• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Tuyqun Nadirovun düzü və yalanı

  • Digər
  • 16 İyul 2015 16:23
  • 1 452 Baxış
Tuyqun Nadirovun düzü və yalanı

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Azərbaycan klublarının maddi böhrana düşmələrindən, daha doğrusu, aclıqdan əziyyət çəkmələrindən danışıb. Tuyqun bəydən çıxmayan iş, bu dəfə həm düz danışıb, həm də yalan. Niyə çıxmayan iş deyirəm? Çünki Tuyqun Nadirov bu vaxta qədər həmişə yalan danışıb. Bu dəfə isə yalanın gözünə bir az düz da qatıb. Hələ bir görün, nə deyib? Ondan sonra Tuyqun bəyin yalanları ilə düzlərini ayırd edərik:

“Bu gün klublar var ki, Azərbaycan çempionatında futbolçunun dəyəri 100-150 min manat olanda, ona 300-350 min manat pul verirdi. "Xəzər Lənkəran" klubu yaranan vaxt Azərbaycan futbolunda qiymətlərin səviyyəsini məntiqi həddə qədər qaldırdı. Bəzi klublar vardı ki, bizim 100 min manat verdiyimiz futbolçuya ikiqat artığını verirdi. Bu isə məntiqsiz artım idi. Təbii ki, bu da problem, külli miqdarda vəsaitin kənara getməsinə şərait yaradır. Klub vardı ki, iki ildə oyunçuya bir milyon verirdi, amma özünün bazası yox idi".

Azərbaycan çempionatında futbolçulara dəyərindən artıq pul verilməsi təzə xəbər deyil. Amma düz xəbərdir. Mətbuat bu məsələni daim qabardıb, klubları buna görə tənqid edib. Ancaq bu düz xəbərin Tuyqun Nadirov tərəfindən etirafı təzə xəbərdir. Mətbuat bu məsələni qabardarkən, klubları tənqid edərkən futbol funksionerləri, o cümlədən Tyuqun Nadirov da jurnalistləri ədalətsizlikdə ittiham ediblər. Biz Azəbaycan futbolunun süni qiymət artımı ilə uçuruma yuvarlanacağını 7-8 il bundan əvvəl deyirdik. Demirdik ey, haray çəkirdik. Onda nə Tyuqun Nadirovun, nə də digər klub rəsmilərinin gözü də səyrimirdi. Pulun bol vaxtıydı. Hamı yehayedəydi. Şükür Allaha ki, Tuyqun Nadirov bizim 7-8 il bundan əvvəl dediklərimizi indi qəbul edib, pulun olmayan vaxtında. Öyrənmək heç vaxt gec deyilmiş...

Nadirov öyrənəndən sonra düz danışıb. Amma başqa məsələdə yenə də yalanın başını buraxıb. Harda? Deyim də. Heç kimə sirr deyil ki, Azərbaycanda futbolçuların süni qiymət artımının təməlini “Xəzər Lənkəran” qoyub. Yeni yarananda “Neftçi”nin futbolçularını baş məşqçi qarışıq Lənkərana gətirəndə qoyulmuşdu bu təməl. Nadirov bu addımı məntiqli addım hesab edir. Oyunun olsun, Tuyqun bəy. Siz “Neftçi”nin ildə 30 min manat alan futbolçusuna 100 min verib, onu Lənkərana aparanda, digər komandalar neynəməliydi? Onlar də məcbur idi ki, heyətə yaxşı futbolçu cəlb etmək üçün sizin 100 mininizdən daha artıq təklif etsin. Amma siz bunu məntiqsiz addım hesab edirsiz? Niyə? Qiymət artımını şərtləndirən auksionu yaradan siz, məntiqsiz addım atan başqaları?

Elə indi də “Xəzər Lənkəran” eyni tendensiyanı davam etdirir, Tuyqun bəy. Bir-iki misal çəkim? Cavan vaxtı “Xəzər Lənkəran”da oynamış Vüqar Nadirov qoca vaxtında cənubda nə gəzir? O, enerjili vaxtında komandanıza hansı xeyiri vermişdi ki, qoca vaxtında da onun xidmətindən yararlanmaq istəyirsiz?

Bəlkə, Ruslan Abışovun ikinci dəfə Lənkərana qayıtması məntiqlidi? Bu futbolçu “parlaq” dövründə “Xəzər Lənkəran”da kərəni kürə etmişdi ki, onu yenidən heyətə qatdınız? Ruslan Abışov birincə dəfə “Neftçi”ni “Xəzər Lənkəran”a pula görə dəyişməmişdi? Niyə o vaxt ona “Neftçi”də aldığından artıq pul təklif etmişdiz? Bəlkə, bunun da məntiqi izahını verəsiz?

Deyirsiz ki, bahalı futbolçu gətirmək üçün ilk növbədə, infrastruktura diqqət yetirmək lazım idi. Bu düz. Amma onu da demək lazımdır ki, infrastrukturla yanaşı, həm də uşaq futbolu üçün şərait yaratmaq vacibdir. Hanı cənub bölgəsində uşaq futbolunun inkişafı üçün gördüyünüz iş? Bu illər ərzində orda minimum səviyyədə iş görsəydiniz, indi bilirsiz o bölgədən nə qədər Alay Bəhramov, Fazil Əsədov, Rövşən Süleymanov çıxardı? Eybi yox, güman edirəm ki, 7-8 ildən sonra futbol idarəçiliyini daha mükəmməl öyrənib, bu həqiqətləri də etiraf edəcəksiz. Onda düzləriniz yalanlarınızdan daha çox olacaq. Amma mən sizdən bir etiraf da gözləyirdim. Bir halda ki, düz danışmağa başlamısız, onda gərək o vaxt bizim dediyimiz düzlərə görə bizə qarşı ittihamlarınızdan da imtina edəydiz axı. Heç olmasa, üzr istəmək lazımdı, Tuyqun müəllim. Sizin indi bildiyiniz həqiqətləri biz 7-8 il əvvəl deyirdik. Əvəzində təzyiqlə üzləşirdik. Üzr istəmək zamanıdı!

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR