Rasim Musabəyov: " Azərbaycanda Maydan hadisələri ola bilməz"
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: " Azərbaycanda Maydan hadisələri ola bilməz"

Azərbaycanda siyasi təhlilçilər hesab edir ki, Ukraynadakı olaylar başqa ölkələrdə dəyişiklərin detonatoru ola bilər.

BBC-yə istinadən Azərbaycanca millət vəkili Rasim Musabəyovun Ukrayna hadisələrinə şərhlərini təqdim edirik..

-Azərbaycanda Ukraynadakına bənzər hadisələr baş verə bilərmi?

-Hər halda belə bir şey aktual deyil, nəzəri cəhətdən isə hər yerdə buna bənzər hadisə baş verə bilər. Ancaq indi mümkün deyil, ən azı ona görə ki, Ukrayna ilə Azərbaycan arasında xeyli fərqlər var. Buna bənzər hadisələr əvvəl Ərəb dünyasında oldu, Qırğızıstanda oldu, Gürcüstan da oldu. Onlar Azərbaycana təsir göstərmədi, niyə Ukraynadakı hadisələr təsir göstərməlidir? Düşünmürəm ki, belə bir proyeksiya etmək düzgün olardı. Nəzərə alınmalıdır ki, Azərbaycan hakimiyyyəti Ukrayna hakimiyyəti ilə müqayisədə xeyli güclüdür, vahiddir və Azərbaycanda büdcə tam icra olunur, iqtisadi artım mövcuddur. Hökümətin nəzarətində 50 milyardlıq valyuta ehtiyatları mövcuddur ki, hər cür sosial problemləri həll etməyə tam kifayətdir.

Nəzəri cəhətdən neftin qiyməti 3 dəfə düşsə, maaş və pensiyaları almaqla problemlər olsa, gözlənilməyən dəhşətli korrupsiya faktları aşkar olunsa, hər bir ölkədə mümkün olduğu kimi, [Azərbaycanda da] istisna deyil, amma belə məsələ Azərbaycanda gözlənilmir.

-Azərbaycan bu hadisələrdən özü üçün hansı nəticəni çıxara bilər?

-Xalqın narazılığını qabaqlamağa çalışmaq lazımdır. Ukraynada bir çox islahatlar gecikmişdi. Vergiləri düzgün toplamaq kimi bir çox ciddi islahatlar həyata keçirilməli idi, amma Ukrayna hakimiyyəti nüfuzuna ziyan gəlməsin deyə keçirmirdi. Haqlı da deyildi, təbii. Korrupsiyaya qarşı mübarizə xeyli sərtləşməlidir, məmur özbaşınalığının qarşısı sərt şəkildə alınmalıdır. Azərbaycan iqtidarı bunların hamısının Ukrayna hadisələrindən dərs kimi nəzərə almalıdır.

-Əgər belə bir hadisə baş verərsə, onun Azərbaycan üçün nəticələri nə ola bilər?

- Biz Azərbaycanda buna bənzər hadisələri görmüşük və o Azərbaycan üçün çox pis nəticələnmişdi. Hətta ermənilər hakimiyyət boşluğundan istifadə edərək torpaqlarımızı işğal etmişdi. Nəzərə alsaq ki, biz dondurulmuş müharibə şəraitində yaşayırıq, Azərbaycanın müxalifəti də, iqtidarı da və vətəndaş cəmiyyəti də bu amili heç vaxt yaddaşından çıxarmamalıdır.

-Oxşar hadisələr baş verərsə, bu, Rusiya-Azərbaycan münasibətlərinə necə təsir edər?

-Hər halda buna bənzər hadisələr olub və Rusiya-Azərbaycan münasibətlərində gərginlik müşahidə edilsə də, tam pozulmayıb. O vaxt Elçibəy hakimiyyəti qoyub Kələkiyə getmişdi, necə ki indi Yanukoviç də hakimiyyətini qoyub çıxıb gedib. Şükür ki, Azərbaycanda Heydər Əliyev kimi fiqur ortaya çıxdı və vəziyyəti nəzarətə aldı. Istəyərdim ki, Ukraynada da formalaşan hökümət vəziyyəti tam nəzarətə götürsün və belə olan halda, Rusiya, baxmayaraq ki, indi bəzən yaramaz fikirlər səslənir, səfiri geriyə çağırır, ordunun təlimlərini təşkil edir, əraziyə nəzarəti bərpa edən hökümətlə hesablaşmağa və münasibət qurmağa məcburdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm