• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bzejinskinin Azərbaycan proqnozu – təhlükə nə qədər realdır?

  • Nida.az
  • 30 Mart 2015 17:33
  • 883 Baxış
Bzejinskinin Azərbaycan proqnozu – təhlükə nə qədər realdır?

Məşhur Amerika politoloqu Zbiqnev Bzejinski Azərbaycanın da adını çəkərək təhlükəli proqnozla çıxış edib.


Publika.az xəbər verir ki, Bzejinski Moldova, Gürcüstan və Azərbaycanın qaynar nöqtələrə çevrilməsi ehtimalını yüksək qiymətləndirib: “Əgər Ukraynadakı müharibə Rusiya üçün uğurlu olsa, onda eyni proseslər başqa məkanlarda da davam edəcək. Rusiya prezidenti Vladimir Putinin davranışlarının analizi göstərir ki, Moskvanın hücumu Ukrayna ilə bitməyəcək. Baltikyanı ölkələr, Gürcüstan, Moldova, Azərbaycan, hətta Polşa da təhdid altındadır. Mən peyğəmbərlik edib qara ssenarilər haqda proqnoz vermək istəmirəm. Lakin Rusiyanın Ukrayna ilə kifayətlənməyəcəyi ehtimalı böyükdür”.


Bunu Qərb-Rusiya qarşıdurmasında adıçəkilən ölkələrin tutacağı mövqeyə təsir etmək cəhdi kimi də hesab etmək olar. Lakin dünya nizamının formalaşmasında ideyalarından istifadə olunan Bzejinski kimi bir politoloqun fikirlərinin qeyri-ciddi olduğunu düşünmək sadəlövhlük olardı. Hansı ki, indiyə qədər onun bir çox proqnozunun reallaşdığı faktı var.


Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri Publika.az-a açıqlamasında Bzejinskinin proqnozunu şərh edib.


“Onun dedikləri həqiqətə uyğundur. Lakin bu siyahıda Azərbaycanın lap sonda olduğunu hesab edirəm. Çünki bu gün əsas hədəfdə olan ölkələr Ukrayna kimi Avropa Birliyi ilə Assosiativ Sazişi imzalayan Gürcüstan və Moldovadır. Bu ölkələr Avropa ilə ciddi inteqrasiya prosesi keçir, onların NATO-ya inteqrasiyası nəzərdə tutulub. Bu istiqamətdə konkret tədbirlər hazırlanır. Ukraynada isə onsuz da böyük savaş aparılır. Hesab edirəm ki, yay aylarında bu savaş daha da böyüyəcək. Minskdə əldə olunmuş iki saziş isə daha çox Rusiyanın özünü toparlaması xarakteri daşıyır. Bu gün Donbasa yeni qüvvələrin cəlb edilməsi də Rusiyanın Ukraynadan əl çəkməyəcəyini göstərir”, - deyə politoloq qeyd edib.


N. Mirinin fikrincə, Ukraynada itirən Rusiya Avrasiya modelində Kiyevi kompensasiya edəcək yeganə ölkə kimi Azərbaycanı görür: “Çünki Azərbaycan regionda Gürcüstan və Ermənistanın birlikdə gücündən qat-qat güclü, qüdrətli və strateji önəmi olan ölkədir. Azərbaycanın Rusiya nüvəsinin ətrafında olması Moskvanı ciddi şəkildə gücləndirə bilər. Digər tərəfdən, Azərbaycan Qərb dünyasının enerji təminatında da ciddi rola malikdir. Moskva üçün Bakının dəstəyini qazanmaq enerji rıçaqında əlavə divident qazanmaq olardı”.


Lakin politoloq indiki şəraitdə Rusiyanın Azərbaycanı hərbi hədəf olaraq seçmədiyini bildirib. Onun sözlərinə görə, qarşıda bu halqanın zəif nöqtələri olan Gürcüstan və Moldova əsas hədəf olaraq seçilib: “Moldovada Dnestrayanı problemdən başqa qaqauzlarla bağlı da problem var. Ümumilikdə Gürcüstanla Moldovanı ram etmək Azərbaycanla müqayisədə qat-qat asandır. Azərbaycanın hərbi qüdrəti də bu ölkələrin ümumilikdə hərbi gücündən böyükdür. Eyni zamanda, Azərbaycanın Türkiyə kimi strateji müttəfiqi var. Azərbaycana qarşı hansısa müdaxilə Türkiyənin, dolayısı ilə NATO-nun prosesə qarışmasına səbəb ola bilər.

Bu baxımdan, strateji olaraq bu tipli gözləntilər olsa da, Azərbaycanı real təhlükə gözlədiyini düşünmürəm. Ola bilsin ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar genişlənə, daha böyük təxribat cəhdləri ola bilər. Lakin ordumuzun potensialı bu təhlükə haqda qorxunu yox edir. Hesab edirəm ki, Azərbaycana qarşı belə bir hərəkət, onu etməyə cəhd edən qüvvənin boğazında qalar”.


Asif Nərimanlı


Xəbər lenti

DAHA ÇOX XƏBƏR