• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Enerji xəritəsini dəyişdirəcək düymə - TANAP

  • Nida.az
  • 18 Mart 2015 12:24
  • 998 Baxış
Enerji xəritəsini dəyişdirəcək düymə - TANAP

Martın 17-də Türkiyənin Qars şəhərində dünyanın enerji xəritəsini dəyişdirəcək layihənin təməli atıldı.


TANAP nəyə malikdir?


Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizi layihəsinin əsas hissəsi olan TANAP mavi yanacağın ilk nəqlini 2018-ci ildə reallaşdıracaq. İlk əvvəl 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

Boru xətti Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə 20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşacaq və bu nöqtədən etibarən TAP ilə bağlanacaq. TANAP 10-11 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.


TANAP layihəsi çərçivəsində SOCAR, bp və Türkiyənin “Botaş” şirkəti arasında müqavilə imzalanıb. TANAP layihəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 80 faiz, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20 faiz paya malikdir.


Ötən ilin sentyabr ayının 20-də Bakıda Cənub Qaz Dəhlizi layihəsinin təməli atılanda bunu utopiya adlandıran və reallaşacağına ümid bəsləməyənlər də var idi. Xüsusilə dünyanın siyasi nizamındakı yeni proseslərin yaşanması xeyli suallar yaradırdı. Lakin Avropanın enerji təchizatında əsas rolu ələ almağa qərar verən Bakı və Ankara hər şeyə rəğmən başladıqları işi davam etdirir. Burda Tiflisin də tranzit olaraq rolu böyükdür, həmçinin, Gürcüstanın daha sıx bağlarla Azərbaycan və Türkiyəyə bağlanması iqtidarda olan “Gürcü arzusu” koalisiyasının əsas hədəfindədir.


Dünən Qarsda atılan təməl regionda yeni gücün, yeni ittifaqın yarandığını göstərdi.


Enerji xəritəsini dəyişdirəcək düyməyə basıldı

Təməlqoyma mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçovic, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak edib.

Azərbaycan, Türkiyə və Gürcüstan liderləri dünyanın enerji xəritəsini dəyişdirəcək düyməni basdı və təməl atıldı.


Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, 3 il əvvəl İstanbulda TANAP layihəsi ilə bağlı sənəd imzalanıb: “Biz bu gün artıq bu layihənin təməlini qoyuruq. Enerji sahəsində Türkiyə-Azərbaycan-Gürcüstan birliyi artıq tam yeni mənzərə ortaya qoyur. Bizim həyata keçirdiyimiz birgə enerji layihələri xalqlarımız üçün yeni imkanlar, iş yerləri yaradır, siyasi və iqtisadi gücümüzü artırır. Bu layihə enerji təhlükəsizliyi, ilk növbə isə Türkiyə-Azərbaycan qardaşlığı layihəsidir. Bu tarixi uğurlar əsasında gələcəyimizi qururuq. TANAP layihəsinin tarixi qısa, ancaq çox şərəflidir. 2011-ci ildə Türkiyə prezidenti Ərdoğanla TANAP layihəsi ilə bağlı müqavilə imzaladıq, keçən il sentyabrın 20-də Bakıda Cənub Qaz Dəhlizinin təməlini qoyduq. İnanıram ki, bu layihəni vaxtlı-vaxtında icra edəcəyik. Bu layihəyə ən azı 45 milyard dollar vəsait qoyulacaq. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetr, gözlənilən ehtiyatlar bundan 2 dəfə çoxdur. Əminəm ki, Azərbaycan qazı böyük həcmdə qonşu ölkələrə nəql ediləcək”.


“Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycan, “Şahdəniz” qaz yatağıdır”


Dövlət başçısı Avrasiyada yeni əməkdaşlıq formatının yarandığını vurğulayıb.


“Biz Türkiyə-Azərbaycan-Gürcüstan enerji, nəqliyyat, siyasi, iqtisadi formatı yaratdıq. Bu gün bu formatı genişləndiririk. Bu gün bu işə Yunanıstan, Bolqarıstan, Balkan ölkələri qoşulur. Balkan ölkələri gələcəkdə bizim qazımızı alacaqlar, Rumıniya və Macarıstan da bu layihələrə qoşula bilərlər. Çünki resurslar və Cənub Qaz dəhlizinin ötürmə qabiliyyəti böyükdür. Çalışmalıyıq ki, maksimum öz qazımızla qonşu, dost ölkələri təmin edək. Bu layihələrdə iştirak edən ölkələr təbii müttəfiqlərə çevrilirlər.

Bu ölkələrin tarixi, mədəniyyəti fərqlidir. Ona görə də Cənub Qaz Dəhlizi tək iqtisadi deyil, həm də ciddi siyasi təşəbbüsdür, iqtisadi mənfəət gətirən layihədir. Hazırda Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycan, “Şahdəniz” qaz yatağıdır. Mənbələrin, yolların şaxələndirilməsi də çox önəmlidir. Yeni mənbələrin mövcudluğu vacibdir. Dünyada və Avropada qaza tələb artacaq. Ənənəvi mənbələr tükənir, əminəm ki, gələcəkdə də bütün işləri lazımi səviyyədə aparacağıq. Əsas məsələ odur ki, aramızda qarşılıqlı anlaşma, hörmət var. Novruz bayramında axır çərşənbədə TANAP-ın təməlinin qoyulması önəmlidir. Biz gələcəyimizi milli ənənələr üzərində qururuq. Müxtəlif ölkələrdən gələn dostlar qonaqlarımızdır. İnşallah, 3 ildən sonra TANAP-ın açılışında birlikdə olacağıq”, - deyə Azərbaycan lideri vurğulayıb.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın Türkiyə üçün adi dövlətlərdən olmadığını bildirib.

“Biz eyni dildə danışan, ortaq tarixi keçmişi paylaşan, sözdə deyil, əsl qardaş olan, bir millət, iki dövlətik. Biz TANAP layihəsinin təməlini atırıq və təbii qazı Türkiyə üzərindən Avropaya göndəririk”, - deyə o vurğulayıb.


Gürcüstan prezidenti Georgi Marqvelaşvili təməlqoyma mərasimində çıxışında deyib ki, Gürcüstan bir tranzit ölkə olaraq bu layihədə məsuliyyətini anlayır və üzərinə düşən vəzifəni sonuna qədər həyata keçirəcək.


Layihədən kimlər nə qədər udacaq?


Publika.az xəbər verir ki, rusiyalı iqtisadçı analitik Valeri Nesterov bu layihənin region üçün olduqca əhəmiyyətli olduğunu hesab edir.


“İlk dəfə keçmiş Sovet İttifaqının başqa respublikasından Avropa Birliyinə qaz veriləcək. Bu sistem artıq Bakıda mövcuddur və zaman keçdikcə Avropa bazarından yeni mənzərələrə səbəb olacaq”, - deyə rusiyalı analitik qeyd edib.


Neft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şaban TANAP-ın region xəritəsini dəyişdirəcəyini düşünür. Onun sözlərinə görə, bu layihə yaxın 10 ildə bölgənin iqtisadi və siyasi xəritəsində əhəmiyyətli rola malik olacaq: “Bu layihədən gələcək dividentlər ilk növbədə Azərbaycan, Türkiyə, Gürcüstana xeyir verəcək. 2016-cı ildə regionda təxminən 30 min yeni iş yeri yaranacaq”.


Ekspert hesab edir ki, layihənin həcmi az olsa da, bunun Avropaya ilk qapı olaraq açılması xüsusi önəmə malikdir.


TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin professoru, politoloq Toğrul İsmayıl isə qeyd edib ki, uzun illərdir enerji ixracını yerinə yetirən Azərbaycan bu məsələdə öz strategiyasını ağıllı və düzgün şəkildə həyata keçirir: “TANAP-a Avropa və dünyaya çıxışı təmin edən, əvvəldən təməli atılmış layihələrin davamı kimi baxmaq olar. Daha öncə Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum boru kəmərləri var idi. TANAP da uğurlu enerji strategiyasının davamıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə daha aktiv rola malikdir. Rəsmi Bakı müttəfiqi Türkiyə ilə ortaq layihələr çərçivəsində addımlarını atır. TANAP-ın tam işə düşməsindən sonra Avropanın enerji probleminə böyük töhfə verəcək və “Köhnə Qitə” Rusiyadan yan keçən alternativ mənbə əldə edəcək. Hansı ki, bu alternativ layihə Cənubi Qaz Dəhlizi adlanır.

Lakin bir məsələ həqiqətdir ki, Rusiyanın bu layihələrdən kənarda qalması Azərbaycanın yürütdüyü siyasətlə bağlı deyil. Rusiya özü özünü təcrid edir. Digər tərəfdən, Azərbaycan enerji təhlükəsizliyində aldığı rol özünü milli təhlükəsizliyi məsələsinə çevrilir. Bu baxımdan, təsisat mənbələri və boru kəmərlərinin inkişaf etdirilməsinin vacib olduğunu hesab edirəm. Bu layihələr doğru və sistemli şəkildə həyata keçsə, Azərbaycan öz təhlükəsizliyini də gücləndirəcək”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR