Əkbər Qoşalı: “Çanaqqalada top-tüfəng deyil, türkün ruhu zəfər çaldı” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Əkbər Qoşalı: “Çanaqqalada top-tüfəng deyil, türkün ruhu zəfər çaldı” – MÜSAHİBƏ

Azərbaycanda Atatürk Mərkəzinin İctimai-siyasi şöbəsinin müdiri
Əkbər Qoşalının Publika.az-a müsahibəsi


- Bu gün Çanaqqala savaşının 100-cü ildönümüdür. Bu savaş dünyaya nəyi sübut etdi?


- Yaxşı deyirsiniz – Çanaqqala məhz dünyaya nəyi sübut etdi? Çanaqqala adı ilə yaddaşlara hopmuş türk zəfəri, bir yaşayış məntəqəsi, bir ölkə, bir bölgə və hətta qitə səviyyəsində deyil, məhz dünya səviyyəsində təsirlər yaradan hadisə idi. Özü də burada keçmiş zamanda danışmaq da düzgün deyil, əslində bu gün də öz təsirlərini qoruyan hadisədir!

Çanaqqala dosta da, düşmənə də sübut etdi ki, türkün maddi, hərbi təminatı zəif ola bilər, siyasi yetkinliyi Avropa biclikləri ilə “süslənməmiş” ola bilər. Lakin türk torpağını qanla suvarmadan geri çəkilməz – ta sonuncu əsgərin qanı ilə...

230 mindən çox insanını, say-seçmə oğul və qızlarını itirən Osmanlının bu zəfəri, tarixin məntiqi, zamanın gərdişi ilə öz ömrünün ixtiyar çağlarını yaşasa da, qan yaddaşı, Vətən eşqi, imanla torpağa bağlılıq, haqqın nazilsə də üzülməyəcəyinə sonsuz ümid nədirsə, onu göstərdi.


- Belə fikirlər var ki, Çanaqqalada türklər yenilsəydi, zamanla Bakının da taleyi indiki kimi olmayacaqdı. Yəni bu savaş bütün coğrafiyanın taleyini həll etdi.


- Çanaqqalada yalnız Osmanlının, Anadolu türkünün taleyi çözülmürdü. Bütün Türk dünyasının, müsəlman dünyasının, qoca Şərqin, bəlkə də, bütövlükdə tərəqqipərvər bəşəriyyətin taleyi təhdid olunurdu.
İndi-indi üzə çıxır ki, o zamanların Çar Rusiyasının Qafqaz yetkililəri mərkəzə göndərdikləri hesabatlarında yazırmışlar ki, Qafqaz türkləri bütün qadağalara baxmayaraq, gizli yollarla Anadoluya, İstanbula keçir, Çanaqqalada öz din qardaşlarının yanında yer almağa gedirlər.

Mən bunu din qardaşlığından daha yüksək, can qardaşlığı, soy qardaşlığı adlandırardım. Təsadüfi deyil ki, Çanaqqala zəfərindən 3 il sonra Osmanlı məhmətciyi Nuru Paşanın başçılığı ilə Azərbaycan xalqına qardaşlıq köməyinə gəldi, Xalq Cümhuriyyətimizin öz paytaxtına qovuşmasına, yadellilərin önəmli ölçüdə susdurulmasına nail oldu. Bu yazılmış qayda-qanunlarla ölçülüb-biçiləcək, hesablanacaq iş deyil. Bu, könül işidir, ruh halıdır, qan, gen yaddaşıdır...

Əlbəttə, Osmanlı Çanaqqalada yenilsəydi, 3 il sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixi çağırışına cavab vermək gücündə ola bilməyəcəkdi. Yalnız bu sözlər belə, Çanaqqala zəfərinin bizim üçün də nə qədər önəm daşıdığını göstərir deyə düşünürəm.


- Maraqlıdır, Avropa gücləri Çanaqqalaya hücum etməmişdən öncə hər şeyi hesablamışdı və qələbəyə inamı güclü idi. Lakin qarşılaşdığı mənzərə fərqli oldu. Sizcə, Çanaqqala zəfərinin əsas səbəbi nə idi?


- Baxın, düşmən qüvvələr hücum öncəsi bütövlükdə hazırlıq görmüşdü. Osmanlını yalnız xəritədə görmüş çox uzaq ölkələrdən, Avstraliyadan, Yeni Zelandiyadan, Seneqaldan və s. on minlərlə günahsız cavanı təlim keçib, beyinlərini doldurub tökmüşdülər Çanaqqala səmtinə. Üstəlik, zirehli dəniz texnikası, quru döyüşləri təminatının bütün detalları, ərzaq ehtiyatı, tibb ləvazimatları və s. öz yerində idi. “Avropanın xəstə adamı” kimi tərif edilən Osmanlı isə böyük ərazilərdə əsgər saxlamaq çətinliyini yaşayır, mərkəzdənqaçma meylləri içində mübarizə aparırdı. Xeyli amansız suallar qarşısında qalmışdı.

Açığı, Osmanlı xanədanında da qaçılmaz məğlubiyyəti gözləməkdə olanlar vardı. Necə ki, bir qədər sonra Osmanlı xanədanlığı “Sevr anlaşması” ilə üz-üzə qalacaqdı. Ancaq türk insanı şəhidlik qatına sonsuz inam və iman içindəydi.

Türk zabitləri, xüsusilə, imperiyanın milli türk torpaqları ilə bağlı öz şərəflərini heç nəyə, heç kimə heç bir şərt altında güzəşt etməyəcəkdi. Məhmətcik o zaman hələ yarbay olan Mustafa Kamaldan, “...Mən sizə taaruzu deyil, ölməyi əmr edirəm!” buyruğu almışdı. Belə ki, döyüşün bir vaxtında Conkbayırı təpəsindən aşağıya qaçan türk birlikləri ilə qarşılaşan Mustafa Kamal, “nə üçün qaçırsınız?” deyincə, 261 saylı təpəni göstərən əsgərlərdən “əfəndim, düşmən..!” cavabını eşidir; “Düşməndən qaçılmaz!” deyən Mustafa Kamal bu dəfə “Cəbbəxanımız qalmadı...” acı etirafı ilə üzləşir. Amma o, “Cəbbəxananız yoxsa, süngünüz var!” buyurur və əsgərlərə süngü taxdırıb yerə yatırdır. Türk əsgərləri süngü taxıb yerə yatınca, düşmən bölüyü də yerə yatır və qazanılan an məhz o an olur!

Bəli, Conkbayırı yenilmədən yetişən 57-ci alayı Mustafa Kamaldan savaşın qədərini dəyişdirəcək o müdhiş buyruğu almışdı: “Sizə mən taaruzu əmr etmirəm, ölməyi əmr edirəm. Biz ölüncəyə qədər keçəcək zaman zərfində yerimizə başqa qüvvətlər və komandanlar qaim ola bilər..!”. Ona görə də, doğrudan doğruya, Çanaqqalada türkün ruhu qalib gəldi.

Tanrı savaşlarda qızıl ləyaqət göstərmiş, haqqa qovuşmuş bütün comərd insanların, şəhidlərimizin ruhunu şad eləsin. Türk dünyasının Çanaqqala zəfəri mübarək olsun. Mümkün olan ən yaxın zamanda Türk dünyası Qarabağ zəfərini yaşasın, inşallah. Bizim ordumuza, dövlətimizə, Ali Baş Komandanımıza inamımız tamdır və o gün uzaqda deyil.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm