“Dedim ki, bu qız mənim qismətimdir” – Azərbaycanın Bolu – FOTOLAR
Bizi izləyin

Digər

“Dedim ki, bu qız mənim qismətimdir” – Azərbaycanın Bolu – FOTOLAR

“Dedim ki, bu qız mənim qismətimdir” – Azərbaycanın Bolu- FOTOLAR

“Neftçi”nin sabiq futbolçusu Mübariz Zeynalov əfsanəvi 60-cı illər nəslinin nümayəndələrindəndir. Bu gün qızıl “bürünc”lərdən Azərbaycanda yaşayan 4 futbolçudan biri də M.Zeynalovdur. O, futbolçu karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış edib.

Publika.az “II Taym” layihəsi çərçivəsində 1966-cı ildə SSRİ çempionatının bürünc mükafatını qazanan Mübariz Zeynalovu tanıdacaq:

O, 1992-1993-cü illərdə Azərbaycan milli komandasında məşqçi, 1993-cü ildə “Kəpəz”də baş məşqçi kimi fəaliyyət göstərib. 2010-cu ildən AFFA-da seleksiyaçı-məşqçi kimi çalışır.

“16 yaşımda əsil meydança ilə tanış oldum”

“1945-ci il mart ayının 18-də Gəncə şəhərində anadan olmuşam. Uşaq yaşlarımdan futbola böyük həvəsim olub. O vaxt elə dövr idi ki, küçələr daşlı, qəmbərli idi. Futbol üçün məcbur olurduq ki, küçədə o daşlıqda oynayaq. Mənim sizə dediyim vaxt təxminən1953-1954-cü illərdir. Müharibədən sonrakı dövrdə hər şey yavaş-yavaş düzəlirdi. Bizim qonşuluğumuzda Abbasov Ağa adlı bir nəfər yaşayırdı. “Alüminium Zavodu” komandasında futbol oynayırdı. O, küçədə mənim oynadığım futbolu görüb. Bu zamanlar artıq mənim 15-16 yaşlarım var idi. Mənə dedi ki, gəl bizim komandada oyna. Düzü, mən dedim ki, siz məndən böyük insanlarsınız, mən sizinlə necə oynaya bilərəm?! Amma o təkid elədi ki, yaxşı oynayırsan gəl. Beləliklə də, getdim və ilk dəfə futbol meydançası ilə tanış oldum. 1962-1963-cü illər idi. Düzdür, o vaxt, bir o qədər şərait olmadığı üçün ot örtüksüz meydança idi. Onların heyətində çıxış etməyə başladım, mənim oyunumu bəyəndilər. Bir müddət orada oynadım.

O dövrdə bizim “Dinamo-Kirovabad” komandası var idi. “Klass B”-də oynayırdılar. Artıq onlara da səs yayılmışdı ki, belə bir cavan futbolçu var. O klubun, üzvləri gəlib oyunuma baxdılar, bəyəndilər. Bununla da məni 17 yaşım olanda “Dinamo-Kirovabad”ın hazırlıq qrupuna götürdülər. Bir il də orada oynadım”.

“120 rubla şərik oldular”

“1964-cü ildən məni və mənimlə həmyaşıd olan Məhərrəmov Yusif adlı futbolçunu “Dinamo-Kirovabad”ın əsas heyətinə qəbul etdilər. Buna çox sevindim. Çünki, futbolu çox sevirdim. Futbola çox həvəsim var idi. Həmişə düşünürdüm ki, mən də bu komandanın köynəklərindən geyinə biləcəmmi?! Elə oldu ki, mən arzuma çatdım. Mənə də o komandanın köynəklərini geyinib oynamaq qismət oldu.

İlk ili 10-15 dəqiqə və ya yarımsaat oynayırdım. Məni və Məhərrəmov Yusifi bir “oklad”lıq götürdülər. İkimizə 120 rubl verirdilər. 60 rubl mənim 60 da onun…

Mən qol çəkirdim, biz pulu bölürdük. Bir sözlə komandada başlanğıcımız belə olub”.

İttifaq Yarışlarının qalibi oldu

“Nəhayət 1965-ci ildə- 20 yaşım olanda mən tam heyətlə çıxış etməyə başladım. Həmin il də biz İttifaq Yarışlarının qalibi olduq. “İdman Ustası” adına layiq görüldük. Bununla da komanda olaraq “Klass A”-ya keçdik. 1966-cı ildən “Klass A”da oynamağa başladıq. Yaxşı oyun nümayiş etdirirdim”.

“Neftçi”yə ilk gəlişi

“Artıq 15 oyun keçmişdi. Bizim bir görüşümüzü “Krasnadar” klubu ilə Bakıya saldılar. Dəqiq xatırlamıram, ya bizi cəzalandırmışdılar, ya da stadion yaxşı vəziyyətdə deyildi. Bakıda oynadıq, görüş başa çatdıqdan sonra soyunub-geyinmə otağına getdik. O dövrdə “Neftçi”nin baş məşqçisi Viktor Sokolov idi.

Sokolov və o vaxt Tofiq Məsim oğlu Bağırov (Ali Sovetin Rəyasət Heyəti sədrinin müşaviri) soyunub-geyinmə otağına gəlib dedilər ki, Mübariz Zeynalov, Nizami Salahov ikiniz də Bakıda “Neftçi” klubunda qalırsınız.1966-cı ilin may ayının sonları idi. Amma bundan əvvəl mənə teleqramalar gəlirdi ki, “Neftçi”yə dəvət olunursunuz. Lakin mən özüm gəlmək istəmirdim. O vaxt, Banişevski, Tuayev, Markarov kimi futbolçular var idi. Onlar yığma komandanın oyunçuları idi. Mən fikirləşdim ki, gələrəm, gedib ehtiyat oyunçular oturacağında oturaram, hazır oynayıram… Lakin elə oldu ki, məcburi saxladılar”.

Gec gəlsə də, medal qazandı

“Elə komandaya dəvət olunduğum gündən 3 gün sonra görüş keçiriləsi idi. Həmin görüşdə məni meydana 20 dəqiqə buraxdılar. Bundan sonra hər oyunda da yarım saat, 1 hissə, elə oldu ki, iki hissə oynadım. O dövrdə elə idi ki, keçirilən 50 faiz oyunlarda iştirak edərdin ki, medal qazana biləsən. Komandaya gec gəlməyimə baxmayaraq, elə olub ki, 20 oyun keçirilib, 20-də də iştirak etmişəm. Beləliklə də mən də medal aldım. Ümumilikdə isə “Neftçi”də 130-a yaxın görüş keçirmişəm”.

Futbol tarixinə adını yazdırdı

“O dövrdə rəqabət çox güclü idi. Mən də futbolda əzmkarlıqla çalışırdım. Məşqlərə məsuliyyətli yanaşırdım. Çünki mən futbolu sevirdim. Özümə söz verdim: məni bura götürüblərsə, yaxşı oynamalıyam, ad qoymalıyam. Həm də o dövrdə azərbaycanlı futbolçu az idi. Medal alan azərbaycanlılar mən, Yaşar Babayev və Adil Babayev idi”.

Qazandığı ləqəb

“O vaxt mənə Bol deyirdilər. İngiltərənin yığma komandasının oyuçusu idi. O dövrdə də qəzetdə məqalədə mənim haqqımda “Azərbaycanın Bolu” deyə yazılmışdı. Öz üzərimdə çox çalışırdım. Çalışırdım ki, heyətdə oynayım. Azca zəifliyim olsa idi məni oyuna buraxmayacaqdılar”.

Banışevski ilə münasibəti

“Banışevski ilə yaxşı münasibətlərimiz var idi. Ümumilikdə komandaya gələndə hər kəslə münasibətim yaxşı idi. Komandaya ilk gələn günü onlar məni yaxşı qəbul etdilər. Amma ola bilərdi ki, mənə top verməsinlər, oynamağa qoymasınlar. Komandadan sıxışdırıb çıxarda da bilərdilər. Lakin elə olmadı, komanda tərəfindən qəbul olundum”.

Zədə səbəbindən bir il futboldan uzaq qaldı

“1966, 1967, 1968-ci illərdə “Neftçi”də çıxış etdim. 1968-ci ildə dizimdən ciddi zədə aldım. Moskvada əməliyyat olundum. Bu səbəbdən də 1 il oynamadım. 1969-cu il mövsümün yarısından yenidən oynamağa başladım. Amma ayağım incidirdi. Yarışlarda əvvəlki güclə çıxış edə bilmirdim”.

“Futboldan ayrılmaq çətin idi”

“Çətin əməliyyat keçirmişdim, diz sümüklərim parçalanmışdı. Lakin mən 1971-ci ilə qədər oynadım. Futboldan getmək mənim üçün çox çətin idi. Yaşım da az idi. 1968-ci ildə (zədə alan zaman) 23 yaşım var idi. 1973-ci ildə komandadan tamamilə getdim. İndi 35 yaşa qədər oynayırlar. Davam etmək təbii ki, istəyərdim”.

Gəncəyə qayıdış

“1972-ci ildə buradan tamamı ilə çıxdım, Gəncəyə qayıdırdım. Həmin vaxt Gəncədə Kənd Təsərrüfatı İnsitutunda oxuyurdum, amma təhsildən məni xaric etmişdilər. Oyunlar səbəbindən smesterlərə gedə bilmirdim deyə, xaric olunmuşdum. Burada Gəncənin ikninci katibi var idi – Tofiq Kazımov. Elə oldu ki, Bakıda yataqxana liftində təsadüfən qarşılaşdıq. O da institutlara nəzarət edirdi. Ona dedim ki, məni institutdan çıxardıblar, necə edim? T.Kazımov bildirdi ki, onu düzəltmək çox asandır. “Amma bir şərtim var. Gəl Gəncədə oyna, səni institutuna qaytarım və bir ev verəcəm”. Düşündüm ki, bundan yaxşı təklif olmaz. Nəhayət Gəncəyə getdim. İki il orada oynadım. Təhsilimi də bərpa etdi, ev də verdi. Təbii ki, “Neftçi”dən sonra Gəncədə oynamaq mənim üçün asan idi. 1974-də 29 yaşımda futbol karyeramı başa vurdum. 1970-ci ildən nişanlı idim, karyeramı başa vurduqdan sonra ailə qurdum”.

Davam edən dostluqlar

“O dövrdən dostluğumu davam etdirdiyim Yaşar Babayev, Valeri Hacıyev, Kazbek Tuayev, Ələkbər Məmmədov və başqalarıdır. Tez-tez görüşüb, dərdləşirik. Hazırda “Neftçi veteranlar” klubunun vitse-prezidenti, Səməd Qurbanov da prezidentidir. Bu gün də veteranlarla tez-tez görürük, o günlərdən danışırıq”.

Millimizi formalaşdıran ilk məşqçilər

“1992-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yaradıldığı vaxt Fuad Musayev məni təşkilatda işləməyə dəvət etdi. Yığma komanda yaratmaq və orada məşqçi kimi fəaliyyət göstərmək təklifini müsbət qiymətləndirib iş başına keçdim. Mən Ruslan Abdullayev və Ağasəlim Mircavadov Azərbaycan millisini formalaşdıran ilk məşqçilər olduq”.

“Futboldan incidim”

“1993-cü ildən Gəncədə “Kəpəz” klubunda 1 il baş məşqçi işlədim. Oradakı gördüyümü mənzərə mənə heç xoş təsir bağışlamadı. Yəni hakimlərin, rəhbərlərin haqsızlıqlarını gördüm. Belə ki, çempion olmalı idik elə oldu ki, bir oyunu iki dəfə oynatdılar. Çempion olmadıq. Bundan sonra da incidim, getdim”.

Evdə qoruduğu mükafatlar

“Evdə saxladığım mükafatlarım çoxdur. Bürünc medal, “Klass B”-dən 1-ci yeri tutuğumuz zaman qazandığım qızıl medal var. Bundan əlavə bir çox diplomlar, fərmanlar var. Bunlar mənim üçün çox dəyərlidir”.

Gəzdiyi ölkələr

“İlk çağırışım 1967-ci ilin qış aylarında Almaniya Federativ Respublikasına olub (o dövrdə federativ respublika idi). Bundan başqa Afrikada – Mali, Qvineya, Sneqal kimi ölkələrdə olmuşuq. Həmçinin İraq, Küveyt, Siryaya getmişik. Sosialist ölkələrini demirəm hələ…”

“Halal olsun, Zeynalov”

“Atamın heç vaxt futbola həvəsi olmayıb, məni də məşqlərə getməyə qoymurdu. Dərsə önəm verirdi. Gizlin gedirdim, formamı gizlədirdim. Daha sonra məni “Neftçi”yə gətirdilər, artıq məşhurlaşdım o zaman mənə dedi ki, bilet gətir. Öz pulumuzla alırdıq. Dedim, neçə dənə lazımdır? Dedi, dostlarla gələcəyik, 5 dənə… Atam ilk dəfə idi futbola baxmağa gəlmişdi. Azarkeşlərdən biri yanında oturana: “Halal olsun, Zeynalov. Gəncədən gətirilib bu gənci, 19 yaşı var”-deyib. Atam da ona bildirib ki, ay bala, onun 21 yaşı var, 19 yox. O da atama: “A kişi, sən haradan bilirsən, otur yerində”-deyə cavab verib.

Sonra, özü mənə danışır, daha dillənmədim ki, yaxşı oynamazsan, mənə söylənərlər. Amma deyir elə oldu ki, qol da vurdun, yaxşı da oynadınız. Hamı tərifləyirdi, mən də elə cavab verənə sonra dedim ki, ay bala, onun 21 yaşı var, özü də mənim oğlumdur. Belə maraqlı anlar olub. Atamda sonradan futbola həvəs yarandı, bütün oyunlarıma gəlib baxdı (gülür)”.

Həyat yoldaşı ilə tanışlığı

“Ayağım əməliyyat olunmuşdu. 1969-cu ilin sonları 1970-ci ilin əvvəlləri idi. Moskvadan “kastel”lə gəldim. Evə gələndə gördüm bizdə bir qız var. Belə baxdım, gözümə yaxşı dəydi. Sora anama soruşdum kim olduğunu. Dedi, atanın dostunun qızıdı. Nə isə… sonra qız gətirib qarşımıza çay qoydu. Gecə yerimdə uzanmışdım, dedim, elə bu qız mənim qismətimdir. Sabahı anama qalxanda dedim elə o qızı mənə alın.

Anam da cavab verdi ki, ay bala, elə deyirsən al, hələ gör o qızı sənə verəcəklər?.. (gülür). Onun da atası Mahmud müəllim Əlibayramlıda (indiki Şirvan) xalq nəzarət komitəsinin sədri işləyirdi. Nə isə… sonra ailəm onlara elçi getdi. Düzdür, birinci elçilikdə “fikirləşərik” dedilər. Amma ikinci səfərdə verdilər. 1970-də nişanlandıq. 4-il nişanlı qaldıq. Tibb Universitetinin birinci kursunda oxuyurdu o zaman. 1974-cü ildə ailə qurduq. 2 qız və bir oğlumuz dünyaya gəldi. Sonralar çox olub ki, qaynanamgil oyunuma gəlib baxırdılar.

Düzdür, bir aralar oğlum futbol oynayırdı. Yaxşı da oynayırdı. Sonra buraxdı. Mən də bəzi şeylər görmüşdüm futbolda. İstəmədim oynasın. İndi ailəmdən futbol yolumu davam etdirən yoxdur”.

O dövrlə bu gününün futbolunda fərq

“O dövrdə futbolçu az idi. Bir-iki “Klass B” komandası var idi, bir də Yüksək Liqa – “Neftçi” var idi. Amma indi yüksək liqada 12 komanda mübarizə aparır. Bu gün klublarımızda legioner çoxdur. Düşünürəm ki, əgər səviyyəli gəlmə oyunçular olsa, bizimkilər də onların hesabına irəli gedə bilərlər. Amma əvvəlki oyun sürəti ilə nisbətdə indi sürət artıb. İndi məşqlərdə fərqli olub. Həmçinin maddi vəziyyət xeyli yaxşılaşıb. Biz o dövrdə 180 rubla çıxış edirdik.

Bu gün futbolçularımız nə oynayırlarsa, odur. Yəni onların futbol səviyyəsi odur. Bundan artıq gedə bilməz. Ancaq indi uşaqlar lazımdır qalxsın. Buna görə də, uşaqlarla yaxşı mütəxəssislər işləməlidir. Onlarla yaxşı futbol oynamış adamlar çalışmalıdır. Bir sözlə uşaq vaxtından necə öyrədəcəklər, elə də inkişaf edəcək. Bu səbəbdən uşaq futbolunun üstünə çox düşmək lazımdır”.

Yeni bir komanda yaradarsa …

“Açığını deyim ki, yeni komanda yaratsam, legionerə o vaxtı fikir verərəm ki, səviyyəlidir. Amma bizim futbolçuya veriləcək pulu ona verib gətirmək heç düzgün deyil. Çünki yerli futbolçu da elə oynayır, onun komandaya nə xeyri var?!

10 legionerdənsə 3-nü gətirərəm, bilərəm ki, bunun faydası var. İndi edirlər, özləri bilər. Çünki onlar, gələcəyi düşünmür, bu günlə yaşayırlar. Belə futbolu qaldırmaq olmaz. AFFA-nın baş katibi Elxan Məmmədov cavan insandır. Amma futbola bağlı bir şəxsdir. Yaxşı təşkilatçılığı, futbola can yandırmağı var”.

“Təəssüf ki, klublardan təklif gəlməyib”

“Heç bir klubdan təklif gəlməyib. Təbii ki, təklif olarsa, gedərəm. Bu bizim işimizdir. Yəqin bizə inanmırlar”.

Adı, soyadı: Mübariz Zeynalov

Doğum tarixi: 18 mart 1945

Mövqeyi: yarımmüdafiəçi

Bəyəndiyi futbol klubu: “Çelsi”

Bəyəndiyi futbolçu: Leonel Messi

Bəyəndiyi milli komanda: Almaniya

Nailiyyəti: 1966-cı il, SSRİ Çempionatının bürünc mükafatçısı (“Neftçi”)

Məşqçi karyerası: Azərbaycan milli komandasının məşqçisi (1992-93), Gəncənin “Kəpəz” klubunda baş məşqçi (1993), AFFA-da seleksioner-məşqçi (2010 …)

Aygün İlqarqızı

FOTO: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm