Dar ağacı
Bizi izləyin

Digər

Dar ağacı

Bu gözəlim həyatda nə varsa, mütləq onun o biri üzü də var. Bəlkə, elə şeir nəyisə bu üzündən o üzünə çevirməkdi; ağacı quş üzünə çevirmək, adamı it üzünə çevirmək, yağışı qadın üzünə çevirmək, küləyi kişi üzünə çevirmək...

Mənə elə gəlir ki, şeir adamı adama köçürməkdi; adamı adama, quşu adama, adamı quşa, adamı küləyə, qadını yağışa, adamı divara toxundurmaqdı. Nəyinsə mənasını dəyişməkdi; uzaqlığın, tozun, kəndin, şəhərin ağacın, yağışın, küləyin, adamın... Nəyəsə ad qoymaqdı; əşyalara, səslərə, rənglərə... Və ya nəyinsə adını dəyişməkdi; suyun, işığın, yarpağın...

Şeir bəlkə də, küləyin o biri üzüdür. Şeir düşünür ki, görəsən, külək nə üçün əsir? Bəlkə, külək adamların əynindən paltarını çıxarmaq istəyir, insanların üstünü açmaq istəyir. Təkcə adamların yox, bəlkə, həyatın gizli, üstüörtülü, qapalı nöqtələrinin, sirlərin üstünü açmaq istəyir. Bəlkə, götürüb atmaq istəyir evlərin örtüklərini. Məncə, külək insanın çölünün, şeir içinin qənimidir.

Şeir yazmaq həmişə ilhamla bağlı olmur. Şair gərək ilhamı çağıra bilsin. Gərək şeirlə məşğul ola bilsin şair. Adam şairliyindən dəli də ola bilir. Ədəbiyyatımızda şairliyindən dəli olmuş şairlərimiz, şübhəsiz ki, var. Bu dəlilik o dəlilikdən deyil amma. Şairlikdi bu.

Elə burdaca başqa bir məqama toxunmaq yerinə düşər, məncə. Şairin içindəki yazmaq ehtirası ilə yaza bildikləri üst-üstə düşməyəndə əsəbiləşir. Şeir yazmaq əsəbdi, bəlkə də. Əsəbiləşmək yox!

Hərdən adam dayanmaq istəyir, ikiəlli yapışıb böyük bir ağacdan, elə gənc qalmaq istəyir. Baxırsan ki, səni içindən çəkib aparan ipi saxlamağa heç 500 yaşlı ağacın da gücü çatmır. Ağlayırsan, ağlayırsan, ağlaya-ağlaya doğulub, elə ağlaya-ağlaya da ölürsən.

Bəlkə də, ağlamaq da istedaddı. Bu həm də o deməkdir ki, hamı istedadlı doğulur.

Bu yerdə yadıma Qədir düşdü. Rüstəmov Qədir. Bir dəfə televizora baxırdım. Qədir haqqında veriliş gedirdi. Qədir oxuyurdu, aman oxuyurdu, özü də yaman oxuyurdu. Birdən aparıcı sual verdi ona:

– Qədir müəllim, müğənnilərdən kim yaxşı oxuyur?

Yəni muxbir demək istəyirdi ki, kimdən xoşunuz gəlir. Qədir dedi:

– Vallah, hamı yaxşı oxuyur. Bu söz Qədirin istedadı idi, sevgisi idi.

Sevmək də istedaddır.

Leyli Məcnundan ötrü ağlamaq istəyir, bilmir nə bəhanə eləsin, ağlasa atası səbəbini soruşacaq axı. Əlacsız qalıb paltar tikəndə barmağına iynə batırır. Hamı onu kiritməyə çalışır, elə bilirlər, barmağı ağrıyır. O ki var ağlayır o gecə Məcnundan ötrü Leyli.

Gör nə gözəl istedadı var Leylinin. Sevgi hissini bu qədər dərindən duymaq istedaddır.

Görürəm ki, uzatsam, çox ağrım yada düşəcək, üzə çıxacaq. Yaxşısı budur ki, içimdən kəsim bu yazının ipini.

İp demişkən, yadıma dar ağacı düşdü...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm