“Miledi” ləqəbli kəşfiyyatçının Azərbaycan “sevgisinin” arxasındakı şəxsi qisas
Bizi izləyin

Nida.az

“Miledi” ləqəbli kəşfiyyatçının Azərbaycan “sevgisinin” arxasındakı şəxsi qisas

“Bakı-2015” I Avropa Oyunlarının başlamasına 50 gündən də az vaxt qalıb. Hazırda bu möhtəşəm oyunların təşkili istiqamətində ciddi iş aparılır və demək olar ki, əsas mərhələ yerinə yetirilib. Bütün dünyanın gözü Azərbaycandadır və “Köhnə Qitə”nin tarixində qızıl hərflərlə yazılacaq oyunlara geriyə sayım başlayıb.


Lakin Azərbaycana dikilən gözlər arasında bu ölkə haqda mənfi rəy formalaşdırmaq, kampaniya aparmaq istəyənlər də var. Mediada yayılan məlumatlara görə, artıq qara piar kampaniyası başlayıb.

ABŞ-ın ermənipərəst dövlət katibi Con Kerrinin ofisindən idarə olunan anti-Azərbaycan kampaniyasında diqqətçəkən detallar haqda məlumatlar var.


Publika.az bu detallardan biri haqda araşdırma aparıb. Söhbət Rebekka Vinsentdən gedir.


Fevralın 15-də “İnsan hüquqları naminə idman” kampaniyası layihəsi tam hazırlanaraq maliyyələşmə üçün aidiyyəti qurumlara təqdim edilib. Məlumata görə, bəzi təkmilləşdirmələrdən sonra, martın 31-də layihə təsdiq olunub və onun icrasına külli-miqdarda vəsait ayrılıb. Kampaniya 10 ay ərzində - martın 1-dən dekabrın 31-nə kimi icra olunacaq. Bununla yanaşı, sənəddə qeyd olunur ki, 2016 və 2017-ci illərdə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyi nəzərə alınaraq layihə daha da təkmilləşdirilərək və tamamlanaraq davam etdirilə bilər. Kampaniyaya İnternational Media Support (İMS) və Polşada yerləşən Helsinki İnsan Haqları Fondu rəhbərlik edəcəklər. Layihənin icrası məqsədilə yaradılmış katibliyin bu iki qurum və Açıq Cəmiyyət İnstitutu ilə birgə fəaliyyət göstərəcəyi qeyd olunub. Kampaniyanın maliyyələşdirilməsini NED, Soros Fondu və İMS həyata keçirir. Onu da qeyd edək ki, layihənin əlaqələndiricisi qismində Rebekka Vinsent təyin olunub”, - deyə yayılan məlumatda qeyd olunur.


Rebekka Vinsent: vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində çalışan bu xanım anti-Azərbaycan kampaniyalarının mahir ustası kimi ad çıxarıb. 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsində “Demokratiya naminə oxu” kampaniyası adı altında müsabiqənin baş tutmaması üçün çox çalışdı. Lakin heç nə əldə edə bilmədi və birbaşa dövlətin daxili işlərinə qarışdığı üçün ölkədən çıxarıldı. Onun həyat yoldaşının Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin birində işlədiyi deyilir. Hətta o, ölkədən çıxarılandan sonra “sevgilisindən ayrıldığı üçün” Azərbaycan iqtidarını ittiham edirdi. Yəni onun Azərbaycana qarşı kampaniyasının arxasında nə “demokratiya” sevdası, nə də “insan haqları” arzuların deyil, məhz şəxsi qisas amili dayanır.


Rebekka Vinsent “Miledi” ləqəbini daşıyır və Rusiya mediasının yazdığına görə bu və ya digər formada ABŞ kəşfiyyatına bağlıdır.
Misal üçün, Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri ötən il yazırdı: “Rebekka Vinsent Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı daha çox kəşfiyyat dairələri ilə bağlı olan yeni strategiya üzərində işləyir. Bunu özü də inkar etmir. Oyunlar ərəfəsində beynəlxalq diqqətin Bakıya tuşlanacağını və Azərbaycanda insan hüquqlarının vəziyyətini öyrənəcəklərini bildirir. Bu zaman Azərbaycanın problemlərinə uzaqdan baxmaq lazım gəlməyəcək. Bu baxımdan, beynəlxalq cəmiyyətin konkret ölçülərini qəbul etmək lazımdır. Əks təqdirdə, Oyunlardan sonra hər kəs öz dairəsinə qayıdacaq”.


R. Vinsentin Bakıdakı fəaliyyəti zamanı “oturub-durduğu” şəxslər də təsadüfi seçilməmişdi. Belə ki, o, hazırda dövlətə xəyanətdə ittiham olunan Rəsul Cəfərov və məhz qaranlıq əməllərinə görə istintaqa cəlb olunmaq qorxusundan qaçaraq Bakıdakı İsveç səfirliyində gizlənən Emin Hüseynovla sıx təmasda olub. Hətta bu xanımın E. Hüseynovla daha yaxın əlaqələrə malik olduğu haqda informasiyalar var idi. Lakin o dəqiqdir ki, E. Hüseynov və Rəsul Cəfərovun, həmçinin bu dairəyə bağlı bir çox şəxsin xarici donorlarla təmin olunmasında R. Vinsentin ciddi yardımları olub.


R. Vinsent indiyə qədər bütün fəaliyyətini Azərbaycana qarşı yönəldib. Misal üçün, onun hazırda aktiv olmayan “rebeccavincentconsulting.com” saytı fəaliyyət göstərirdi. Bu saytda məqalələrin tamamilə hamısı Azərbaycan və ölkədəki vəziyyətlə bağlı tənqidi yazılardan ibarət idi.
O, anti-Azərbaycan kampaniyasını sosial şəbəkələr üzərindən ciddi şəkildə yerinə yetirir və bütün bunları öz şəxsi qisası üzərində qurur.


Görünür, o artıq mükafatını alıb və anti-Azərbaycan kampaniyasında əlaqələndirici kimi mühüm posta təyin olunub. Dünyanın diqqətinin “Bakı-2015”-ə yönəldiyi bir vaxtda R. Vinsent və onun işlədiyi anti-Azərbaycan dairələri üçün bu qaçırılmaz “fürsətdir”. Hansı ki, “Eurovision-2012” zamanı bunun şahidi olduq. 3 il öncə baş tutmayan “planlar” yenidən işə salınıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm