• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İrəvanın “İsgəndər-M” yalanı: “informasiya savaşı” və ya xalqı aldatmağın asan yolu - TƏHLİL

  • Nida.az
  • 7 İyul 2015 16:27
  • 1 692 Baxış
İrəvanın “İsgəndər-M” yalanı: “informasiya savaşı” və ya xalqı aldatmağın asan yolu - TƏHLİL

Rusiya Ermənistan ordusunun modernləşdirilməsi üçün 200 milyon ABŞ dollarında kredit ayırdı. Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi bir vaxtda Moskvanın bu gedişinin regionda hərbi güc balansının dəyişməsinə gətirib çıxara biləcəyinə dair fikirlər səsləndirilir. Hərçənd Azərbaycan ordusunun qüdrəti ilə müqayisədə Ermənistan ordusu dəfələrlə aşağı səviyyədədir. Lakin bu istənilən halda narahatlığa səbəb olan amildir.


Rusiyanın Ermənistana hərbi və digər sahələr üzrə yardım etməsi təəccüblü deyil. İndiyə qədər erməni ordusunun silahlandırılması, yaxud Ermənistanın təhlükəsizliyinin qorunmasını məhz Moskva həyata keçirir. Amma bu yardım regionda hərbi güc balansının dəyişdirilməsindən çox, İrəvandakı etirazlar fonunda Sarkisyanın Kremli Qərblə şantaj etməsinə qarşı verilən “əvəz” idi.


Bunun etirazların başlamasından 4 gün sonra və Sarkisyanın Brüsselə səfərinin ardınca reallaşması da şübhələrə yer qoymur. Belə ki, iyunun 27-də etirazların davam etdiyi bir vaxtda iqtisadi məsələlər üzrə Rusiya-Ermənistan hökumətlərarası komissiyanın həmsədri, Rusiyanın nəqliyyat naziri Maksim Sokolov İrəvana gəldi və bir neçə razılaşmaya nail oldu. Razılaşmadan biri də məhz Rusiyanın Ermənistan ordusunun arsenalının müasir silahlarla təchiz etmək üçün 200 milyon dollar kredit verməsi ilə bağlı idi.


Sabiq təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin eksperti Arzu Nağıyev Publika.az-a açıqlamasında 200 milyonun regionda güc balansının dəyişəcəyinə inanmadığını deyib.


“Ermənistanda son vaxtlar baş verən hadisələrin siyasi rəng alması və bu məsələlərdə Qərbin tərəfdarlarının artması Rusiya tərəfindən qısqanclıqla qarşılandı. Məhz bundan sonra həmin 200 milyon dollarlıq yardım məsələsi ortaya çıxdı. Bu o demək idi ki, Ermənistanın silah borcundan həmin 200 milyon dollar vəsait silinəcək. Belə olduğu tərzdə güc balansına heç bir təsir ola bilməz. Bu həm Qərb üçün, həm də digər maraqlı dövlətlər üçün bir jest idi. Rusiya bununla Ermənistanın onun Cənubi Qafqazda forpostu olduğuna işarə vurdu”, - deyə ekspert qeyd edib.


Lakin A. Nağıyev silahlanmanın regionda sabitliyə mənfi təsir edəcəyini də istisna etməyib: “Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, əlbəttə, bu ermənilərə bir zəmanət mesajı idi. Düşünürəm ki, bu proseslərin ancaq mənfi təsiri ola bilər. Yəni silahlanmanın sonu hərbi münaqişə ilə nəticələnə bilər. Buna görə də Azərbaycan Ordusu tam hazır vəziyyətə gətirilməli və hər bir təxribatın qarşısını almağa indiki kimi hazır olmalıdır”.


Politoloq Qabil Hüseynli isə Ermənistanın silaha pul xərcləmədiyini deyib: “Rusiya Ermənistana silahı pulsuz verir. Ermənistan Rusiyadan silahı həmişə kredit adı ilə götürür. Amma sonra götürdüyünü qaytarmır”.


Ötən il Türkiyə mənbələrinin açıqladığı məlumat da bu fonda diqqət çəkir. Məlumatlara görə, Ermənistan Rusiyadan 80 ədəd döyüş vəziyyətinə gətirilmiş hərbi tanklar, 160 ədəd zirehli hərbi texnikalar (BMD-1, BMP-1, BMP-2, BRDM-2, BTR-80, BRDM-2), 75 ədəd piyadalar üçün nəzərdə tutulmuş zirehli hərbi avtomobillər, 85 ədəd 2А19 (Т-12) tipli artilleriya silahları, 30 ədəd “9k51 Grad” tipli hərbi texnika və silahları, 30 ədəd “2S3 Akasiya” tipli özüyeriyən artilleriya qurğusu, 60 ədəd “D-30” tipli toplar, 10 ədəd “2S1 Qvozdika” döyüş texnikası, həmçinin, sayı məlum olmayan “SA-4 Ganef” tipli raket silahları, “S-75 Dvina” tipli raket silahı, “Scud-B” raket sistemi, “ZSU-23-4” döyüş texnikası, “9K33 Osa” döyüş texnikası alıb. Bu indiyə qədər Rusiyanın Ermənistana pulsuz olaraq verdiyi silahların açıqlanmış siyahıdır. Göründüyü kimi, Rusiyanın işğalçı ölkəni pulsuz silahlandırması faktı mövcuddur.


Son 200 milyon məsələsində diqqət çəkən əsas məqam isə bu pulun qarşılığında Ermənistanın “İsgəndər-M” raketlərinin alması haqda yayılan xəbərlərdir.


“İsgəndər - M”: Bu raket Rusiya hərbi sənayesinin ən son yeniliklərindən sayılır. 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İsgəndər-M” raketlərinin əsas özəlliyi ondan ibarətdir ki, bu raketlər xüsusi uçuş trayektoriyasına malikdir və hələ dünyada mövcud olan heç bir raketdən müdafiə sistemi, o cümlədən İsrail və ABŞ-ın sərəncamında olan raketdən müdafiə sistemləri onu vura bilməz. Yaxın gələcəkdə də heç kimin belə raketdən müdafiə sisteminə malik olacağı gözlənilmir.

Bir neçə il bundan əvvəl Rusiya ABŞ-ın Avropada raketdən müdafiə sistemlərinin elementlərini yerləşdirmək planlarına cavab olaraq “İsgəndər-M” raketlərini Kalininqrad vilayətinə yerləşdirib. Müxtəlif təyinatlı döyüş başlıqları daşıya bilən “İsgəndər M” raketləri kvaziballistik, yəni manevrli hərəkət trayektoriyasına malikdir. Bütün uçuş boyu raket avtomatik olaraq aerodinamik və qazodinamik sükanlar vasitəsilə idarə olunur. “Stels” texnologiyası ilə hazırlanıb və radarlara yaxalanmır. Yer səthindən cəmi 50 metr hündürlükdə uçur və bu səbəbdən onu radarlarla aşkar etmək praktiki olaraq mümkün deyil.


Rusiyanın hərbi sənayesinin son naliyyətini nəinki Ermənistana, ümumiyyətlə, hansısa ölkəyə verməsi şübhəlidir. Müdafiə naziri Sergey Şoyqu bildirib ki, 2018-ci ilə qədər Rusiyanın bütün raket briqadaları “İsgəndər-M” texnikası ilə silahlandırılacaq. Yəni Rusiyanın öz ordusu tam təchiz edilmədən bunu Ermənistana verməsi ehtimalı görünmür. Xüsusilə, Qərblə açıq qarşıdurmanın getdiyi bir vaxtda Moskva buna getməz.
Digər tərəfdən, dünya təcrübəsinə görə, hər bir ölkə yeni istehsal etdiyi silahın müəyyən müddətə satışını qanunla qadağan edir. Bu müddət adətən 5-10 il arasındadır. Misal üçün, Rusiyanın özündə bu il hərbi parada çıxarılan “Armata-T” tankları 2016-cı ildən ümumi silahlanmaya daxil ediləcək və bu hərbi texnikanın 2020-ci ilə qədər satışı qadağan olunub. “İsgəndər-M” raketinin satışı da hələlik nəzərdə tutulmur. Belə ki, TASS-ın bu raket komplekslərini istehsal edən zavoddan aldığı rəsmi məlumatda deyilir ki, 2016-cı ilə qədər bu komplekslər ixraca yönəldilməyəcək.

“İsgəndər-M” raketinin indiyə qədər hansısa ölkəyə satışı haqda da rəsmi məlumat yoxdur. 2013-cü ildə Ermənistan Müdafiə Nazirliyi Rusiyanın Gümrüdəki hərbi bazasına bu raketlərin gətirildiyi xəbərini yaysa da, sonradan bu xəbər yalan çıxdı.


Hesab etmək olar ki, Rusiya bu güclü texnikasını heç vaxt Ermənistana verməz. Birincisi, Rusiyanın öz ordusu tam təchiz olunmayıb. İkincisi, Rusiya bütünlüklə ondan asılı olan Ermənistanı öz silahları hesabına gücləndirməz. Xüsusilə, bu, Qərblə qarşıdurma fonunda Ermənistanın Rusiyaya buynuz göstərməsi və hər an satmağa hazır olması fonunda mümkünsüz görünür.


Bəs “Rusiya Ermənistana “İsgəndər-M” raketlərini verir” xəbəri necə və nə üçün yayılıb?


Xəbərin ilkin mənbəyini araşdıranda bəzi məqamlar diqqət çəkir. Belə ki, bu xəbəri Ermənistanın “Yamanak” nəşri yaymışdı. Bu nəşr Ermənistanda “azad KİV” hesab olunur, buna görə də yaydığı xəbərlər daha inandırıcı görünür. Lakin bu xəbəri nəşrə verən mənbənin hakim Respublika Partiyasından olması diqqət çəkir.

Ermənistan güzəştli kreditlə Rusiya ordusunun arsenalındakı ən yaxşı silahlardan biri və kifayət qədər yüksək texniki xarakteristikaları olan “İsgəndər-M” operativ-taktiki raket kompleksləri ala bilər”, - deyə hakim partiyadakı mənbə nəşrə bildirib.


a) Bu xəbərlərin İrəvanda Rusiyaya qarşı etirazların olduğu bir vaxtda peyda olması həm də erməni ictimaiyyətinə “Rusiya ən güclü silahını bizə verir” mesajının verilməsi və Moskvanın imicinin yaxşılaşdırılmasına hesablanıb.

b) Ermənistanın hakim partiyası bu dezinformasiyanı mediaya buraxmaqla Azərbaycanı “dünyanın heç bir raketdən müdafiə sisteminin vura bilmədiyi silaha malikik” mesajı ilə hədələmək istəyir.

Beynəlxalq təcrübədə buna “manipulyasiyalarla idarə olunan informasiya savaşı” deyilir. Hərçənd, indiyə qədər Ermənistanın bu manipulyasiyaları dəfələrlə olub. Göründüyü kimi, “İsgəndər-M” raketlərinin Ermənistana verilməsi xəbərlərinin yayılmasının arxasında ən azı iki amil dayanır.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR