• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sərdar Cəlaloğlu Milli Şuranın 15 mart mitinqinin pərdəarxasını açdı - DETALLAR

  • Nida.az
  • 17 Mart 2015 19:40
  • 992 Baxış
Sərdar Cəlaloğlu Milli Şuranın 15 mart mitinqinin pərdəarxasını açdı - DETALLAR

“Milli Şura mitinq keçirməklə özünü Azərbaycanda ən güclü müxalifət qüvvəsi kimi təqdim etmək istəyir. Bu qurum ölkədə yaranan vəziyyətdən yararlanaraq, bu cür mitinqlərlə xaricdəki qüvvələrə özlərini aparıcı müxalif qüvvə kimi göstərməyə çalışır. Heç kəs mitinq keçirmir deyə, düşünürlər ki, lap 10 nəfər də gəlsə, hamıya mitinq keçirdiklərini bəyan edə biləcəklər”.


Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şuranın 15 mart mitinqini şərh edərkən deyib.


“Ukrayna-Rusiya münaqişəsi bitməyənədək Azərbaycanda siyasi dəyişik arzulamaq problemlər yarada bilər”

ADP sədri mitinq keçirməklə bağlı qərar versələr meydana Milli Şuranın çıxardığı qədər adam çıxara biləcəklərini qeyd edib: “Çünki çox ciddi mitinq təcrübəmiz var. Özüm 10 il bununla məşğul olmuşam. Elə o qədər adamı təkbaşına çıxararam. Sadəcə olaraq mitinqlər problemlərin həllində yetərsizdir. Milli Şura mitinqi öz siyasi məqsədləri üçün istifadə edir. Nə o boyda adamın meydana çıxarılması vacibdir, nə də indiki halda Ukrayna-Rusiya münaqişəsi başa çatmayanadək Azərbaycanda siyasi dəyişiklik arzulamaq. Çünki çox ciddi problemlər yarana bilər”.


“Azərbaycan müxalifəti onun əlinə silah verən qüvvələrin hansı məqsəd daşıdığını bilməlidir”


S. Cəlaloğlu sözügedən mitinqi xalqın iradəsi kimi dəyərləndirməyin doğru olmadığını bildirib.


“Sosialist ideologiyasının təsirində o qədər qalmışıq ki, inqilablar beynimizdədir. Düşünürlər ki, insanları küçəyə çıxarmaqla nəyəsə nail olmaq olar. Amma bu, tamamilə yanlış düşüncədir. Müasir dünyada baş verənlərdən görürük ki, xalqların bir çox hallarda öz maraqlarını qorumaq naminə atdığı addımlar onları daha ağır şərtlərə salır. Suriya, İraq, Ukrayna və başqa bu kimi dövlətlərdə müxalifətin apardığı siyasi mübarizə nəticəsində ölkələrin nə vəziyyətə düşdüyünün şahidiyik. Müxalifətin hər atdığı addım xalqın xeyrinə deyil. Müxalifət düzgün qərar verməyəndə, beynəlxalq konyukturanı, güclər nisbətini nəzərə almayanda, öz istəkləri və imkanları arasındakı əlaqəni düzgün müəyyənləşdirə bilməyəndə verdiyi istənilən qərarla xalqa ziyan vurur. Hüquqda bu, 2 cür cinayət hesab edilir: biri artıq hərəkətlilik, digəri hərəkətsizlik olanda.

Belə vəziyyətlərdə müxalifətin artıq hərəkətliliyi cinayət xarakteri daşıyır. Mən Suriya müxalifətinin liderinin birinin çıxışına qulaq asdım. “Ağlımıza gəlməzdi ki, xalqın azadlığı uğrunda küçələrə çıxaq, qısa müddətdən sonra Suriyanı Əfqanıstandan betər vəziyyətə salaq” deyə o bildirirdi. Mən qəlbən o liderə sual verdim: əgər aparacağın mübarizənin Suriyanı Əfqanıstana çevirəcəyini bilmirdinsə, onda nə üçün xaricdən silah, maliyyə dəstəyi alırdın? Axı insan onun əlinə silah verənin bunu nə məqsədlə etdiyini, dost, yoxsa düşmən olduğunu bilməlidir. Bu baxımdan, Azərbaycan müxalifəti də indiki beynəlxalq konyukturada mütləq onun əlinə silah verən, dəstəkləyən qüvvələrin hansı məqsəd daşıdığını bilməlidir”, - deyə partiya sədri vurğulayıb.


“Partiyalar qiymət artımına qarşı addım atılmasını istədi, hökumət də indi onu edir”


Ölkədə müəyyən problemlərin olduğunu inkar etmədiyini deyən S. Cəlaloğlu həll variantı kimi mitinqləri qəbul etmədiyini vurğulayıb: “Hesab edirik ki, iqtidarla dialoq yolu ilə ölkədəki problemlərin həllinə nail olmaq mümkündür. Qiymətlərə nəzarətlə bağlı müxalif partiyalar bəyanat verib hökumətdən tələb etmişdi ki, qiymətlərin qaldırılmasının qarşısını alsın. Hökumət faktiki olaraq bu dəqiqə onu edir. Yaxşı, niyə hökumətdən narazı olasan ki? Hökumət düz addım atsa da, atmasa da ancaq onu söyməliyik? Tənqidlər olmalıdır. Lakin eyni zamanda yol da göstərməlisən, deməlisən ki, mən hakimiyyətdə olsaydım nə edərdim. Mitinqdə çıxışçılar arasında bir iqtisadçı belə yox idi”.


“10 milyon əhalisi olan ölkədə 2 min nəfər mitinqdə çıxırsa...”


ADP sədri hesab edir ki, bu səviyyədəki mitinqlər nəinki beynəlxalq aləmə, heç ölkəyə mesaj vermək gücündə deyil: “Mitinqə 50-100 min adam çıxarsa, buna reaksiya verilə bilər. Hətta 10 min nəfərin küçəyə çıxmasına reaksiya göstərilmir. Çünki dünyada kiçik və orta çaplı milyonlarla mitinqlər və yürüşlər olur. 10 milyon əhalisi olan ölkədə 2 min nəfər mitinqdə çıxırsa, kim inanar ki, yaranmış vəziyyət əhalinin böyük əksəriyyətini narahat edir. Azərbaycan xalqı kütləvi aksiyalara meyl etmir. Ona görə də bu mitinqlərin daxili auditoriyaya mesaj gücü yoxdur”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR