Azərbaycanlı deputat AŞPA prezidentini ermənipərəstlikdə ittiham etdi
Bizi izləyin

Nida.az

Azərbaycanlı deputat AŞPA prezidentini ermənipərəstlikdə ittiham etdi

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov AŞPA prezidenti Ann Brassörə müraciət ünvanlayıb.


Publika.az-a daxil olan müraciət A. Brassörin adından qurumun rəsmi saytında dərc olunan “AŞPA prezidenti Ermənistanın islahat yolundakı davamlı irəliləyişini təqdir edir” başlıqlı pres-relizlə bağlıdır.


E. Süleymanov AŞPA prezidentinin “Dağlıq Qarabağ münaqişəsi” ifadə formasından istifadə etdiyinə görə etiraz edib.


“Siz bu mətbuat mətnində iki dəfə “Dağlıq Qarabağ münaqişəsi” ifadə formasından istifadə edirsiniz. Halbuki rəsmi təmsil etdiyiniz AŞPA öz aparıcı qurumlarında bu münaqişəni rəsmi olaraq “Azərbaycanın Dağlıq Qarabağ və digər yeddi ərazisinin işğalı” kimi səsləndirməyi dəfələrlə təsdiqləyib. Biz anlayırıq ki, baş katibiniz cənab Saviçki AŞPA administrasiyasının rəhbəri və AŞPA-nın bütün mətbuat mətnlərinin baş redaktoru kimi AŞPA qurumlarının bu müstəvidəki aydın qərarlarını davamlı olaraq rədd edir. Həqiqətən də bu günə qədər AŞPA-nın bu məsələyə dair bütün pres-relizlərində AŞPA-nın ifadə forması (bu, digər beynəlxalq təşkilatların ifadə formasına uyğundur!) deyil, Ermənistanın ifadə forması işlənir. Xatırlayarsınız ki, bu məsələyə dair məruzənin başlığının dəqiq ifadəsi AŞPA Bürosunda xeyli gərgin və uzunmüddətli müzakirə mövzusu olmuşdu. Çünki bu həssas məsələdə hər söz bütün aidiyyəti tərəflər üçün həqiqətən siyasi əhəmiyyət daşıyır. Nəticə etibarilə, Büroda böyük əksəriyyətin dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində… (gərginliyin artması)” ifadə forması qəbul edilmişdi. Monitorinq Komitəsinin Parisdə keçirilən 17 mart tarixli iclasında Ermənistanın nümayəndəsi, eləcə də sizin 13-15 aprel tarixli Ermənistana rəsmi səfəriniz zamanı bu ölkənin prezidenti, parlament spikeri və digər rəsmilər sizə hücumlar edərək müzakirəni yenidən açmağa və bu ifadə formasını, məhz pres-relizinizdə ifadə etdiyiniz kimi, “Dağlıq Qarabağ münaqişəsi” kimi sadələşdirərək, bir daha dəyişməyə cəhd göstərdilər! Bir neçə həftə əvvəl Strasburqda Siyasi Məsələlər Komitəsində Ermənistanın buna bənzər cəhdi də böyük çoxluqla rədd edildi”, - deyə müraciətdə qeyd olunub.


Azərbaycanlı millət vəkili qeyd edib ki, ermənilərin Büro, Siyasi Məsələlər Komitəsi və Monitorinq Komitəsində Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin silahlı işğalı reallığını inkar etmək istiqamətindəki bütün cəhdləri sonda AŞPA-nın bu qurumlarında yalnız dəyərli vaxt və enerji itkisi ilə nəticələndi: “Lakin göründüyü kimi, yalnız siz, qurumun prezidenti kimi AŞPA-nın bütün aparıcı qurumlarının verdiyi aydın qərarlara qarşı çıxaraq, ermənilərin fikrini açıq müdafiə edirsiniz. Buna baxmayaraq, dünən sözügedən pres-relizinizdə “Prezident kimi, Assambleya qurumlarının verdiyi qərarların icrasına zəmanət vermək mənim vəzifəmdir” deyə vurğulamısınız. Sizin bu açıq-aşkar ziddiyyətli yanaşmanızın məni nə üçün təəccübləndirdiyini anlayırsınız”.


E. Süleymanov A. Brassörü pres-relizə düzəliş etməyə və AŞPA-nın bu məsələyə dair bütün gələcək mətbuat məqalələrini AŞPA Bürosunun ifadə formasına uyğunlaşdırmağa çağırıb.

“Bu birtərəfli və yanlış mətbuat mətnləri vasitəsilə özünün erməni ruhlu şəxsi siyasi gündəliyini açıq-aydın həyata keçirmək məqsədi güdən, prezident kimi müsbət adınıza və AŞPA-nın nüfuzuna xələl gətirən baş katibinizi AŞPA pres-relizlərinin baş redaktoru vəzifəsindən çıxarmaq səlahiyyətiniz var. Hamımız bilirik ki, AŞPA-nın internet səhifəsində rəsmi surətdə təsdiqlənməyən sənədlər, yalnız bir şəxsin mütləq nəzarəti altında yazılan pres-relizlər çox zaman böyük məruzələr və sərt qətnamələrlə müqayisədə ictimai fikrə daha çox təsir edir. Gəlin buna ciddi yanaşaq! Ümumiyyətlə, prezident kimi bilirsiniz ki, Avropa Şurası Parlament Assambleyası hər hansı həssas məsələ ilə bağlı ziddiyyətli siyasi terminologiyadan istifadə edərək, öz etibarlılığına xələl gətirməməlidir. Bu müstəvidə AŞPA-nın rəsmi qərarlarına uyğun olaraq, AŞPA siyasi terminologiyasında eynilik zəruridir”, - deyə o, diqqətə çatdırıb.

Qeyd edək ki, müraciətin sürəti AŞPA Bürosunun bütün üzvlərinə, qurumun baş katibi Voysix Saviçkiyə, Avropa Şurasının Baş Katibi Tyoborn Yaqlanda da göndərilib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm