Kazanda AXC-nin 100 illiyi təntənə ilə qeyd edildi
Bizi izləyin

Nida Xəbər

Kazanda AXC-nin 100 illiyi təntənə ilə qeyd edildi

Kazanda Tatarıstan Xalqlar Dostluğu Evinin konsert zalında Azərbaycanın Respublika Gününə və Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən konsert olub.

Publika.az xəbər verir ki, bayram tədbiri Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyətinin “Azərbaycan” Regional İctimai Təşkilatı tərəfindən təşkil edilib.

Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı İrek Şaripov Tatarıstan Respublikası Dövlət Şurasının sədri, Tatarıstan Xalqlar Assambleyası Şurasının sədri Fərid Muxametşinin Tatarıstan azərbaycanlılarına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda qeyd edilib ki, Azərbaycanın İstiqlal Bəyannaməsi 1918-ci il mayın 28-də qəbul edilib və bu sənəd nəticəsində Azərbaycan İslam aləminin ilk demokratik dünyəvi, müsəlman Şərqində qadınlara seçki hüququnun verildiyi ilk dövlət olub.

Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Bəşir Bəşirov təbrik nitqində qeyd edib ki, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlı üçün Respublika Günü çox önəmlidir.

Azərbaycandan gəlmiş qonaq, “Tatarıstan” İctimai Birliyinin sədr müavini Emin Ramazanov təmsil etdiyi qurumun sədri Abas Minyaşevin və Azərbaycandakı tatar diasporunun təbriklərini çatdırıb. Vurğulayıb ki, Azərbaycandakı tatarlar və Tatarıstandakı azərbaycanlılar iki qardaş xalqın dostluğunun möhkəmlənməsi naminə fəal əməkdaşlıq edir, birgə mədəni və ictimai tədbirlər keçirirlər.

Bayram tədbirində 300-dən çox qonaq, o cümlədən Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Rəşad Əliyev, Türkiyənin Kazanda baş konsulu Əhməd Sadıq Doğan, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova, elmi və mədəni ictimaiyyətin nümayəndələri, deputatlar və məmurlar, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Konsert proqramı müxtəlif janrda nömrələrlə zəngin olub. Vokalçılar, xoreoqrafiya kollektivləri, Azərbaycan Milli-Mədəni Muxtariyyətindən gənclərin hazırladıqları yumoristik səhnələr maraqla qarşılanıb. Azərbaycanın Əməkdar Artisti Gülüstan Əliyevanın çıxışı isə Tatarıstan Xalqlar Dostluğu Evinə gələn hər kəs üçün hədiyyə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm