Xəzərdən müharibə qoxusu: Moskva və Tehranın hücum taktikası
Bizi izləyin

Nida.az

Xəzərdən müharibə qoxusu: Moskva və Tehranın hücum taktikası

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Avropa turnesi çərçivəsində Avstriya və Sloveniyaya baş çəkib.

Publika.az xəbər verir ki, Berdiməhəmmədov türkmən qazının Avropaya çatdırılması üçün qaz kəmərləri infrastrukturun yaradılmasını planlaşdırır.

ATƏT-in birinci katibi Lamberto Zaner türkmənbaşı ilə görüşündə bildirib ki, Avropa Türkmənistana qaz təchizatçısı kimi baxır və bu istiqamətdə əməkdaşlığın perspektiv aspektlərinin müzakirəsinə hazırdır.

Berdiməhəmmədov da Aşqabadın Avropa ilə dialoqa hazır olduğunu dilə gətirib.

O, bu yaxınlarda Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa Birliyinin energetika sahələrinin rəhbərlərinin iştirakı ilə Aşqabadda dördtərəfli müzakirələr apardıldığını da diqqət çatdırıb.

Qeyd edək ki, həmin görüşdə “Xəzər konsorsiumu”nun yaradılması haqda ilkin razılığa gəlinib. Bu konsorsiumda Avropanın müxtəlif enerji şirkətləri alıcı qismində təmsil olunacaq. Bu razılaşma gələcəkdə mübahisəli Transxəzər kəmərinin reallaşmasına kömək edəcək.

Söhbət türkmən qazının Xəzər dənizinin dibi ilə Bakıya qədər gətirilməsi, burdan TANAP vasitəsilə Avropaya çıxarılmasından gedir. Lakin Rusiya bütün vasitələrlə buna qarşıdır. Hətta ehtimallara görə, bu layihənin reallaşdırılması Xəzərdə müharibə ocağının yaranması ilə də nəticələnə bilər. Avropa isə israrlıdır. Qərb belə bir addımla həm Rusiya qazından asılılığını aradan qaldıra, həm də uzun illərdir arzusunda olduğu məsələni – Xəzərdə Rusiyanın hegemonluğuna son qoya bilər.

Türkmənbaşının Avropa turnesinə çıxması Transxəzər layihəsi istiqamətində ciddi addımların atıldığını göstərir.

Rusiyalı analitik Andrey Petrov hesab edir ki, qarşıdakı dönəmdə Xəzər regionu kataklizimlərlə üzləşə bilər: “2015-ci ildə faktiki olaraq Transxəzər layihəsi dirçəlməyə başladı. Türkmənistanın burda marağı məlumdur. Xəzərdə ən böyük qaz ehtiyatlarına malik olan Aşqabad indiyə qədər Avropa bazarına çıxa bilmirdi. Avropa da türkmən qazını Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliya vasitəsilə idxal etmək niyyətindədir. Bunun üçün hazırda Cənub Qaz Dəhlizi layihəsi var və bu layihənin reallaşması üçün hər gün iş aparılır. Aşqabadın bura qoşulması layihənin genişlənməsi deməkdir. Lakin ortada ciddi problem var. Belə ki, Rusiya ilə yanaşı, öz qazını Türkiyə vasitəsilə Avropaya çıxarmaq istəyən İran da buna qarşıdır. Güman ki, Aşqabad və Brüssel bir-biri ilə razılaşacaq. Həmçinin, Bakı və Ankara da buna etiraz etməyəcək. Amma Moskva ilə Tehran buna qarşı çıxacaq. Bu isə ağır dövrlərin olacağı ehtimalını gücləndirir”.

Ekspert Xəzər regionunda yeni münaqişə ocağının yaranmasını da istisna etmir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm