“Şantaj edərək arvadımla cinsi əlaqədə olub” - BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Digər

“Şantaj edərək arvadımla cinsi əlaqədə olub” - BİR CİNAYƏTİN TARİXÇƏSİ

1938-ci il təvəllüdlü Murtuzəli Qarabaltayev 2011-ci ildə Balakən rayonu Şərif kənd qəbiristanlığında dəfn olunmuş Elayev Əhmədovun sağlığında onun mərhum həyat yoldaşı Cənnət Qarabaltayeva ilə intim münasibətdə olduğunu öyrənib.

Publika.Az-ın araşdırmasına görə, o, Elayevdən qisas almaq qərına gəlib.

Qəbr üstündə təhqir

O, bu məqsədlə 2013-cü ilin yanvar ayından 2013-cü ilin sentyabr ayının əvvəllərinədək olan müddətdə bir neçə dəfə gecələr Şərif kənd qəbiristanlığına gəlib və Elayevin dəfn edilməsinin xalq arasında qəbul edilmiş qaydalarını, bu sahədə mövcud olan adət və ənənələri kobud surətdə pozub. O, Elayev Əhmədovun qəbir üstü və şəkili əks olunmuş baş daşını çirkaba bulaşdırıb, qara rənglə rəngləyib, qəbir üstünə qoyulmuş gül çələnglərini yandırıb, çəkic və toxmaqla baş daşının şəkil olan hissəsinə zərbələr endirib. O, Elayevin qəbiri üzərində təhqir edici hərəkətlər edib.

“Arvadım iflic xəstəsi olub”

Bu əməli ilə Murtuzəli Qarabaltayev Cinayət Məcəlləsinin 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Balakən rayon Məhkəməsinə göndərilib. Cinayət işini hakim Elçin Kazımov araşdırıb.

Məhkəmədə ifadə verən Murtuzəli Qarabaltayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, deyib ki, 1938-ci ildə Balakən rayonu Şərif kəndində doğulub: “Orta məktəbi Şərif kəndində oxumuşam və 10 illik orta təhsil almışam. 1963-cü ildə xalam qızı Cənnətlə evlənmişəm. Bir müddət sonra arvadım iflic xəstəsi olub. Bu səbəbdən də yataq şəraitində olub. Təxminən bir il yarım xəstə yatıqdan sonra 2012-ci ilin oktyabr ayında ölüb”.

“Cinsi əlaqədə olmasını məndən gizlədib və buna görə də məndən halallıq istədi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, arvadı xəstə yatarkən eyni kənddə yaşayan qohumları Elayev Əhmədov ölüb: “Elayevin böyük bacısı Sofiya Əhmədov böyük qardaşım Ramazanın arvadı olub. Əhmədov uzun illər avtobus sürücüsü işləyib. Əhmədov öldüyü gün arvadım məni yanına çağırdı və yas məclisinə getməməyimi xahiş etdi. Bunun səbəbini soruşdum. Arvadım isə mənə “o pis adamdır, yaramaz insandır, pis iş görübdür sən o həyətə onun yasına getməməlisən”, -deyə söylədi. Arvadımdan təkrarən niyə görə Əhmədovun yasına getməməliyəm, o, nə pis iş görübdür? -deyə soruşdum. Fermada gözətçi işlədiyim vaxt Əhmədov arvadımı yoldan çıxardıb. O, bir neçə dəfə şantaj edərək arvadımla cinsi əlaqədə olub. Arvadım Əhmədovla cinsi əlaqədə olmasını məndən gizlədib və buna görə də məndən halallıq istədi. Arvadıma sən bu işi onun sağlığında niyə deməmisən, kişi kimi onunla danışardım deyə irad tutdum. Arvаdım “sənin əlindən xata çıxacağından qorxub deməmişəm, istəməmişəm ki, camaat bunu bilsin”, deyə cаvаb verdi. Bu işin аrаmızda olduğunu dedi”.

“Baş daşını qara rənglə rənglədim ki, camaat onun pis adam olduğunu görsün”

Murtuzəli Qarabaltayev deyib ki, bundаn sonra ondа Əhmədova qarşı nifrət yaranıb və Əhmədovun yasına getməyib: “2012-ci ilin oktyabr ayının 31-də аrvаdım öldü. Yasını verdikdən sonra аrvаdımın dedikləri yadıma düşdükcə narahat olub yata bilmədim. Əhmədova qarşı nifrətim və kinim getdikcə artdı. Ona görə də özü sağ olmadığı üçün onun qəbrindən qisas almaq, hayıf çıxmaq qərarına gəldim. Bu məqsədlə 2013-cü ilin yanvar-fevral aylarında və axırıncı dəfə sentyabr ayının əvvəllərində bir neçə dəfə gecə təxminən saat 12:00 radələrində evimdən dəmir qulplu çəkic, fənər, qara kraska götürərək Şərif qəbirstanlığına Əhmədovun qəbiri olan yerə gəldim. Əlimdəki çəkiclə onun şəkli olan baş daşına zərbələr endirərək zədələdim. Qəbrinin üstünə çirkli şeylər sürtdüm. Qəbirin üstünə qoyulmuş gül çələnglərini yandırdım. Şəkili olan baş daşını qara rənglə rənglədim ki, camaat onun pis adam olduğunu görsün. Bunları ondan hayıf çıxmaq üçün etmişəm. Hər dəfə də bu hərəkətləri tək etmişəm”.

“Ailəmə sataşdığı üçün ürəyim sakit olmurdu”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Əhmədovun qəbir daşını zədələdikdən sonra onlar iki dəfə baş daşını dəyişib və yenisini qoyublar: “Yenidən dözmədiyim üçün onun şəkili olan baş daşını təzədən çəkiclə vuraraq zədələmişəm, üstünə qara rəng sürtmüşəm. Ailəmə sataşdığı üçün ürəyim sakit olmurdu. Əhmədov namusuma toxunub. Bunа görə də, özümü sakitləşdirmək üçün onun qəbrinə qarşı həmin hərəkətləri etməli olmuşam. Əməlimdən peşmаnam”.

Şərti cəza

Məhkəmə iclasında Elayev Əhmədovun oğlu Elşad Əhmədov deyib ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində ona 960 manat məbləğində maddi zərər dəyib. Onun sözlərinə görə, bu zərər ibtidai istintaqın gedişində ona qaytarılıb. Bütün tərəfləri dinləyən hakim sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Murtuzəli Qarabaltayev 1 il 6 ay müddətinə şərti cəza alıb. Hökmdən zərərçəkən tərəf apelyasiya şikayəti verib və Murtuzəli Qarabaltayevin həbs edilməsini tələb edib.

“Atamın qəbrini təhqir edənə ağır cəza verin”

Şikayətə Şəki Apelyasiya Məhkəməsində baxılıb. Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə Elşad Əhmədov deyib ki, birinci instansiya məhkəməsi Murtuzəli Qarabaltayev barəsində hökm çıxararkən Cinayət-Prosessual Məcəlləsinin 87, 323, 330, 331, 333, 339-cu maddələrinin tələblərini kobud surətdə pozub: “Bununla da təqsirləndirilən şəxsə yüngül cəza verilib. Bundan əlavə nümayəndəmin məhkəmə iclasında iştirakı təmin edilməyib. Mərhum atamın qəbri üzərində təhqir edici hərəkətlər etmiş şəxsin şəxsiyyəti müəyyən edilib. Amma məsuliyyətə cəlb edilməyib. Buna görə də təqsirləndirilən şəxs Murtuzəli Qarabaltayev barəsində tətbiq edilmiş 1 il 6 ay sınaq müddətinin ləğv edilməsini və ona daha ağır cəza, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş edirəm”.

“Zərəri ödəmişəm”

Murtuzəli Qarabaltayev deyib ki, zərərçəkmiş şəxsə vurduğu zərəri hələ ibtidai istintaqın gedişində tam ödəyib. O, zərərçəkmişin apelyasiya şikayətinin təmin edilmədən, Balakən Rayon Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını xahiş edib. Murtuzəli Qarabaltayevin vəkil Məlahət Emçiyeva apelyasiya şikayətinin təmin edilməməsini istəyib.

Dövlət ittihamçısı Rəhim Xudiyev hökmün qаnuni və əsаslı, təyin edilmiş cəzаnın isə ədаlətli olduğunu deyib. Bütün tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı zərərçəkmişin verdiyi apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm