Rəşad Məcid: “Dördüncü sevgimi gözləyirəm” - FOTOLAR
Bizi izləyin

Digər

Rəşad Məcid: “Dördüncü sevgimi gözləyirəm” - FOTOLAR

“Ulduzlu axşam”da həmsöhbətim Rəşad Məciddir.

Onunla nə AYB-nin katibi, nə də uzun illər rəhbərlik etdiyi “525-ci qəzet”in baş redaktoru kimi danışdım. Bu dəfə qarşımdakı “Çiyələk qadın”lara sevgi şeirləri ilə sığal çəkməkdən usanmayan, xarizması ilə xanımların ürəyini ovsunlayan, zövqünü oxşamayan qadınlara asanlıqla “Get” deməyi bacaran Rəşad Məciddir. Əvvəlcə nazlı-qəmzəli Xumar onun “Çiyələk qadın” şeirinə musiqi bəstələyib oxudu, ardınca da Tünzalə Ağayeva “Get” şeirini musiqiyə çevirdi. Tünzalənin klip təqdimatında biz də onu sorğu-suala çəkdik. Rəşad Məcidin şeir və sevgi dünyasına baş vurduq. Çoxlarından fərqli olaraq o, diktofonunuma işarə vurub “filan cavabı çıxararsan” deyib nə israr etdi, nə də qeyri-səmimi fikirləri ilə məni darıxdırdı. Yarızarafat-yarıgerçək məndən yalnız bir təvəqqesi oldu: “Bax, sözlərimi təhrif eləmə ha!”

Mənim də cavabım eyni tonda oldu: “Ayıb söhbətdir ki, Rəşad müəllim!”

“Yazdığım şeirlər ünvanlıdır”

- Son vaxtlar çox tanınmış müğənnilər sözlərinizə bəstələnmiş mahnılar ifa edir. Əvvəl Xumar Qədimova, ardınca da Tünzalə Ağayeva. Təklif onlardan gəldi, yoxsa özünüz istədiniz ki, şeirlərinizə musiqilər bəstələnsin?

- Düzür, mən bunu istəməmişəm və heç arzulamamışam da ki, sözlərimə mahnılar bəstələnsin. Amma bu şeirləri üzə çıxarandan və müğənnilər kitabımda o şeirləri görəndən sonra maraqlanmağa başladılar. Mənim Xumar xanımın da musiqilərinə, qeyri-adi istedadına hörmətim var, Tünzalə xanıma da. Tünzalə xanım sözə ciddi önəm verən müğənnidir. Tünzalə xanım beş il öncə, Xumar xanımdan da qabaq kitabımı alıb və sonradan “Get” adlı şeirimə mahnı bəsətələdi. Dostluq etdiyim Xanım İsmayılqızı da mənim bir neçə şeirimə mahnı bəstələyib. Bu, könüllü deyil, bəlkə də, müğənni dostlarım özləri məni təhrik edirlər. Son vaxtlar mənim “Çiyələk qadın” adlı kitabım çıxıb, çox adam deyir ki, o şeirlərin hamısı mahnı mətnidir. Ola bilsin ki, bu davam edəcək, yəni şeirlərimə daha yeni mahnılar bəstələnəcək. Etiraz etmirəm də. Çünki hesab edirəm ki, şeiri çatdırmağın bir forması da elə mahnıdır. İnsanlar arasında şeir, ədəbiyyat oxumaq vərdişi azalıb. Şeiri hansı formada çatdırasan?

Sağ ol demə, vida etmə,

zamandısa, vaxtdısa, get,

Getməyinin gərəkliyi

qalmağından çoxdusa, get…

Bu şeiri musiqi vasitəsi ilə çatdırmaq, məncə, yaddaşlara daha çox yazılır. Eləcə də Xumar xanımın oxuduğu da fərqli sözləri olan mahnı idi və hamı onun sözlərindən danışırdı.

- Yəqin ki, digər xanım sənətçilər də sözlərinizə mahnılar bəstələmək fikrinə düşəcək. Onlar arasında seçim edəcəksiniz?

- Adını çəkdiyim müğənnilərlə münasibətim olduğunu dedim. Bəlkə də, gələcəkdə kimlərsə olacaq, hər halda, bəyənmədiklərimi o dəqiqə deyirəm. Yəqin ki, bu davam edəcək. Fikrimcə, Xumar xanımdan da bir yeni mahnı gəlməlidir. Tünzalə xanıma da “Çiyələk qadın” kitabımı vermişəm, o da yeni mahnı bəstələyəcəyinə eyham vurub. Xanım İsmayılqızı bir neçə şeirimə musiqi bəstələyib, amma hələ ki qalıb. O mahnılardan birinin Nəzakət Teymurovanın ifa səsinə uyğun olduğunu düşünmüşdük, ola bilsin, gələcəkdə bu reallaşsın.

- Sözlərinizə yazılmış mahnıları daha hansı müğənnilərin ifasında eşitmək istərdiniz?

- Azərin çox hörmət etdiyim müğənnilərdəndir. Nəzakət xanımın da adını çəkdim. Var bir neçə belə müğənni.

- Bəs kişi müğənnilərdən?

- Məncə, yoxdur. Əslində mən bunu xüsusi olaraq fikirləşmirəm e, mahnılarımı kimsə oxusun. Sadəcə, bu iki müğənniyə münasibətim fərqlidir.

- Şeirləriniz yaşadıqlarınızın məhsuludur, yoxsa xəyallarınızın?

- Hamısı yaşantılarımdır. Süni qoşub-düzmürəm. Bu şeirlərimin hamısı yaşadıqlarımın əslində çox az bir hissəsidir. Yaşadıqlarım daha geniş və daha dərindir.

- Yəqin, yaşadığınız sevgilər də daha dərin olub?

- Mənim 1996-cı ildə yazdığım “Roman" silsiləsindən olan şeirlərim var. 2004-cü ildə kitab çap elədim. Keçən il 50 yaşımda hörmətli akdemik İsa Həbibbəyli haqqımda bir kitab yazaraq mənə sürpriz elədi. O kitabın da əsas əhəmiyyətli hissəsi bu “Roman” adlanan silsilədən olan şeirlərlə bağlıdır. Orda yazmışdı ki, bu şeirlər Rəşad Məcidin yaratdığından çox, yaşadıqlarının poetik ifadəsidir. Yəni o şeirlər yaşadığım həyatın işartılarıdır. Düşünürəm ki, poeziyanın mahiyyəti və məğzi sevgidir. Əgər sevgi yoxdursa, şeir də yoxdur.

- Şeirlərinizin konkret ünvanı varmı? Məsələn, Xumarın “Çiyələk qadın” şeirinə bəstələdiyi mahnıdan sonra belə söz-söhbət gəzdi ki, şeiri ona həsr etmisiniz?

- O şeirlər artıq yazılmışdı və ondan neçə müddət keçəndən sonra Xumar xanım o şeirləri oxudu, bəyəndi. Ünvana gəlincə, əlbəttə, şeirlərimin konkret ünvanı var. Ümumiyyətlə, qadına yazdığım şeirlər ünvanlı şeirlərdir.

“Sevgi insanın anormal halıdır”

- Bunu yalnız özünüz bilirsiniz, yoxsa o bəxtəvərlər özləri də bundan xəbərdardır?

- Şeirləri diqqətlə oxusalar, özləri ünvanı asanlıqla tapar.(gülür)

- Şablon da olsa, mənə çox maraqlıdır, Rəşad Məcidin anlamında sevgi nədir?

- Sevgi insanın anormal halıdır.

- Daimi haldır, yoxsa, keçici?

- Daimi deyil, müvəqqəti hissdir, amma onu daha çox uzatmaq olar.

- Bir Azərbaycan kişisinin həyatında, elə öz təbirinizcə desək, ömrü boyu neçə belə "anormal hal" yaşana bilər?

- Bir Azərbaycan kişisinin yox, ümumiyyətlə, insan həyatına dörd böyük sevgini sığışdırmaq olar. Alimlər çox vaxt sevginin bir il, bəzən dörd il çəkdiyni deyirlər. Hətta Skandinaviya alimləri deyirlər ki, sevgi beyindəki maddələrdən asılıdır, uzaqbaşı dörd ilə o maddələr sovrulub gedir. Amma gücü çatan adamlar o sevginin həyəcanını, emosiyasını beş il, on il və daha çox illər yaşaya bilirlər. Daha emosional olan və iç dünyalarını şeirlə ifadə etmək istəyən adamlar isə bu həyəcanı, emosional halı arzulayırlar. Bəzən də buna çox can atırlar. Mənim tez-tez xatırladığım bir fikir var, alman filosofu Nitsşeyə məxsusdur: “Sevgi yaşamağın yeganə və sonuncu şansıdır”. Mən də əsr yarım bundan qabaq alman filosofunun söylədiyi bu düşüncədəyəm və deyirəm ki, sevgi yaşamağın yeganə və sonuncu şansıdır. Sevginin insanı qaldırdığı məqama nə pul, nə narkotika, nə var-dövlət, nə böyük məşhurluq - heç nə qaldıra bilməz. Sevgi insanı ən yüksək yerə qaldıran hissdir.

“Dördüncü sevgini gözləyirəm”

- Siz Nitsşedən misal gətirdiniz, mən də adını unutduğum bir müəllifdən misal gətirmək istəyirəm: “Əclafın birinə də vurulmaq mümkündür”. Bu fikri kişi psixologiyasına uyğunlaşdırsaq, bir fahişəni sevmək mümkündürmü?

- Sevginin başlanğıcı barədə filosoflar çox yazıblar: sevgini necə uzatmaq olar, bunun üçün neyləmək lazımdır və s… Amma heç biri o sevginin ilkin başlanğıc həyəcanı olur ha, hansı ki insan necə olur vurulur, bax bunun səbəbini heç kim araşdırıb tapa bilmir. Bu elmlə izah olunmayan, mümkünsüz bir şeydir. Hardan qığılcım doğdu, adam necə vuruldu - bu ilahi bir şeydir. Bu mənada, siz deyən kimi bu mümkündür. Bir fahişəni də də sevmək olar.

- Bir insan həyatında olmazmı dörd yox, elə bir sevgi olsun, axıracan da davam etsin?

- O qədər insanlar var ki, həyatlarında bir sevgi olub və ömürlərinin axırınadək o sevgini yaşayıblar. Amma mən ümumiyyətlə, nəzəriyyəni və mövcud olan fikirləri deyirəm ki, bir insan ömrünə dörd dopdolu sevgi sığışdırmaq olar. Sevgi də istedaddır e, elə-belə münasibət deyil. Sevmək istedaddır, qabiliyyətdir. Bu mənada, minlərlə insanların 50 faizindən çoxunda heç sevmək qabiliyyəti yoxdur.

- Bəz siz necə, bu sahədə özünüzü qabiliyyətli sayırsınız?

- Əlbəttə, mən sevgidə qabiliyyətliyəm.

- Deyirsiniz ki, insan həyatı boyu dörd sevgi yaşaya bilər. Sirr deyilsə, indiyə qədər o sevginin neçəsini yaşamısınız?

- İnşallah, dördüncü sevgini gözləyirəm.

- Sevgidə yaş senzi necə, sizcə, önəmlidir?

- Yox, yaşın nə fərqi var ki... O məşhur mahnıda deyildiyi kimi. Sevgi, o həyəcan gəlirsə, 65-də də, 75-də də onu tapa və həyəcanlandıra bilər. Sevgi özünü formaca müxtəlif cür büruzə verə bilər.

- Fiziki tamamlanma mütləqdirmi?

- Elə adamlar var, platonik, xəyali bir obrazın sevgisi ilə başları xarab olur, ondan enerji və güc alırlar. Amma mənim düşüncəmdə sevginin bütün komponentləri tamamlanmalıdır - fiziki məsələsi də, baxışlar, zövq, həyəcan, eyniliklər də… Ağıl da rol oynayır ki, sevginin ömrünü uzada biləsən.

“Hətta xəyanət olar, amma sevgi bitməz, davam edər”

- Sizcə, sevgini nə bitirə bilər?

- Hətta xəyanət olar, amma sevgi bitməz, davam edər. Bu mümkündür. Başqa səbəblər də ola bilər, amma sevgi bitməz. Amma başlanğıcda olduğu kimi, arzulamadığın və istəmədiyin halda, bir gün yuxudan durub görərsən ki, sevgi artıq sənin üçün bitib. Neçə il sənin hisslə-həyəcanla düşündüyün, ağlına gətirdiyin zaman bütün bədənini əsdirən bir adam sənin üçün adi bir əşyaya çevrilib. Mənim bir şeirimdə də var:

Yenə oldun stolun, stulun, divanın tayı…

Olursan hissiz-duyğusuz bir əşya.

- Bu səbəbsiz baş verir, demək?

- Bəlkə də, nələrsə olur. Ya da heç insanın buna gücü çatmır. Bayaq dedim axı, sevgi insanın anormal halıdır. O halda yaşamağa insanda fiziki güc də lazımdır. Amma insan tükənir, yorulur.

- Qarşılıqsız sevgilərə münasibətiniz necədir?

- Sevgi iki tərəfin qarşılıqlı şəkildə yaratdığı ideal əsərdir.

- Sevgi bitən yerdə nə başlayır?

- Adi həyat. Şərq alimləri sevginin mərtəbələrini sayırlar: ilgi, sevgi, tutqu, eşq, şövq, qulluq, dostluq. Lap sona dostluğu qoyurlar. Bu, zamanla sınanan şeylərdir. Böyük sevgi yaşayan insanlar sonradan dost olurlar və hər ikisi başqa-başqa sevgi yaşayırlar, bunu hətta birlikdə müzakirə də edirlər.

- Bir damın altında bir sevginin ömrünü uzatmaq çətin məsələ olar, yəqin?

- Niyə, bu da mümkündür. Sadəcə, dediyim kimi, buna enerji və güc lazımdır. O gücü özündə tapmaq lazımdır. Bizim Azərbaycan qadınlarının mənfi keyfiyyəti onların tənbəlliyi, öyrənməməkləri və az bilgili olmalarıdır. Qadın həyatı boyu öz tempini qorumalıdır, həm zahiri gözəlliyini, həm kişiyə qarşı hiss-həyəcanın sehrini-sirrini saxlamalıdır. Bu mənada bizim qadınlar tənbəldirlər və öyrənməkdən qaçırlar.

- Yəni maraqlı deyillər?

- Maraqlıları var. Amma birtərəfli olurlar, bütöv halında maraqlı olmurlar. Bir qadının hansısa yüksək keyfiyyətini qiymətləndirirsən, amma o biri sahələrə baxanda görürsən ki, çox zəifdir.

“Belə olandan sonra o qadın gözümdən düşür”

- Neyləyək ki, Azərbaycan qadınları Azərbaycan kişiləri kimi bayaq siz deyən mənada sevgi-məhəbbət məsələlərində bir o qədər də istedadlı deyillər. Bəribaşdan deyim ki, bu müsahibədən sonra qadınları əleyhinizə qaldıracaqsınız. Hələ bir deyin görək, sizin gözəl, qabiliyyətli, maraqlı qadın obrazınız necədir?

- Həmişə deyirəm ki, birinci cəlb edən qadının zahiri gözəlliyi, onun qadınlığı, ağlı, həssaslığı, kişini həyəcanlandırmaq qabiliyyətidir.

- Sevgi onsuz da elə həyəcandan başlanır…

- Yox, o qədər elə həyəcanlandıran qadınlar var ki… Amma sonradan ünsiyyət lazımdır. O həyəcanın davamı kimi, türklər demişkən, elektrik almaq söhbəti var. Artıq bu, onun savadı, bilgisidir. O gözəlliyn içində boşluq və mənasızlıqdırsa, o dəqiqə qadın səni özüngən itələyir, uzaqlaşdırır.

- Elə mənasız, içiboş kişilər də az deyil. Yəqin ki, sevgidə qabiliyyətli biri kimi ətrafınızda sizinlə eşq yaşamaq istəyən xanımlar da var.

- Bu sosial şəbəkələr çıxandan bəri hamı əlçatandır, hamıya istənilən söz demək olur. Mənə də yazan qadınlar olur. İki sualımdan sonra o qadın gözümdən düşür. Dediyim kimi, qadında sadaladığım o keyfiyyətlər o qədər çox olmalıdır ki, kişini maraqlandıra bilsin.

- Bəynmədiyiniz bir qadın sizə eşq elan edərsə, reaksiyanız necə olar?

- Dərhal xoşuma gəlmədiyini özünə hiss etdirirəm. Mənim elə sifətim var ki, ondan qorxub qaçırlar. (gülür)

Cəvahir Səlimqızı

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm