• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xalqın birinci xidmətçisi mənəm – Prezident İlham Əliyev

  • Digər
  • 6 Fevral 2014 12:09
  • 515 Baxış
Xalqın birinci xidmətçisi mənəm – Prezident İlham Əliyev

“Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar”.

Publika.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir: “Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin”.
Prezident bildirib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəkdir.

“Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistem xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri də görülür və görüləcəkdir. Ancaq hesab edirəm ki, burada sistem xarakterli tədbirlər daha da böyük səmərə verəcəkdir. Mən “ASAN xidmət”in fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Cəmi bir il ərzində “ASAN xidmət”ə bir milyon müraciət olmuşdur. Tam şəffaflıq təmin edilibdir, mədəni xidmət və Azərbaycan vətəndaşına layiq olan hörmət göstərilir. Ona görə “ASAN xidmət”in funksiyaları bundan sonra da genişlənəcəkdir. Bütün insanlarla birbaşa ünsiyyətdə olan qurumlar da bu prinsiplərlə yaşamalıdırlar. Əminəm ki, növbəti illərdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəmiz daha da gözəl nəticələr verəcəkdir. Bunu deməyə əsas verən görülən işlərdir, aparılan islahatlardır və güclü siyasi iradəmizdir”-deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev məmurlara ciddi xəbərdarlıq edib. Bildirib ki, xalqın birinci xidmətçisi odur, bütün məmurlar da belə olmalıdır: “Bütün bu amillər ola-ola biz korrupsiyaya, rüşvətxorluğa niyə göz yummalıyıq?! Niyə bu yara bizi içimizdən sarsıtsın, niyə bu yara bizi zəhərləsin?! Ona görə, mən deyirəm ki, hər kəs nəticə çıxarsın. Cəza tədbirləri görülür, görüləcəkdir. Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır”.

Asif

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR