• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Xəstə, intriqaçı, yalançı” – Milli Şuraya “diaqnoz” qoyuldu

  • Nida.az
  • 19 Fevral 2015 18:06
  • 430 Baxış
“Xəstə, intriqaçı, yalançı” – Milli Şuraya “diaqnoz” qoyuldu

Milli Şura iqtidar-müxalifət dialoqunda iştirak edən siyasi partiyaları ittiham edib.

Qurumun Koordinasiya Şurasının toplantısında dialoqda iştirak edən partiyalar hakimiyyətə dəstək verməkdə, “satqınçılıqda” günahlandırılıb.


Publika.az dialoqda iştirak edən siyasi partiyaların məsələ ilə bağlı fikrini öyrənib.


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Milli Şuranın bəyanatını qeyri-hüquqi və qeyri-siyasi adlandırıb: “Azərbaycan dünyada kifayət qədər tanınmış ölkədir və burda baş verən proseslər diqqətlə izlənilir. Yaxın vaxtlarda ölkəmizdə I Avropa Oyunları keçiriləcək. Dünyanın diqqəti Azərbaycanda olacaq. Belə bir vaxtda hakim partiyanın təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən siyasi partiyalarla dialoq təqdirəlayiqdir. Bu Azərbaycanda demokratiya və söz azadlığının inkişafına xidmət edəcək”.


AMİP sədri hesab edir ki, bu dialoqlardan sonra parlament seçkiləri daha şəffaf olacaq.


“Bu dialoqların ardıcıl olması da ümumi prosesə xeyir verəcək. Mən görüşdə siyasi partiya sisteminin təkmilləşməsi üçün təkliflər paketi hazırladığımızı bildirdim. Bu məsələlər də gündəmə gələcək və bütün bu məsələlərin hamısı yalnız dialoqlarda həll olunur. Təzyiq, təhqir, bir-birini ittiham etməklə heç bir problem yoluna qoyulmur”, - deyə o bildirib.


Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şura və AXCP-nin müxalifətçiliyinin xalqa heç bir xeyir gətirmədiyini deyib. Onun sözlərinə görə, bu siyasi qüvvələrin indiyə qədər bacardığı ən yaxşı şey ittiham etmək və söyməkdir: “Belə çıxır ki, ölkənin bütün siyasi qüvvələri satqın və ağılsızdır. Bircə onlar hər şeyin düzünü bilirlər. 20 ildir müxalifətçilik edirlər, amma bu müddət ərzində bircə dəfə də olsun xalqı, ölkəni irəli aparacaq məsələləri qaldırmayıblar. Ancaq kiminsə fəaliyyətini təftiş etmək, ittiham etmək, özlərini mühakimə edən prokuror kimi aparmağı bacarırlar. Xalqa mənasız sözlər, mənasız vədlərdən başqa nə veriblər?”


S. Cəlaloğlu iqtidar-müxalifət dialoqunun ölkənin gələcəyinə xidmət etdiyini deyib.


“Dialoq demokratiyanın əsas elementlərindədir. Problemləri dialoqlarda həll olunan ölkələr həmişə inkişaf edib. Biz 20 ildə ittiham etməyin, qarşıdurmanın hansı nəticələr verdiyini görmüşük. Əslində bu nəticəsizlik olub. Sən iqtidarı burdan söy, onlar cavab versin və belə davam etsin. Amma hara qədər? Bu ölkəyə, xalqa nə verib? Heç nə. AXCP, Milli Şura kimi demokratik düşüncəsi dar olanlar üçün yalnız özlərinin etdiyi doğrudur. Əslində bu xəstəlikdir. Xəstəlik mütləq hansısa orqanın sıradan çıxması demək deyil. Ən ağır xəstəlik beyində, düşüncədə olan çatışmazlıqlardır. Hesab edirəm ki, siyasi partiyaların bir araya gəlib görüşməsi, problemlərin həllini dialoq yolu ilə axtarması ən məqbul variantdır. Müsavatın da bu prosesə qoşulacağına ümid edirəm. Qoy Milli Şura burda olmasın. Onların olması, yaxud olmaması heç nəyi dəyişdirmir”, - deyə o bildirib.


Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da Milli Şuranın yanaşmasının absurd adlandırıb. Onun sözlərinə görə, Milli Şura rəhbərliyi öz rəhbərliyini aldadır: “Guya iqtidar tərəfi onlara dəfələrlə zəng edib, dəvətlər göndəriblər. Onlarsa mövqelərini dəyişməyib. Bunu prinsipiallıq kimi təqdim edirlər. Bu cür yalan danışmaq heç kimə yaraşmır. Mən Koordinasiya Şurasında təmsil olunan bir sıra insanlara hörmət edirəm. İstəyim onları nədəsə ittiham etmək də deyil. Əslində dialoq qəbul etməmək olar. Lakin bunu normal dillə ifadə etmək mümkündür. Yoxsa, təhqir, ittiham dilində danışmaq heç kimin haqqı deyil. Ölkənin əksər siyasi qüvvələri görüşdə iştirak edib, həll olunub - olunmamasından asılı olmayaraq, problemləri dilə gətirib. Onlar nəyi səhv ediblər?”


M. Mirəlioğlu dialoqun bütün cəmiyyətə xeyrinin olacağını bildirib. Onun sözlərinə görə, cəmiyyətin bir parçası olan Milli Şura da bu görüşlərin nəticələrindən bəhrələnəcək.


“Ən azından siyasi islahatların sürətlənəcəyinə, daha rahat mühitin yaranacağına ümidlər var. Bu isə bütün siyasi partiyalara xeyirdir. Xeyirli bir işi ləkələmək yaxşı hal deyil”, - deyə o bildirib.


Azadlıq Partiyasının sədri Əhməd Oruc Milli Şuranın dialoqa qarşı çıxmasını ölkədə qarışıqlığın baş verməsində maraqlı olması ilə əlaqələndirib: “Onların dialoqun əleyhinə çıxış etməsi, ölkədə qarşıdurmanın davam etməsində maraqlı olması təəssüf doğurur. Bu qüvvələr nə hansısa problemin həlli üçün ağıllı yol göstərə bilirlər, nə də bu istiqamətdə hansısa təşəbbüsləri dəstəkləyirlər. Bacardıqları da ancaq ittiham etmək, ləkələməkdir. Bu, sağlam mövqe deyil”.


Partiya sədri hazırkı dövrdə iqtidar-müxalifət dialoqunun olduqca pozitiv olduğunu bildirib.


“Bu prosesə aktiv siyasi qüvvələr qoşulur və ümumi məqsəd cəmiyyətin inkişafına, daha yaxşı ölkənin qurulmasına xidmət etməkdir. Biz bunu ölkə üçün edirik. İndi kim görür, kim görmür, yaxud görmək istəmirsə, bu, onların problemidir”, - deyə o bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR