İrəvanın xəyalını puç edən REALLIQ: Rusiya və Türkiyə Ermənistanı oyundan kənarlaşdırır?
Bizi izləyin

Nida Xəbər

İrəvanın xəyalını puç edən REALLIQ: Rusiya və Türkiyə Ermənistanı oyundan kənarlaşdırır?

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı Avrasiya İqtisadi Birliyi (AİB) ilə bağlı sensasion çıxışı mediada geniş müzakirə olundu. Nazir ölkəsinin AİB-lə gömrük anlaşmasını imzalamaq barədə təklif aldığını desə də, bunu, Avropa Birliyi ilə analoji sazişə mane olmamaq şərtilə qiymətləndirməyin vacib olduğunu vurğuladı.

Qardaş ölkənin nazirinin bu açıqlaması Ermənistanda dərhal reaksiya doğurdu. İrəvanın fikrincə, Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvü olmaqla yanaşı, Türkiyə ilə həmsərhəd yeganə üzv ölkə olması xüsusi üstünlük sayılmalıdır.

“AİB ilə anlaşma imzalamaq üçün qurumun bütün üzvlərinin razılığına ehtiyac var” - Nihat Zeybekçinin bəyanatını şərh edən Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib.

Öz növbəsində Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, Türkiyənin AİB-ə daxil olmasına Ankara birtərəfli qaydada Ermənistanla sərhədi bağlaması mane olur.

“Ermənistan AİB-in Türkiyə ilə yeganə xarici sərhədidir”, - erməni diplomat əlavə edib.

Ermənistanda ekspertlər səviyyəsində düşünürlər ki, AİB-lə gömrük anlaşmasını imzalaması İrəvan üçün əlavə imkanlar yaradır.

“İstisna deyil ki, bu mövzu rus-türk münasibətlərində oynanılan kartlardan biridir - hansı ki, tərəflər bir-birini ”yoldan çıxarmağa" və bazarlığa girməyə çalışırlar. İstənilən halda, əgər Türkiyə həqiqətən də AİB-lə anlaşma imzalamaq, onun gömrük məkanına qoşulmaq niyyətindədirsə, bundan ötrü Ermənistanın razılığı lazım olacaq. O zaman İrəvan da öz şərtlərini irəli sürə bilər. Məsələn, Türkiyə ilə sərhədlərin ön şərt qoyulmadan açılması şərtini irəli sürə bilərik”, - “Lragir” nəşri yazıb.

Hər halda bütün bu fikirləri Ermənistan hakimiyyəti və ekspertlərinin xəyalı adlandırmaq olar. Sirr deyil ki, İrəvan AİB-nin strukturlarının genişlənməsi, yaxud da istənilən hər hansı dəyişikliklərdə söz sahibi deyil. Bir sözlə, İrəvan Moskvanın üstündən tullanaraq Türkiyə qarşısında şərtlər irəli sürəcək gücdə və halda deyil. Uzun illərdir ki, Ermənistanla sərhədlərin açılmasını tələb edən Qərbin təzyiqləri qarşısında dayanan Türkiyənin heç bir perspektivi görünməyən AİB-in gömrük məkanına qoşulmaq naminə İrəvanın şərtlərinə boyun əyməsinə inanmaq sadəcə sadəlöhvlük olardı.

Türkiyəli nazir də sözügedən bəyanatla çıxış edərkən bunları nəzərə almamış deyil. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, səbəb aradan qaldırılmadan nəticə də ləğv olunmayacaq. Yəni, Azərbaycan torpaqlarının işğalı Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasının əsas səbəbidir və işğal faktı aradan qaldırılmadığı müddətdə İrəvanın gözləntiləri də absurddur.

Siyasi ekspert Vüqar Zifəroğlu Publika.az ilə söhbətində bildirib ki, Türkiyə sərhədlərlə bağlı mövzuda Azərbaycanın mövqeyini nəzərə alacaq:

“Zeybekçi çıxışında Avrasiya İqtisadi Birliyinə qoşulmaq, eyni zamanda Rusiya ilə münasibətlərə toxunub. Vahid Gömrük İqtisadiyyatına qoşulması ilə bağlı fikirlərinə artıq Ermənistan mətbuatından reaksiyalar gəlir. Lakin onu da qeyd etmək lazımdır ki, gələcək perspektivlərdə iki ölkə arasında razılaşmalar olarsa, bu mövzuya qayıdılacaq. Ümumiyyətlə Türkiyənin Ermənistanla sərhədlərini bağlamasının iki mühüm səbəbi var. Bunlardan birincisi Azərbaycan ərazilərinin işğal edilməsi faktoru ilə bağlıdırsa, digəri Ermənistanın Türkiyəyə ərazi iddiaları irəli sürməsidir. Hətta bildiyiniz kimi, Ermənistanın ana yasasında eləcə də, dövlət gerbində Türkiyəyə ərazi iddiaları ilə bağlı “Ağrıdağı” adlanan ərazinin əks olunması da bunu sübut edir. Yəni ümumi götürsək, Türkiyənin sərhədləri bağlamasının səbəbi Ermənistanın hər iki ölkəyə - Türkiyə və Azərbaycana qarşı aqressiv siyasətidir”.

Onun sözlərinə görə, Türkiyənin Ermənistanla sərhədləri açması yalnız Ermənistanın Azərbaycana məxsus torpaqlardan çıxması və Türkiyəyə qarşı haqsız ərazi iddialarından əl çəkdikdən sonra baş verə bilər:

“Mən düşünmürəm ki, bu şərtlər yerinə yetirilmədikcə Türkiyə sərhədləri açsın. Zeybekçinin açıqlamasını sırf sərhədlərin açılması fonunda dəyərləndirmək düzgün deyil, çünki o ümumi olaraq bir çox mövzuya toxunub. Burda maraqlı məqam onun Avrasiya İqtisadi Zonasına qoşulması ilə bağlı gələcək perspektivlər, AİB-lə gömrük anlaşmasını imzalamaq barədə təkliflərin dəyərləndirilməsi ilə bağlıdır. Bu da təbii ki, Rusiya-Türkiyə münasibətlərindən asılıdır. İki ölkə arasındakı münasibətin stabilliyi və kənar dövlətlərin təsirlərindən nə dərəcədə qoruna biləcək. Burda təkcə iqtisadi faktorlar deyil, həm də siyasi faktorlar çox önəmlidir. Bəzən bu siyasi faktorlar kənar qüvvələr tərəfindən ortaya atıla bilər. Ona görə də, bir çox mövzular eləcə də, AİB-lə gömrük anlaşmasının imzalanması da gələcəkdə Rusiya-Türkiyə münasibətlərinin hansı fonda irəliləyəcəyindən asılıdır”.

Ekspert vurğulayıb ki, hər iki şərt ödənilərsə, sərhədlərin açılması Azərbaycanın mövqeyinə heç bir ziyan vura bilməz:

“Bütün şərtlər ödənildiyi təqdirdə belə yenə son qərarı verilməsi Azərbaycanla danışıqlardan keçir. Türkiyə Azərbaycanın fikrini almadan bu addıma getməyəcək. Məhz buna görə, Ermənistan saytlarında “Türkiyə-Rusiya Ermənistanı oyundan kənarda qoyur?” başlığı altında xəbərlər yayılıb. Ermənistanın ekspertləri belə bir fikir bildirib ki, “AİB-ə yalnız bura üzv olan bütün dövlətlərin razılığından sonra yeni bir ölkə qoşula bilər. Ermənistan isə buna heç vaxt razılıq verməyəcək”. Bunun nə demək olduğunu hər kəs bilir. O baxımdan yenə də deyirəm, Türkiyənin Azərbaycan maraqlarına zidd olacaq hər hansı bir addım atacağı gözlənilən deyil”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm