Rəsmi Bakı: "Böyük dövlətlər sabitlik istəyirsə, iddialarından bir qədər çəkinməlidir"
Bizi izləyin

Nida.az

Rəsmi Bakı: "Böyük dövlətlər sabitlik istəyirsə, iddialarından bir qədər çəkinməlidir"

Böyük dövlətlər sabitlik, təhlükəsizlik, inkişaf təmin etmək istəyirsə, iddialarından bir qədər çəkinməlidir.

Trend-in məlumatına görə, bunu jurnalislərin ABŞ-ın Azərbaycana qarşı təzyiq siyasəti ilə bağlı sualına cavab verən Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O qeyd edib: "Biz bu müstəqillik illərində 23 ildən artıq müddətdə öz siyasi kursumuzu seçmişik və ona sadiqik, bu istiqamətdə də gedirik. Lakin bir şeyə diqqət yetirmək lazımdır ki, indiki beynəlxalq münasibətlərdə hansı proseslər hökm sürür və niyə? Axı bu dünyada hər bir dövlət oz maraqlarını ortaya qoyub onun həyata keçirilməsini tələb edəcəksə, bu dünya doğrudan da indiki vəziyyətə gəlib çıxacaq. Dünyada indi yaranan gərginliyin əsas səbəbi sizcə nədir? Bu Azərbaycandan asılı deyil ki. Azərbaycan bunun səbəbi deyil ki. Çox ciddi bir gərginlik var. Səhərdən axşamadək böyük dövlətlərin hansının televiziya kanalını açırsınızsa açın, görürsünüz ki, nələrdən danışırlar, nələr baş verir. Bunun həqiqət olub-olmadığı tamam başqa məsələdir".

N.Məmmədov düşünür ki, bu, çox təhlükəli prosesdir: "Bu təhlükəli prosesdən kənar olmaq lazımdır. Bu gün dünyada baş verən proseslər, əsasən, böyük dövlətlərdən asılıdır. Doğrudan da bunlar sabitlik, təhlükəsizlik, inkişaf təmin etmək istəyirlərsə, onda bu iddialardan bir qədər çəkinməlidirlər".

Onun sözlərinə görə, bu iddialar “mən nə istəyirəmsə, onu etmək lazımdır, onu etməlisiniz” prinsipinə gəlib çıxır: "Bunu isə şübhəsiz, elə dövlət olacaq ki, qəbul etməyəcək. Bu baxımdan Azərbaycan müstəqilliyi dövründə bütün vektorlarla çox uğurlu, səmərəli, gözəl nəticələri, nailiyyətləri olan əməkdaşlıq edib. O vektorlardan da ən mühümlərindən biri Avropa və ABŞ-dır".

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Azərbaycan siyasi islahatlar sahəsində postsovet məkanındakı, eləcə də digər dövlətlərin heç birindən geri qalmır: "Buradakı vəziyyət onların böyük əksəriyyətindən daha yaxşıdır. Amma Azərbaycanın gördüyü işləri, enerji əməkdaşlığını, beynəlxalq əməkdaşlığını, terrorizmə qarşı mübarizəsini, ölkələrlə ikitərəfli iqtisadi əməkdaşlığını bir tərəfə qoysaq, özünün daxili inkişafı və müstəqil siyasi kursu ondan ibarətdir ki, biz bizə qarşı münasibətin ədalətli olmasını istəyirik. Biz bütün dövlətlərin maraqlarına hörmət edirik və bütün dövlətlərdən də tələbimiz ondan ibarətdir ki, onlar da bizim maraqlarımıza hörmət etsinlər. Yəni bu əlaqələr qarşılıqlı surətdə faydalı olmazsa, qarşılıqlı hörmət üzərində qurulmazsa, onda nəticə indiki vəziyyətə gətirib çıxaracaq. Çox təəssüf ki, bizə qarşı münasibətlərdə çox qərəzli, ədalətsiz, həqiqətə uyğun olmayan yanaşmalar görürük. Müəyyən dövlətlərdə müəyyən dairələrin istədikləri bizim üçün bir qanun, qayda prinsipi ola bilməz və biz onu qəbul edə bilmərik. Bizim bütün dövlətlərlə ilk illərdən qurduğumuz əməkdaşlığı davam etdirmək üçün qapılarımız açıqdır. Sadəcə olaraq, böyük dövlətlərdə belə bir iddia yaranıb ki, “mən nə dedimsə, beynəlxalq hüquq da bu olmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm