• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Putindən sonra Rusiya: mümkün varislər

  • Digər
  • 8 Noyabr 2014 18:38
  • 1 190 Baxış
Putindən sonra Rusiya: mümkün varislər

Rusiyanın Krımı özünə birləşdirməsi və Ukraynanın şərqində separatizm ocaqları yaratması indiki mərhələdə Moskvanın qələbəsi kimi görünə bilər. Amma siyasi meydanda qazanılan bu qələbəni iqtisadi sahəyə aid etmək olmaz.

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi ağır sanksiyaların təsiri iqtisadiyyatda artıq çox ağır şəkildə özünü göstərməyə başlayıb. Artıq 1 dollar 48 rubl, 1 avro isə 60 dollar həddini keçib. Rusiyaya belə bir vəziyyəti sonuncu dəfə 2008-ci ildə yaşayıb. Noyabrın 5-dən sonra isə intervensiyanın həcminin gündəlik 350 milyon dolları ötməməsinə qərar verilib. Hazırda Kreml iqtisadi böhranla üz-üzədir və vəziyyət kifayət qədər ciddidir. 2014-cü ilin əvvəlindən Rusiya Mərkəzi Bankı milli valyutanın məzənnəsinin saxlanılması üçün valyuta ehtiyatlarından 51 milyard dollar bazara çıxarıb. 2014-cü ildə Rusiya iqtisadiyyatında minimal yüksəliş gözlənilir. Rusiyada xarici investisiyalar 50 faiz azalıb. Məlum olduğu kimi, Kreml 630 milyard dollar valyuta ehtiyatlarına malikdir. Ancaq bu vəsait yaranan çatların bağlanması üçün xərclənir.

Rusiyada maliyyə sabitliyi ilə bağlı narahatlıq Kremldəki müxtəlif qruplaşmalar arasında qarşıdurmaya səbəb olub. Rusiyanın maliyyə naziri Anton Siluanov çərşənbə axşamı Putini hərbi xərcləri azaltmağa çağırıb. Rusiya 2015-ci ildə yenidən silahlanma üzrə 10 illik proqramın reallaşdırmasına başlamaq niyyətindədir. Proqramın ümumi dəyəri 770 milyard dollar təşkil edir. Siluanov sentyabr ayında büdcə layihəsinin müzakirəsi zamanı bu plana qarşı çıxış edib.

Artır həm ölkə daxilində, həm də xaricdə bir çoxları şübhə etmir ki, iqtisadiyyatın uçuruma yuvarlanması ölkəni oliqarxların üsyanına apara bilər. Bu üsyanın isə Putinin geosiyasi ambisiyalarına qarşı olacağı şübhəsizdir. Heç kimə sirr deyil ki, Rusiya oliqarxları ölkənin iqtisadi həyatında həlledici rol oynayır və siyasi qərarlara da kifayət qədər təsir edirlər. Rusiyalı politoloq Andrey Piontkovski də Litva səfərində “delfi.lt” saytına verdiyi müsahibədə də bu məqama toxunub. “Əlbəttə, milyarderlər nəhəng pullar itirirlər. Onlarda sual yaranır ki, niyə biz bütün bunlara bir insanın (Putinin-Ö.D.) ambisiyalarına görə dözməyə məcburuq?” – deyə rusiyalı politoloq bildirib. O, həmçinin sadə xalqın da Putinə qarşı narazılığının artdığını qeyd edir.

Ancaq bir çox analitiklər hesab edir ki, Putinin hakimiyyətdən gedişi belə Rusiyanı katakilizmlərdən xilas etməyəcək. Ötən il ABŞ-ın “Stratfor” analitik mərkəzinin Rusiyanın hazırkı siyasi sistemi və prezident Putindən sonrakı Rusiya ilə bağlı təhlil apardığı məqalənin adını da “Putindən sonra Rusiya: Dumanlı gələcək” adlandırmışdı.

Rusiya iqtisadiyyatı əsasən enerji ehtiyatlarına söykənir. Neft və təbii qaz dövlət gəlirlərinin yarısını təşkil edir. Enerji ehtiyatları Kremlin xarici siyasətində əsas siyasi təsir alətidir. Qərb də yaxşı anlayır ki, sanksiyaların daha da sərtləşdirilməsi oliqarxların səbr kasasının daşmasına və onları Putinlə birdəfəlik haqq-hesab çəkməsinə itələyəcək.

“Stratfor” analitik mərkəzinin analitikləri hesab edir ki, Putinin mümkün varisləri də məlumdur. Siyasi elitadakı rəhbər şəxslər mövqelərini möhkəmləndirməyə çəhd göstərir. Məsələn, Putinlə çoxdan bağlılığı olan İqor Seçin təsirini neft sektorundan qaz sektoruna yönəltməyə çalışır. Baş nazirin müavini Arkadi Dvorkoviç baş nazir Dmitri Medvedevin yanında öz səlahiyyətlərini genişləndirməyə və “Qazprom”a nəzarət etməyə çalışır. Moskvanın meri Sergey SobyaNin hakim "Vahid Rusiya" Partiyasından uzaqlaşır ki, seçicilər ona daha müstəqil oyunçu kimi baxsınlar.

Bunlardan başqa Putini əvəzləyə biləcək başqa bir şəxsin də adı çəkilir. Bu postsovet məkanında Gürcüstan və Ukraynadan sonra üçüncü “oliqarx inqilabı”nı həyata keçirə biləcəyi deyilən Rusiyanın YUKOS neft şirkətinin sabiq rəhbəri Mixail Xodorkovskidir. Son vaxtlar onun Putinə qarşı çıxışları xeyli artıb və hakimiyyət əleyhinə keçirilən bütün tədbirlərə dəvət alır.

“Mənim ölkəm normal inkişaf etsəydi Rusiya prezidenti olmaq marağım olmazdı. Ancaq ölkənin böhrandan çıxarılması, hakimiyyətin yenidən bölüşdürülməsi ilə bağlı konstitusiya islahatları keçirilməlidir. Bu halda isə işin bir hissəsini öz üzərimə götürməyə hazıram. Məndə ümid var ki, Putin hər hansı bir səhv edəcək. Çünki bütün nüfuzlu rejimlər səhv edir. Mən Putinə qarşı düşmənçilik hiss etmirəm. Putin mənim üçün opponentdir, onunla vuruşmaq mənim üçün maraqlıdır", - deyə Xodorkovski İspaniyanın “El Pais” qəzetinə də müsahibəsində vurğulayıb.

Ehtimal etmək olar ki, keçmiş oliqarxın bu bəyantları Qərbdəki xüsusi dairələr tərəfindən hazırlanıb. Xodorkovski açıq şəkildə bildirir ki, o, Putinin səhvini gözləyir və hakimiyyətə gəlməyə hazırlaşır. İlk baxışdan güman etmək olar ki, Qərb Putini Xodorkovski ilə qorxutmağa çalışır. Digər tərəfdən isə bu, Qərbin düşünülmüş planı ola bilməzmi? Tamamilə mümkündür. Artıq bu istiqamətdə Qərb mediasının fəaliyyətə keçdiyi də görünür. M.Xodorkovskiyə səhifələrində geniş yer ayırması, Putinin əleyhinə keçirilən tədbirlərə dəvət edilərək çıxış üçün söz verilməsi bu fəaliyyətin yalnız bir qoludur. Qərb mediasında gedən yazılarda Rusiya oliqarxlarının Kremlin xarici siyasətindən narazı olduğu bildirilir. Yuxarıda da qeyd etdik ki, Rusiya oliqarxları ölkənin iqtisadi həyatında həlledici rol oynayır və siyasi qərarlara da kifayət qədər təsir edirlər. Belə demək mümkünsə, Qərbdə Putinin siyasətindən narazı olan oliqarxların artıq Xodorkovski ətrafında birləşdirilməsi prosesi başlayıb.

“Stratfor” analitik mərkəzinin analitikləri qeyd edir ki, Putindən sonra Rusiyanın gələcəyi dumanlı görünür. Hazırkı hakimiyyət daxili sabitliyi bərpa edib, ölkənin regional təsirini geri qaytarıb və beynəlxalq səhnədə mövqelərini gücləndirib. Ancaq indi ölkədə və onun hüdudları xaricində ciddi çağırışlar yaranır ki, Putindən sonra Moskvaya birləşdirici lider lazımlıdır. Belə fiqur tapılacaqmı? Hələlik sualın cavabı yoxdur. Sistem əvvəlki kimi Putinin şəxsiyyətindən və hökumətdəki müxtəlif fraksiyalar arasında hakim kimi xidmət etmək qabiliyyətindən asılıdır. Bu baxımdan hakimiyyətin varisə ötürülməsi ilə bağlı planların problemlərsiz həyata keçirilməyəcəyi proqnozlaşdırılır.

Analitik mərkəz Putinin hazırda siyasi sistemi yenidən qurduğunu bildirir. Bu yeni sistem "Siyasi Büro 2.0" adını alıb. “Siyasi Büro 2.0”da sovet Siyasi Bürosunun ümumi xüsusiyyətləri var. “Siyasi Büro 2.0” sistemi ölkə və texnokratların xarici dairəsi üçün əsas qərarları qəbul edən daxili elitaya çevrilib. Arbitr rolunu oynayan Putin də daxil olmaqla ona 10 adam daxildir. Hərçənd, Putin ehtiyac olduqda onları dəyişə bilər.

Energetika sektorunda qərarları Siyasi Büronun üç üzvü qəbul edir: İqor Seçin, Dmitri Medvedev və Gennadi Timçenko. Kəşfiyyat xidmətinə nəzarəti əlində saxlayan prezident administrasiyasının başçısı Serqey İvanovdur. Moskvanın meri Sergey Sobyanin isə paytaxtdakı vəziyyətə cavabdehdir. İvanov artıq uzun vaxtdır Putinin ən etibarlı tərəfdarlarından hesab edilir və lazım olan vaxtda ön plana çıxmağa hazırdır. Sobyanin Putinin varisi roluna iddia edir və bitərəfliyi saxlamağa çalışır.

“Siyasi Büro 2.0” sistemi hakimiyyətin ötürülməsini yüngülləşdirmək üçün Putinə şərait yaratdı. Ancaq bu sistem yoxlanılmamış qalır. Vəziyyət qeyri-müəyyəndir: “Siyasi Büro 2.0” üzvlərindən kimsə Putini əvəz edə biləcəkmi? “Siyasi Büro 2.0”nin yaranmasına baxmayaraq, Rusiya sistemi əvvəlki kimi Putinin şəxsiyyəti ətrafındadır.

Lakin proqnozlarda qeyd olunur ki, bu sistem belə Putini hakimiyyətini qorumaya bilər.

Ömər Dağlı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR