• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rubl, neft və rusiyalılar üçün pis il və ya Putin nə gözləyir - ŞƏRH

  • Digər
  • 15 Yanvar 2015 13:39
  • 753 Baxış
Rubl, neft və rusiyalılar üçün pis il və ya Putin nə gözləyir - ŞƏRH

Rusiya “ayı”sı üçün 2014-cü il çox pis keçdi. Yeni il yuxusundan oyanan rusiyalılar ciddi şəkildə dəyişmiş iqtisadi landşaftı görürlər. Ölkənin kredit reytinqi hazırda “zibil” səviyyəsinə qədər azaldılıb. Rəsmi inflyasiya 11 faizdir, amma reallıqda bu göstərici daha yüksəkdir. Neft qiymətləri düşməkdə davam edir. Rubl isə məzənnəsini bir müddət sabit saxlaya bilsə də, yenidən dəyərini itirməkdədir. Bundan sonra nə olacaq?

“Rabobank”ın analitiki Pyotr Matis hesab edir ki, kredit reytinqinin azaldılması kapital axınında mənfi tendensiyasını möhkəmləndirəcək və Rusiya Mərkəzi Bankını valyuta müdaxilələri vasitəsi ilə rubla daha uzun müddət dəstək verməyə məcbur edəcək. “The Christian Science Monitor” nəşrinin şərhçisi Fred Ueyr yazır ki, son iki həftədə Rusiya faktiki olaraq “qış yuxusu” vəziyyətində idi. “İndi rusiyalılar oyanmağa başlayırlar və qarşısında ciddi şəkildə dəyişmiş iqtisadi landşaftı görürlər. 2015-ci ildə əhalinin əhəmiyyətli hissəsi ölkənin maliyyə çətinliklərini öz üzərində hiss edəcək”, - məqalədə deyilir.

“Bütün bunlar bizim iqtisadi reallığımızı ciddi dəyişdirir”, - Rusiya Beynəlxalq Münasibətlər və Dünya İqtisadiyyatı İnstitutunun əməkdaşı, iqtisadçı Yevgeni Qontmaxer hesab edir. O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda siyasi etirazların baş verəcəyini gözləmir. İqtisadçının sözlərinə görə, Putinin rəhbərliyi dövründə ilk dəfə real gəlirlər aşağı düşüb. Eyni zamanda, tibbi və maarifləndirici xidmətlər sahəsində əhəmiyyətli ixtisarlar baş verir. Büdcə təşkilatlarında isə maaşların 15 faiz və ya daha çox azalacağı gözlənilir. Yevgeni Qontmaxerin sözlərinə görə, Kremldə hələ də belə bir fikir üstünlük təşkil edir ki, Rusiya fundamental dəyişikliklərə getmədən maliyyə böhranına dözməyə qadirdir.

Almaniyanın “Die Welt” nəşrində Filipp Pyatov hesab edir ki, 2015-ci il Rusiyası ilə 1991-ci ilin Sovet İttifaqı arasında paralellər aparmaq mümkündür: “Putinin məntiqi bundan ibarətdir ki, Rusiyada vəziyyət deyildiyi qədər qorxunc deyil. Üç saatlıq mətbuat konfransında elə danışırdı ki, guya Rusiyada maliyyə böhranı yoxdur. Putin vurğuladı ki, dövlət büdcəsi tənzimlənib, pensiyalar artıb, ölkə rekord həcmdə məhsul toplayıb. Putin etiraf edir ki, neftin aşağı qiyməti və inflyasiya Rusiya iqtisadiyyatı üçün problemlər yaradır. Amma onun fikrincə, iki il sonra iqtisadi artım bərpa olunacaq”.

“Die Welt”in müxbiri hesab edir ki, reallıq başqa cürdür, daha doğrusu, vəziyyət Kreml rəhbərliyinin iddia etdiyindən xeyli pisdir: “Putinin işləri heç vaxt olmadığı qədər pis gedir. Buna görə də bu il onun üçün son il ola bilər. Həm də bu, yalnız iqtisadi səbəblərlə bağlı olmayacaq”.

“Oliqarxlar, biznesmenlər və siyasətçilər Putinlə dostluq edirlər. Amma bu dostluq başa çata bilər. Dövlət başçısı onların milyardlarını böhran şəraitində dövlətin resurslarına çevirəcək. Bundan başqa, Rusiya oliqarxlarını Ukrayna maraqlandırmır. Onlar Qərbə qarşı Putindən fərqli olaraq yeni “soyuq müharibə”nin aparılmasında maraqlı deyillər. Putin vəzifəyə gələndən prezident və siyasi-iqtisadi elita arasında mənafe mübarizəsini müşahidə edirik. Qərb rusiyalılarla deyil, Putinlə hesablaşmaq istəyir. Əgər Putinin tərəfdarlarının dairəsi daralarsa, Putin 2015-ci ildə sağ qalmaya bilər”, - Filipp Pyatov məqaləsini tamamlayır.

Ömər Dağlı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR