Azərbaycanlı aktrisadan şok etiraf: “Nişanlım yaxın rəfiqəmlə mənə xəyanət etdi” – FOTOLAR
Bizi izləyin

Digər

Azərbaycanlı aktrisadan şok etiraf: “Nişanlım yaxın rəfiqəmlə mənə xəyanət etdi” – FOTOLAR

“Ulduzlu axşam”da həmsöhbətim gənc və cazibədar aktrisa Pərvin Abiyevadır. “Oğurlanmış arzular”, “Qarabağnamə” və digər serialların baş qəhrəmanı olan Pərvin bu günlərdə “Bozbaş pictures”in ərsəyə gətirdiyi “Ay brilliant” filmində də rol alıb.

- Necə oldu ki, səni - gənc aktrisanı birdən-birə serialda baş rola dəvət etdilər?

- Restoranların birində rəfiqəmlə ad günündə iştirak edirdik, orada serialın rejissoru məni görüb. Sonradan rəfiqəm vasitəsi ilə məni tapıb. Dediyinə görə, ilk dəfə auram, enerjim onu cəlb edib.

- “Oğurlanmış arzular” serialında gözlənilməz addımın – kasıb sevgilini qoyub, birdən-birə varlı iş adamına ərə getməyin tamaşaçılarda sənə qarşı mənfi rəy yaratdı…

- Əslində, mən serialda o varlı iş adamına deyirəm ki, mənim sevdiyim insan var, məndən əl çək. Oğlan isə bu sözlərimi dinləməyərək mənə əl qaldırır. Bunu qüruruma sığışdırmıram və acığa o biri oğlanla ailə qururam. Amma sonradan çox peşman oluram. Son bölümlərdə özünüz də nəticəni görəcəksiniz, qabaqcadan bu barədə danışmaq istəmirəm. Çünki icazəm yoxdur.

- Bəs həyatda necə, sevdiyin oğlanı qoyub, başqa birinə ərə gedərsən?

- Yox, mən çox ailəcanlı insanam. Hətta gələcəkdə həyat yoldaşım mənə bir dəfə xəyanət edərsə, onu bağışlayaram. Səhvim olduğu halda, yaxud da elə səbəbsiz mənə əl qaldırsa da belə, bağışlayaram.

- Bəs nəyi həyat yoldaşına bağışlamazsan?

- Yalanı, riyakarlığı.

- Sevdiyin biri varmı?

- Hazırda ürəyimdə böyük bir boşluq var.

- Bu boşluq hansısa nakam sevgidən sonra yaranmayıb ki?

- Nakam sevgi deməzdim. Çünki həyatımda çox xəyanətlər görmüşəm. Hər dəfə də sevdiyim insanlardan buna görə ayrılmışam.

- Bəs bayaq deyirdin, xəyanəti bağışlayarsan?

- Dedim axı, bir dəfə bağışlayaram. Həm də həyat yoldaşımı bağışlayaram, hələ ailə qurmadığım insanı yox. İnsan hələ mənimlə ailə qurmayıbsa, amma mənə xəyanət edirsə, ailə qurandan sonra bundan da betər olacaq. Elə buna görə də ziyanın yarısından qayıtmaq özü də xeyirdir.

- Belə yaraşıqlı, gözəl-göyçək qızsan, necə olur ki, sevdiyin oğlanlar sənə xəyanət edir? Səncə, səbəb nədədir?

- Bu sualı mən də özümə çox vermişəm ki, axı məndə çatışmayan nədir, sevdiyim oğlan məni kiməsə dəyişir. Niyə axı oğlanlar məni aldadır? Qızların özləri məni sevdiklərinə qısqanırlar, hətta elə xanımlar var ki, onlar öz həyat yoldaşlarına qısqanırlar. Buna görə də məəttəl qalıram ki, kimsə sevdiyini mənə qısqanırsa, mənim sevdiyim niyə mənə xəyanət edir? Cavab tapa bilmirəm.

- Heç bu sualı sevdiyin oğlana verməmisən?

- Soruşmuşam ki, niyə məni aldatdın? Cavab verib ki, sənə arxayın idim, bilirdim ki, mənimsən. Mən belə qənaətə gəlirəm ki, kişiləri xəyanətə sürükləyən onlarda olan arxayınçılıq hissidir. Fikirləşirlər ki, əşi, bu yanımdadır, mənə məxsusdur, o biri xanımlarla da bir vaxt keçirim. Maraq xatirinə bunu edirlər. Həm də xəyanət kişilərin xislətindədir. Allah onları belə yaradıb. Heç bir kişi deyə bilməz ki, ömrümdə bir dəfə də olsun xəyanət etməmişəm. Hər halda, bu, mənim şəxsi fikrimdir. Mənim atam belə anama xəyanət edib. Hərçənd, atama qibtə etmişəm, onun anama olan sevgisinə heyran idim. Bununla belə atam anama xəyanət etdi. Heç kəs buna inanmaq istəmirdi.

- Anan onu bağışladımı?

- Anam çox qürurlu qadın olduğuna görə atamı bağışlamadı. Ayrıldılar.

- Bu gün atanla münasibətiniz varmı?

- Əlbəttə, atamı çox istəyirəm.

- Buna görə atanı heç qınadınmı?

- Əslində, mən o vaxt uşaq idim. Çox şeyləri qanmırdım. Buna görə həm atamı, elə həm də anamı qınadım. Anamla atamın ayrılmağına səbəb yalnız xəyanət deyildi. Başqa səbəblər də vardı, bu barədə danışmaq istəmirəm.

- Çox vaxt deyirlər ki, qızlar analarının taleyini yaşayır...

- Anamın yaşadığı taleyi yaşamamaq üçün önləyici tədbirlər görməyə çalışıram.

- Məsələn?

- Çalışıram anam qədər qürurlu olmayım. Bacım da mənim kimi düşünür. Hazırda bacım ailəlidir və həmişə deyir ki, məni ailəmdən ölüm ayıra bilər.

- Belə başa düşürəm ki, oğlanlara da inamın qalmayıb?

- Bəli, oğlanlara, sevgiyə inanmıram. 24 yaşım var, ailə qurmaqdan çəkinirəm. Amma vaxt vardı, deyirdim ki, 20 yaşım olanda ailə quracağam, çünki ailəni çox sevirəm. Qarşıma çıxan insanlar ümidlərimi puça çıxardı.

- “Qarşıma çıxan oğlanlar” deyirsən, indiyə qədər neçə sevgi yaşamısan ki?

- Bu yaşıma qədər üç sevgi yaşamışam. Onlardan biri mənim nişanlım olub. Ən dəhşətli burasıdır ki, nişanlım ən yaxın rəfiqəmlə mənə xəyanət edib – özü də ərli qadınla.

- Bəlkə, elə günah rəfiqəndə olub, nişanlını yoldan çıxarıb?

- İkisi də günahkar idi. Nişanımı qaytardım.

- Demə ki, depressiyaya düşmədim...

- Əlbəttə, düşdüm. Hətta o qədər stress yaşadım ki, həkimlər mənə xəstəxanada müalicə olunmağı tövsiyə etdilər.

- Bəs depressiyadan necə çıxdın?

- Bir sevgini başqa sevgi unutdurur deyiblər. Onu çoxdan unutmuşam. Kim deyirsə ki, insan ömründə bir dəfə sevir, yalan deyir. Gələn sevgi gedən sevgini unutdurur.

- Gözəlliyin həmişəmi dadına çatır?

- Bəzən hə, bəzən də yox. Elə qadın var ki, gözəlliyindən lazımi qaydada istifadə edə bilmir, bu da onun ağılsızlığından irəli gəlir. Demək istəyirəm ki, gözəlliklə bərabər qadında ağıl da olmalıdır. Qadın var ki, hər şeyi var, amma gözəlliyi yoxdur, buna görə də istədiyi sevgini və dəyəri ala bilmir. Qadında gözəllik böyük rol oynayır.

- Gözəlliyin indiyə kimi sənə nə verib?

- Müsbət tərəflərini görmüşəm. Gözəlliyim var ki, indiki vaxtda bu yerdəyəm. Hələ gələcəkdə daha yüksək yerlərdə olacağam. 24 yaşım var, amma uğurlarım yaşımdan böyükdür. Baş rollara çəkilirəm, tanınıram.

- Hər zaman səni ciddi obrazlarda görürük. Maraqlıdır, açıq-saçıq səhnələrə çəkilərsən?

- Mən aktrisayam və lazım gələrsə, açıq-saçıq səhnələrə də çəkilərəm. O demək deyil ki, yataq səhnəsinə çəkilərəm, yox, bu, Azərbaycanda hələ qəbul olunmayıb. Amma peşəkar bir rejissorun mükəmməl bir ssenari əsasında yazdığı əsərdə real qadını canlandıra bilərəm. O qadın fahişə də ola bilər. Yəni ssenaridən, rejissor işindən və təqdimatdan çox şey asılıdır.

- Necə bir oğlanla ailə qurmaq istərdin? Xarici görkəm önəmlidirmi?

- Kişi görkəmi olmalıdır, çünki qız kimi əzilib-büzülən kişilərdən zəhləm gedir. Belələri də indi çoxdur. Amma ərə gedəcəyim oğlan mənə “sənətini at” deyib qadağa qoymamalıdır. Çünki mən sənətimlə nəfəs alıram.

- Geyim həyatında çoxmu vacib amildir?

- Olduqca. Geyimlərə həddən artıq pul xərcləyirəm. Zövqlü görünməyi xoşlayıram.

- Brend önəmlidirmi?

- Qarderobumun yarısı brend geyimlərdir. Amma brend olmaya da bilər, xoşuma gələrsə, beş manatıq kofta da geyinə bilərəm.

- Orta hesabla ayda geyimlərinə nə qədər pul xərcləyirsən?

- Bəzi aylarda geyimlərimə iyirmi min manat xərcləmişəm.

- Seriallardan aldığın qonorar buna imkan verir?

- Gəlir yerim yalnız seriallar deyil. Digər tədbirlər, reklam, reklamlardan götürdüyüm gəlirlər də var. Ailəm də kömək edir.

- Hansı aktrisaları özünə kumir sayırsan?

- Monika Belluçini çox sevirəm.

- Elə ona oxşayırsan da...

- Çox adam tipaj olaraq məni Monikaya bənzədir. Uşaqlıqdan o qadının vurğunuyam.

- Bəs hansı aktyorla tərəf-müqabili olmaq istərdin?

- Bu barədə hələ düşünməmişəm, amma sevdiym aktyor Hyu Cekmandır.

- Çox ciddi, qapalı, zabitəli görünürsən. Elə canlandırdığın obrazlarda da beləsən. Maraqlıdır, göründüyün qədər ciddi birisən? Yoxsa tanınmış aktrisa olduğun üçün özünə müəyyən qadağaların var?

- Çölə-bayıra çıxanda özümü ciddi aparmağı sevirəm, amma çox istədiyim insanların əhatəsində uşaqlaşıram. Tanıdıqlarımın yanında sox səmimi oluram.

- Bir dəfə müğənnilərdən biri dedi ki, saçlarımı itirməkdən çox qorxuram, əgər itirsəm, gözəlliyimi də itirmiş olacağam. Bəs sən necə düşünürsən, sənə gözəllik verən nədir?

- Qaşlarım və gözlərim. Düşünürəm ki, mənə gözəllik verən daha çox göz-qaşımdır.

- Sosial şəbəkələrdə səni qıcıqlandıran fikirlər olur?

- Çox olur. Bəzən evlilik təklifləri edirlər, bəzən isə çox tərbiyəsiz təkliflər olunur. Maraqlısı bundadır ki, əvvəl mənə xoşagəlməz təkliflər edən adam sonradan başqa şeylər yazır.

- Nə yazır ki?

- Yazır ki, gəl evlənək. Belə şeylər məni çox vaxt qıcıqlandırır. Bəzən çox gözəl olduğumu yazırlar. Hətta bəzən belə yazılar da olur: “Nə özünü çəkib dağ başına qoyursan, adama da oxşamırsan” (gülür). Çox vaxt məndən inciyirlər ki, bizə cavab yazmırsan. Əslində, buna görə məndən inciməməlidirlər, çünki gün ərzində yazılan minə yaxın suala cavab yaza bilmərəm. Buna zamanım da yoxdur, çünki bütün günüm çəkilişlərdə keçir.

Cəvahir Səlimqızı

Foto:Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm