Oğlumun müəlliməsi
Bizi izləyin

Digər

Oğlumun müəlliməsi

Sosial şəbəkələrdə aktivəm. Bir şey məni çox heyrətləndirir, adi bir məsələ müzakirə edərkən belə insanlarımız bir-birinin ətini sanki didməyə hazır olur. Xəyanət, qətl xəbəri, yaxud başqa hadisə ilə bağlı şərh yazarkən, adətən, “əşşi, bizim millətdən elə bu çıxar” deyirlər. Sanki millətimiz yaxşılıq etməyə qadir deyil... Fikirlərdən kin-küdurət, aqressiya tökülür.

Bəlkə də, biz özümüz günahkarıq. Yəni yazı əhli. Boz siyasət yazıları, kriminal, şou-biznes xəbərləri arasında cəmiyyətin problemlərini əks etdirən az-çox yaxşı yazılar itib-batır.

Yaxşı insanlarımız çoxdur, onlar aramızdadır. Bu gün yaxşılardan yazacağam.

Biri elə oğlumun məktəb müəliməsi, sinif rəhbəri. Adını yazmayacam. Əminəm ki, bunu özü də istəməz. Çünki o, yaxşılığı təmənnasız edir. Reklam üçün yox.

Oğlumun məktəb yoldaşı var, şıltaq, qəşəng bir qızdır. Yaxşı oxuyur. Bir neçə ay əvvəl uşağın anası ağır xəstələndi. Məlum oldu ki, xərçəngə tutulub. Bu səbəbdən qızcığazın dərslərində geriləmə hiss olundu. Müəllimə buna görə uşağa əlavə dərslər keçdi, fərdi hazırlaşdırdı ki, yoldaşlarından geri qalmasın.

Az sonra qızcığazın anası dünyasını dəyişdi. Uşaq xalasının ümidinə qaldı. Xalası isə qızı səhər məktəbə gətirə bilsə də, dərsdən sonra evə apara bilmirdi. İş vaxtı 6-da bitir, həm də yaşadıqları yer uzaqdır. Dərsdən sonra isə uşaq evlərinə tək gedə bilməzdi. Yaşı azdı, məktəbin yanından isə maşınların gur olduğu avtomobil yolu keçir. Uşağı, bəlkə də, internata qoyacaqdılar. Müəlliməsi icazə vermədi. İndi də hər gün dərsdən sonra şagirdini öz evinə aparır, yedirdir, qulluq edir, əlavə hazırlaşdırır.

Yalnız axşam 7-də uşağın xalası müəllimənin evinə gəlir və qızcığazı təhvil alır. Belə müəllimələrimiz var. Təmənnasız-filansız şagirdinə analıq edir.

Haqqında danışmaq istədiyim digər yaxşı insan “Facebook” sosial şəbəkəsindən tanıdığım bir dostdur - Vüqar müəllim. Ziyalıdır. Bir müddət əvvəl dünyalar qədər sevdiyi qızını itirib. Qızın adı Nərmin idi. Leykoz kimi amansız xəstəliyə düçar olmuşdu. Tələbə idi, yaxşı oxuyurdu. Heyif ki, amansız fələk arzularını gözündə qoydu.

Vüqar müəllimin qızı ilə bağlı yazdığı ürəkparçalayan statuslarını çox oxumuşam. Həqiqətən də ağırdır. Valideyn üçün övladını itirməkdən ağır nə ola bilər? Amma çoxlarından fərqli olaraq, Vüqar müəllim ruhdan düşməyib.

İndi qızının arzuladığı, həyata keçirə bilmədiyi fikirləri o, həyata keçirir. Xüsusən də kitab aksiyalarını.

Nərminin hətta məzarı üstə belə kitab rəfi qoyulub. Məzara baş çəkməyə gələnlər, lap təsadüfən bu məzarın yanından keçənlər də həmin rəfdən kitab götürüb, oxuya bilərlər.

Dünyadan köçmüş qızının ruhunu belə şad edir Vüqar müəllim - maarifçiliklə.

Tanıdığım daha bir yaxşı insan isə gənc biznesmendir. Kiçik yaşlarında Ağdamdan qaçqın düşüb. Bakıda yataqxanada məskunlaşıb. Sonradan Bakının ən böyük ticarət mərkəzlərinin birində alver etməyə başlayıb. Adətən, alverdə uğurlu olan adamlara “əlində naxışı var” deyirlər. Haqqında danışdığım gənc də belələrindəndir. Tezliklə, biznesini böyüdüb. Maddi imkanı yaxşılaşandan sonra Bakı ətrafından böyük torpaq sahəsi alıb. Əvvəlcə özünə ev tikib, daha sonra bir neçə ev tikərək yataqxanada ağır şəraitdə yaşayan həmkəndlilərinə pulsuz hədiyyə edib. Özünə söz verib ki, imkanı olduqca, yataqxanada qalan bütün köçkün kəndlilərini evlə təmin edəcək. Xeylisini edib də. İndiyədək də heç bir qəzetdə, saytda bu xeyirxah əməli haqda bir kəlmə yazmağa qoymayıb. Lazım bilməyib.

Belə insanlarımız çoxdur. Yaxşılar haqda yazmaq lazımdır. Yaxşılar...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm