Digər
Azərbaycan geoloqun gözü ilə
Elnur Səfərov
Geoloq magistr, ARDNŞ,GGİ-mühəndis
Azərbaycan Respublikası yerüstü və yeraltı sərvətlərinin
zənginliyi, əlverişli coğrafi mövqeyinə görə qədimdən səyyahların,
tarixçilərin diqqət mərkəzində olmuşdur. A.Məsudi, İstəxri, Marko
Polo və b. əsərlərində Abşeronda, Qərbi Azərbaycanda neft yataqları
haqqında məlumatlar verilmişlər. Azərbaycan geologiyasının
öyrənilməsi «Qafqaz geologiyasının atası» H.V.Abixin tədqiqatları
ilə bağlıdır. H.V.Abix Qafqazda, o cümlədən Azərbaycanda dərin
tədqiqatları ilə paleontologiya və stratiqrafiya elmlərinin
öyrənilməsinin əsasını qoymuşdur. Azərbaycanda geologiya elminin
inkişafında yerli geoloqların fəaliyyəti məhz 50-ci illərə təsadüf
edir. Tədqiqatlar Azərbaycanın bəzi regionlarında: Abşeron
yarımadası, Qobustan, Naxçıvan, Dağlıq Qarabağ, Talış və b.
aparılırdı. Bu dövrdə Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, Ə.Ş.Şıxəlibəyli,
H.İ.Kərimov, R.N.Abdullayev və b. çoxillik zəhmətləri nəticəsində
geoloji, tektonik, metallogenik və b. xəritələr tərtib edilmiş və
istifadəyə verilmişdir.
Qafqazarxasının şərq hissəsində yerləşən Azərbaycanın relyefi 28
m-dən 4480 m yüksəklik arasında kəsgin dəyişir. Bu da öz növbəsində
iqlim və landşaft qurşaqlarının müxtəlifliyinə gətirib çıxarır.
Azərbaycan oroqrafik baxımdan dağlıq və düzənlik relyeflərə
malikdir.
Stratiqrafiya. Azərbaycanın geoloji quruluşunda
Fanerozoy eonotemin Paleozoy, Mezozoy və Kaynozoy eratemlərinin
çöküntü, püskürmə və metamorfik süxurları iştirak edirlər. Böyük
Qafqazın geoloji quruluşunda, əsas etibarilə, normal dəniz
çöküntüləri iştirak edirlər. Kiçik Qafqaz evgeosinklinal inkişaf
mərhələsi keçmiş və geoloji quruluşunda püskürmə, püskürmə-çökmə
(piroklastik), qismən isə çökmə süxurlar iştirak edirlər.
Paleozoy eratemi çöküntüləri Naxçıvan Muxtar
Respublikasında yer səthinə çıxır. Devon, Karbon və Perm sistemləri
çöküntüləri əsas etibarilə dəniz fasiyalı karbonat süxurlardan
təşkil edilib.
Devon sistemi H.V.Abix, P.Bonne, Ş.Ə.Əzizbəyov
və b. tərəfindən öyrənilmişdir. Şərur-Culfa antiklinoriumun geoloji
quruluşunda orta-üst şöbələrinin çöküntüləri iştirak edərək,
karbonatlı süxurlardan ibarətdir. Orta Devondan Eyfel və Jivet, Üst
Devondan Frans və Famen mərtəbələri çöküntüləri məlumdur.
Karbon sisteminin alt şöbəsinin Turne, Vize,
Serpuxov mərtəbələrinin çöküntüləri müəyyən edilmişdir. Onlar dəniz
fasiyalı karbonat süxurlardan təşkil olunub. İlk dolğun məlumat F.
Frex, sonralar P.Bonne, Ş.Ə.Əzizbəyov, A.M.Sadıkov və b. tərəfindən
verilmişdir.
Perm sistemi Q.Q.Artqaber, Ş.Ə.Əzizbəyov,
A.B.Məmmədov və b. tərəfindən öyrənilmişdir. Şərur-Culfa
antiklinoriumun geoloji quruluşunda iştirak edərək, bitumlu və
foraminiferli əhəngdaşlarından təşkil olunub. Kəsilişdə Alt Permdən
yalnız Üst Bolor mərtəbəsi çöküntüləri məlumdur. Üst Permdən
Kuberqanda, Murqab, Midiy, Culfa və Dərəşəm mərtəbələrinin
süxurları kəsilişdə iştirak edirlər.
Mezozoy eratemi çöküntüləri Kiçik və Böyük
Qafqaz meqantiklinoriumlarının iri tektonik strukturlarının
quruluşunda iştirak edirlər. Eyni zamanda Xəzəryanı düzənliyində,
Kür dağarası çökəkliyində qazılan dərin quyularda Üst Mezozoy
çöküntüləri aşkar olmuşdur. Mezozoy eratemi sistemləri çökmə,
püskürmə və metamorfik süxurlardan ibarətdir.
Trias sistemi çöküntüləri H.V.Abix,
A.M.Sadikov, K.O.Rostovtsev, T.A.Həsənov və b. tərəfindən
öyrənilmişdir. Naxçıvanda yer üzərinə çıxırlar. Sistemin alt və
orta şöbələri təmsil olunur. Şərur-Culfa antiklinoriumun
quruluşunda Alt Triasın İnd və Olenik, Üst Triasın Aniziy və Ladin
mərtəbələrinin çöküntüləri əhəngdaşı, dolomit, dolomitləşmiş
əhəngdaşıları ilə təmsil olunur.
Yura sistemi H.V.Abix, Ş.Ə.Əzizbəyov,
M.Ə.Qaşqay, V.Y.Xain, Ə.Ş.Şıxəlibəyli, T.A.Həsənov,
M.R.Əbdülqasımzadə, V.B.Ağayev, R.Q.Babayev və b.tərəfindən
öyrənilmişdir. Yura çöküntüləri Kiçik və Böyük Qafqazın iri,
gömülmüş quruluşlarında iştirak edir. Alt Yura - Hettanq, Sinemyur,
Plinsbax və Toar mərtəbələri terrigen, Orta Yura - Aalen, Bayos,
Bat, Kellovey mərtəbələri püskürmə və piroklastik süxurlardan, Üst
Yura - Oksford, Kimeric, Titon mərtəbələri isə karbonat,
çökmə-terrigen süxurlardan ibarətdir.
Təbaşir sistemi V.P.Renharten, M.M.Əliyev,
Ə.Y.Xəlilov, Ak.A.Əlizadə, R.Ə.Xələfova, X.Əliyulla və b.
tərəfindən tədqiq edilmişdir. Təbaşir çöküntüləri Böyük və Kiçik
Qafqazın əsas tektonik strukturların quruluşunda iştirak
edir.
Alt Təbaşir- Berrias, Valanjin, Hoteriv,
Barrem, Apt və Alb mərtəbələri çöküntülərlə təmsil olunaraq, əsas
etibarilə, əhəngdaşı, mergel, gil, qumdaşı və onların
növbələşməsindən ibarətdir.
Üst Təbaşir- Senoman, Turon, Konyak, Santon,
Kampan, Maastrixt mərtəbələri karbonat, terrigen, püskürmə
süxurları ilə səciyyələnir.
Kaynozoy eratemi Böyük və Kiçik Qafqazın, Kür
çökəkliyinin əsas tektonik strukturlarının quruluşunda iştirak
edir. Litologiyası çökmə, püskürmə və piroklastik süxurlardan
ibarətdir.
Paleogen sistemi Paleosen, Eosen və Oliqosen
şöbələrinə bölünür. Biostratiqrafiyasının öyrənilməsi ilə
Q.Ə.Əlizadə, Ə.Ə.Əlizadə, T.Ə.Məmmədov, C.M.Xəlilov, D.Ə.Ağalarova
və b. məşğul olmuşlar. Kiçik və Böyük Qafqazın, Kür çökəkliyinin
əsas strukturlarının quruluşunda iştirak edirlər. Litoloji cəhətdən
gil, qumdaşı, əhəngdaşı, konqlomerat və s. süxurlarla təmsil
olmuşlar.
Neogen sistemi Miosen və Pliosen şöbələrinə
bölünür. Miosen şöbəsinin alt yarımşöbəsi – Maykop, Tarxan, orta
yarımşöbəsi – Çokrak, Karaqan, Konk və üst yarımşöbəsi – Sarmat,
Meotis mərtəbələrinin çöküntülərilə təmsil olunur. Pliosen
şöbəsinin alt yarımşöbəsi Pont, Balaxanı (Məhsuldar qat) və üst
yarımşöbəsi isə Ağcagil mərtəbələrinə bölünürlər. Çöküntülər
orqanogen əhəngdaşı, qumdaşı, gil, qum, qravelit və s. süxurlardan
ibarətdir.
Dördüncü dövr (Antropogen) sistemi Pleystosen
və Holosen şöbələrinə bölünür. Pleystosen şöbəsi - Abşeron, Bakı
mərtəbələri, Türkan, Xəzər, Alt Xvalın horizontlarından; Holosen –
Üst Xvalın və Yeni Xəzər horizontları çöküntülərindən təşkil
edilib. Dördüncü dövr çöküntüləri Abşeron yarımadasında,
Qobustanda, Xəzəryanı sahədə, Lənkəran düzənliklərində, Orta və
Aşağı Kür ovalıqlarında, Bakı arxipelaqında və b. sahələrdə geniş
yayılmışdır. Biostratiqrafiya tədqiqatlar B.G.Vəkilov,
S.Q.Qaryağdı, T.S.Qarayev, E.M.Əsədullayev və b. tərəfindən
aparılmışdır. Litoloji cəhətdən dəniz və kontinental fasiyalı
çöküntülərdən, gil, qum, konqlomerat, əhəngdaşı süxurlarından
ibarətdir.
Tektonika. Azərbaycanın geoloji quruluşunda
iştirak edən əsas tektonik strukturlardan Böyük və Kiçik Qafqaz
meqantiklinoriumları və onları ayıran Kür dağarası
çökəkliyidir.Böyük Qafqaz meqantiklinoriumun tektonikası, əsas
etibarilə, V.Y.Xain, Ə.Ş.Şıxəlibəyli, F.S.Əhmədbəyli, Ə.Ə.Bayramov
və b. tərəfindən tədqiq edilmişdir. O, mürəkkəb quruluşa malik
olub, mərkəzi hissəsi Yura yaşlı gilli, qumdaşılı şistlərdən
ibarətdir. Qanadlarını təşkil edən tektonik strukturlar nisbətən
cavan süxurlardan ibarətdir. Böyük Qafqaz meqantiklinoriumunda
Təngi-Beşbarmaq antiklinoriumu, Şahdağ, Xızı, Şamaxı-Qobustan
sinklinoriumları, Abşeron periklinal əyilmə və bir neçə başqa
strukturlar mövcuddur.
Kiçik Qafqaz meqantiklinoriumun tektonik quruluşu V.Y.Xain,
Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, Ə.Ş.Şıxəlibəyli, Ə.İ.Məmmədov və b.
tərəfindən tədqiq edilmişdir. Meqantiklinoriumun geoloji
quruluşunda, əsas etibarilə, püskürmə, tuflu-çökmə, karbonat
süxurlardan ibarət aşağıdakı tektonik zonalar mövcuddur:
Lök-Ağdam tektonik zonası tərkibində Şəmkir,
Murovdağ, Ağdam antiklinoriumları və onları ayıran Qazax, Daşkəsən,
Ağdərə sinklinoriumlarıdır. Göyçə-Qarabağ tektonik
zonası Lök-Ağdam zonasından cənub və cənub-qərbdə yerləşir. Onun
tərkibində Turaqaçay, Xocavənd, Sarıbaba, Azıx sinklinoriumları və
onları ayıran Qarabağ və Zəmzur antiklinoriumları məlumdur.
Misxan-Qafan zonası Sarıbaba sinklinoriumun cənub-qərbində yerləşir. Zona Tərtər çayının mənbəyindən şərq istiqamətində uzanaraq, Qarabağ və Zəngəzur dağlararası sahəni əhatə edir. Tərkibi - Laçın, Starotaq, Qafan antiklinoriumları və onları ayıran Kəlbəcər törəmə muldasından, Xuzabirt və Qoçaz sinklinoriumlarından ibarətdir.
Araz tektonik zonası Naxçıvan ərazisində yerləşərək tərkibində Şərur-Culfa, Zəngəzur antiklinoriumları və Ordubad sinklinoriumu mövcuddur. Strukturlar Fanerozoy eratemi çöküntülərindən təşkil olunaraq, çökmə, püskürmə, karbonat və s. süxurlardan ibarətdir.
Talış tektonik zonası Talış dağlıq ərazisinin
böyük hissəsini əhatə edir. Litofasial cəhətdən püskürmə və çökmə
mənşəli kompleks süxurlardan təşkil edilmişdir.
Kür dağarası çökəkliyi Alp qırışıqlıq
qurşağının Qafqaz seqmentində daxili strukturdur. O, Böyük və Kiçik
Qafqaz dağları, Dzirül massivi və Xəzər dənizi ilə
həmsərhəddir.Əsas tektonik struktur elementləri Orta və Aşağı Kür
çökəklikləridir. Orta Kür çökəkliyində Alazan-Əyriçay, Palantökən
sinklinoriumu, Daşyüz, Çatma-Göyçay antiklinoriumu, Aşağı Kür
sinklinoriumunda Kürdəmir-Saatlı, Mil-Muğan gömülmüş qalxımlar
mövcuddur.
Ədəbiyyat
Əlizadə Ə, Babayev M.- Ümumi geologiya.
Orucov V.- Ümumi, neft və neft-mə'dən geologiyası.
Məmmədov T.Ə., Kərimov V.Y.- SSRİ geologiyası.
Səfərov E.İ. - Kiçik Qafazın faydalı qazıntı yataqları.
Məmmədov T.Ə.- Tarixi geologiya.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"