Bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın, o cümlədən, dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur. Qafqaz Müsəlmanları İdarəsi bütün məscidlərə tövsiyə edir ki, 20 Yanvar günü məscidlərdə bu bəyanatın mətni oxunsun, əziz şəhidlərimizin ruhlarına dualar edilsin. Uca Allah 20 Yanvar şəhidlərinə rəhmət eləsin!"

Xəbər lenti

DAHA ÇOX XƏBƏR