Siciliyada Xocalı tədbiri
Bizi izləyin

Nida Xəbər

Siciliyada Xocalı tədbiri

Xocalı qurbanlarının anım tədbiri keçirilib. 

İtaliyanın Siciliya regionunun Kataniya şəhər meriyasının “Platamone” sarayında Azərbaycanın İtaliyadakı Səfirliyi, Kataniya şəhərindəki Fəxri Konsulluğu və bu şəhərdə fəaliyyət göstərən “Alkantara” uşaq simfonik orkestrinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Xocalı qurbanlarının anım tədbiri keçirilib.

Publika.az
xəbər verir ki, tədbirdə Kataniya meriyasının nümayəndələri, xarici ölkələrin Siciliyada akkreditə olunmuş konsulları, şəhərin elmi, akademik, mədəni, işgüzar çevrələrinin təmsilçiləri və jurnalistlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan AR-in Kataniya şəhərindəki Fəxri Konsulu Domeniko Koko tədbirin əhəmiyyətindən danışıbdır. Ardınca çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının acı nəticələri barədə məlumat vermiş, bu soyqırımın 25-ci ildönümünün anılması çərçivəsində İtaliyanın müxtəlif şəhərlərində tədbirlərin təşkil olunmasını, Kataniyadakı xatirə gecəsinin bu xüsusda sonuncu tədbir olduğunu bildiribdir.

M.Əhmədzadə “Xocalıya Ədalət!” kampaniyasının Xocalı həqiqətləri barədə beynəlxalq səviyyədə məlumatlandırma üçün əhəmiyyətini qeyd edib, Ermənistanın Xocalı soyqırımı ilə bağlı inkarçı mövqeyindən və Azərbaycana qarşı hərbi təcavüzdən əl çəkməsi üçün beynəlxalq ictimaiyyətin qəti mövqeyinin vacibliyini vurğulayıbdır.

“Alkantara” uşaq simfonik orkestrinin rəhbəri Saurina Qomez çıxış edərək Xocalıda qətlə yetirilmiş dinc əhali arasında uşaqların da olmasını ürək ağrısı ilə qeyd edib, Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən bu tədbirdə orkestr tərəfindən səsləndiriləcək musiqilərin məhz Xocalıda həlak olmuş uşaqların xatirəsinə ithaf edildiyini, bu musiqilərlə uşaqların dili ilə dünyaya sülh mesajı göndərmək istədiklərini bildiribdir. Nitqinin sonunda S.Qomez Zəlimxan Yaqubun “Xocalı Mənim Xocalım” şerini italyanca səsləndiribdir.

Daha sonra sözügedən orkestrin ifasında musiqi parçaları təqdim edilibdir.

Tədbirin sonunda “Sonsuz dəhliz” (“Endless Corridor”) filmi nümayiş etdirilib. Filmin təqdimatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirlərini keçirən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilibdir. Tanınmış prodüser Aleksandras Brokas və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun tərəfindən çəkilmiş bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulubdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm