Jalə Əliyeva: “Brejnevin qarşısında dəfələrlə şeir demişəm” - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Digər

Jalə Əliyeva: “Brejnevin qarşısında dəfələrlə şeir demişəm” - MÜSAHİBƏ/FOTOLAR

Onun adını Milli Məclisdən eşitmişik. Onu həm də anası – məşhur şairə Nurəngiz Günün qızı kimi tanıyırıq. Müsahibim deputat Jalə Əliyevadır. Bəs adi həyatda o kimdir? Qrafiki o qədər gərgin idi ki, bizi elə Parlamentdə qəbul edə bildi. Ailəsi, həyatı, arzuları, uşaqlığı – vaxtın imkan verdiyi müddətdə hər şeydən söhbət etməyə çalışdıq. Anası haqqında xatirələrini danışarkən gözlərinin dolduğunu da hiss elədim. Söhbət zamanı mən əsl Jalə Əliyevanı kəşf elədim. Axı siyasətçinin də, dövlət məmurunun da işindən başqa həm də şəxsi həyatı var. Bu həyata nə qədər daxil ola bildik, onu oxucular deyəcək, amma məncə, çox səmimi alındı. Publika.az “Siyasətsiz siyasətçi” rurbrikasının bu həftəki qonağı millət vəkili Jalə Əliyeva ilə müsahibəni təqdim edir.

- Jalə xanım, bu gün başqa müsahibələriniz də var, qrafikiniz çox gərgindir, deyəsən.

- Hə, bir az doludur...

- İşdən özünüzə, istirahətinizə vaxt ayıra bilirsiniz?

- Çalışıram ayırım. Amma çox vaxt mümkün olmur. Çünki işin istiqaməti çoxdur, sadəcə Parlament iclasları deyil. Bundan başqa, seçicilərlə görüşlər, tədbirlər, pedaqoji fəaliyyət, dərslər - bütün bunlar və ailə. Əlbəttə ki, bütün bunları bir yerə sığdırmaq əslində çətin kimi görünə bilər. Amma, düşünürəm ki, müəyyən bir hədəf varsa, müəyyən bir alışqanlıq varsa, bir relsin üzərinə düşmüsənsə, bir şəkildə idarə edirsən. Bəzən düşünürsən ki, günün 24 saatı çatmır. Çatdırdığın işləri yuxunun hesabına edirsən, nələrisə öz şəxsi həyatından güzəştə gedirsən, ailənin tələblərini ən son yerə qoyursan. Bu şəkildə işlərin öhdəsindən gəlməyə çalışırıq.

- Qızınızın bir neçə ay öncə toyu oldu. Sizinləmi yaşayır?

- Yox, öz ayrı evləri var. Belə bir misal var, el-elə sığar, ev-evə sığmaz (gülür). Əlbəttə, bu məsələnin zarafat tərəfidir. Onlar mənimlə yaşamırlar, müstəqil, sərbəst yaşayırlar. Düşünürəm ki, maddi imkan varsa, gənc ailələri mümkün qədər sərbəst buraxmaq lazımdır.

- Tək yaşayırsınız?

- Tək yaşayıram.

- Çətin deyil ki, qadın üçün tək yaşamaq?

- Müəyyən mənada çətindir. İstər qadın, istər kişi, mən bunu ayırmaq istəməzdim. Sadəcə olaraq, kişilər tək yaşaya bilmirlər. Onlar qısa bir müddətdə ailələrinə yeni bir düzən, səliqə gətirməyə çalışırlar və bunu bacarırlar. Amma qadınlara bu bir qədər çətin başa gəlir. Tək yaşamaq qisməti olan qadın o boşluğu artıq digər işlərlə - çalışdığı işi ilə, fəaliyyəti ilə doldurmağa çalışır.

- Jalə xanım, uşaqlığınızla bağlı sual vermək istəyirəm. Necə uşaq olmusunuz? Məktəbdə necə oxumusunuz?

- Məktəbdə əlaçı olmuşam. Mən məktəbə gedəndə qəbul 7 yaşdan idi, amma məni 6 yaşımdan məktəbə qoymuşdular. İlk gündən də sinfin və məktəbin seçilən şagirdi olmuşdum. Niyə belə olmuşdu, səbəbini bilmirəm. Məni sinif nümayəndəsi seçmişdilər. Adım həmişə şərəf lövhəsində idi. Biz sovet dövrünün uşaqlarıyıq. O vaxt dövlət tədbirlərində mən mütləq iştirak edirdim, aparıcılıq edirdim, çıxışlar edirdim, şeir deyirdim. Yəni kifayət qədər fəal uşaqlığım olub. O vaxt Yuri Qaqarin adına pionerlər sarayının, bəlkə də, ən aktiv üzvü idim. Bütün dərnəklərdə iştirak edirdim. O vaxt Leonid Brejnev bir neçə dəfə Azərbaycana səfər etmişdi. Onun qarşısında dəfələrlə şeir demişəm. Mən həm də ailənin çox sevilən uşağı olmuşam. Təkcə ailənin deyil, həm də böyük bir nəslin yeganə nəvəsi idim, yeganə məhsulu idim. Uzun illər də bu şəkildə davam etmişdi, hər iki tərəfdə o biri nəvələrlə mənim aramda azı 10 il fərq var. Ona görə də, bir dediyim iki edilməyən, əllər üstündə gəzdirilən bir uşaqlığım olub.

- Bəs tələbəlik illərini necə xatırlayırsınız? Əlaqələriniz var tələbə yoldaşlarınızla?

- Adətən, deyirlər ki, məktəb illərini digər dövrlərlə, tələbəlik illərilə müqayisə etmirlər. Bu illər unudulmaz illərdir. Bu illərdə əsl dostluqların təməli qoyulur. Ali məktəbə nisbətən dünyanı anladığımız dövrdə daxil oluruq. Dostlarımızı da daha incəliklə seçməyə çalışırıq. Mənim həm orta məktəbdən, həm ali məktəbdən ünsiyyətdə olduğum dostlarım var. Deməzdim ki, biz hər gün görüşürük, amma ola bilər ki, aylarla, hətta illərlə görüşməyək, telefonla danışmayaq, amma dəqiq bilirəm ki, əgər mənə lazım olarsa, nağıllarda deyildiyi kimi, qu quşunun lələyindən yandırsam, gəlib çıxacaqlar. Əminəm ki, lazım olanda o insanlar mənim yanımda olacaqlar, elə mən də onların.

- Adətən, uşaqlıqda çoxunun kosmonavt olmaq istəyi olur. Sizdə belə bir həvəs olubmu?

- Mən uşaqlıqdan hüquqşünas olmaq istəmişəm. Digər bir sənət düşünməmişəm. Ailədə sovet dövründə belə bir stereotip var idi ki, qız uşağı oldusa, onu həkim kimi görmək istəyirlər. Bizdə də belə olub. Amma mən hiss edirdim ki, həkimlik gözəl peşə olsa da, yaxşı oxusam da, dəqiq elmlərə bir o qədər yatımım yoxdur. Tibb Universitetinə daxil olmaq üçün kimyanı, fizikanı, riyaziyyatı yaxşı bilməli idim. Bizim ailə isə filoloqlar ailəsi idi, görünür, ona görə humanitar sahə mənə daha əziz olub. Buna görə həkimliyin üstündən birmənalı olaraq xətt çəkmişdim. Mən uşaqlıqdan özümü müstəntiq kimi görürdüm, fikirləşirdim ki, bütün açılmayan cinayətləri, ən müəmmalı qətlləri mən aça bilərəm. Bəlkə də, bu detektivləri çox oxumağımdan irəli gəlirdi. Mən orta məktəbi bitirən illərdə o zaman hakimiyyətdə olan ümummilli lider Heydər Əliyev tarixi bir qərar verdi. Hüquq fakültəsinə ancaq fəhlə və kəndli ailəsindən olan gənclər daxil ola bilərdilər. Onlar həm də istehsalatdan gəlməli idilər. Bu gün yetişən kadrlara baxanda görmək olar ki, bu, vaxtında atılmış addım idi. Əgər elə getsəydi, bir müddətdən sonra hüquq sahəsində çalışan savadlı insan qalmayacaqdı. Mən demirəm onların hamısı savadsız idi, amma orada bir boşluq var idi və Heydər Əliyev də bunu vaxtında görüb belə bir qərar vermişdi. Mən də o zaman hüquq fakültəsinə sənədlərimi verə bilmədim. Amma bu arzum arzu olaraq qalmadı. Mən artıq ali məktəbi bitirmişdim, aspiranturanı bitirmişdim, elmlər namizədi idim, belə bir fürsət yarandı və mən də onu boşa vermədim. İllər öncə ürəyimdə olan o arzunu heç olmasa, kağız üzərində gerçəkləşdirmək, ikinci ali təhsil almaq üçün Bakı Dövlət Universitetinə üz tutdum və diplomumu aldım.

- Uşaqlıq arzunuz gerçəkləşdi...

- Bir şəkildə gerçəkləşdi. O zaman mən tamamilə filologiya, şərqşünaslığa, pedaqogikaya yönəlmişdim, tamam başqa bir sahədə işləyirdim, ailəm var idi. Hüququ, qanunları bilmək çox yaxşıdır, amma onları tətbiq eləmək imkanım olmadı.

- Jalə xanım, hiss olunur ki, gözəl geyinməyi sevirsiniz. Hansı markalardan geyinirsiniz?

- Markanı qəbul edirəm, bu yaxşıdır. Amma markanın düşkünü olmaq, bunun xəstəsi olmaq, onu özünə baş ucalığı bilmək, başqalarının yanında öyünmək , “ayaqqabımı filan yerdən almışam, çantam filan brenddir” demək – bu, mənə gülünc gəlir. İnsan hansı markadan geyinməsilə öyünməkdənsə, axırıncı dəfə hansı kitabı oxuduğu ilə öyünsə, kiməsə etdiyi yaxşılıqla öyünsə, daha yaxşı olar. Bu, demaqogiya deyil, o tip insanlar var. Amma brend geyinən insanlara pis baxmıram. Hər insan həyatında gözəllik yaratmağa, gözəl olmağa çalışır. Bunu bacarırsa, imkanı varsa, bunu ancaq alqışlamaq lazımdır. Mənə gəlincə, zövqlə geyinməyə, mənə yaraşanı geyinməyə çalışıram. Üzərində böyük bir brendin adı var, amma mənə yaraşmır, əsla onu alıb geyinmərəm. Çox ucuz, adi mağazadan, hətta bazardan alınan bir geyimi geyinərəm. Yaraşmayan bir şeyi qiyməti nə olursa-olsun, mənə ucalıq gətirirsə gətirsin, geyinmərəm.

- Kitabdan danışdınız, yeri gəlmişkən, axırıncı dəfə hansı kitabı oxumusunuz? Ümumiyyətlə, kitab oxumağa vaxtınız olurmu?

- Bu, bizim böyük bir bəlamızdır. Mən uşaqlara bunu təlqin edirəm, evdəkilərə şərt qoymuşam ki, həftədə bir kitab oxuyub mənə nəql etsinlər. Bu tələbi onların qarşısında qoyuram, amma özüm əməl edə bilmirəm. Nə yaxşı ki, valideynlərim uşaqlıqda məni düzgün istiqamətləndiriblər.

7-8 yaşım olanda əlaçı idim, amma mütaliəyə o qədər də meyil eləmirdim. Bir dəfə evdə valideynlərim mənə dedilər ki, sən mütaliə eləməsən, gələcəyin yaxşı olmayacaq. Ola bilər sən hansısa elmi yaxşı bilərsən, amma sənin nitqin olmayacaq, fikrini izah edə bilməyəcəksən, ətrafdakılardan aşağıda qalacaqsan. O gündən kitablara sarıldım. Ona görə də sözün həqiqi mənasında valideynlərimə minnətdaram ki, o potensialı mənə veriblər. Əslində kitab mənəviyyatdır. İnternetdən istənilən məlumatı əldə etmək olar, amma kitabın bir möcüzəsi var, onun səhifələrinin qoxusu var. Mənə bir vaxtlar deyiləni indi ətrafımdakılara deyirəm. Amma mən son 1-2 ayda oxuduğum kitab adı çəkə bilmirəm. Ona görə ki, işim çoxdur. Ən yaxşı halda mənə hədiyyə edilən kitabları bir az səhifələyirəm. Kitab vaxtsızlıqdan yavaş-yavaş tozlanır. Yalnız dövri mətbuatı, jurnalları, internet məlumatlarını oxumaq imkanım olur.

- Azərbaycan ədəbiyyatında sevimli yazıçılarınız varmı?

- Mən özüm füzulişünasam, namizədliyimi Füzulinin yaradıcılığı üzərində, doktorluğumu isə müasir türk poeziyasından müdafiə eləmişəm. Azərbaycan ədəbiyyatı mənim üçün Füzulidən başlayır və Sabirlə davam edir.

- Bitmir...

- Yox, bitir desəm, bir az ədalətsizlik olar. Çünki həyat davam edir, dünya davam edir, hər gün bir yeni əsər çıxır ortalığa. Sabirdə bitir deyə bilmərəm, çünki ən azı mənim üçün hər cümləsi, hər ifadəsi doğma olan Cəlil Məmmədquluzadə var. Bu üç nəfərdən sonrakı ədəbiyyat mənim üçün hər bir yazıçıdan gözəl nümunələri ilə fövqəladədir. Desəm ki, bir yazıçının bütün əsərləri mənim üçün zirvədədir, bu, belə deyil. Uşaqlığımdan əsərləri ilə böyüdüyüm, tərbiyə aldığım, uğrunda mübarizə apardığım yazıçılar olub. Məsələn, 14-15 yaşımda Rəsul Rzanın şeiri üçün kiminləsə əlbəyaxa döyüşə çıxa biləcəyim günləri xatırlayıram. Onun bir ifadəsi var, “O qədər aydındır şeirin dili, nadan yüz il oxusa anlamaz”. Mən Rəsul Rzanın böyüklüyünü o zaman anlayırdım. Bayaq ona görə deyirdim ki, Sabirdən sonra da bu ədəbiyyat davam edir. Bu baxımdan, əlbəttə ki, 60-cı illərdə yaranan və bu gün də davam edən müasir Azərbaycan ədəbiyyatı da çox dəyərlidir.

- Ədəbiyyatdan söz düşmüşkən, bəzən deyirlər ki, Azərbaycan ədəbiyyatında Sabirdən bu yana heç nə dəyişməyib, insanların təfəkkürü eynidir. Əgər sözlə millətin təfəkkürünü dəyişmək mümkün deyilsə, o zaman belə çıxır ki, Sabir də boş-boşuna yazıb, Cəlil Məmmədquluzadə də...

- Deyirsiniz ki, Sabir, Mirzə Cəlil bir əsr əvvəl nə yazıbsa, bu gün də keçərlidir. Mən bütün fikirlərə o insanın rakursundan yanaşanam, heç bir fikrə hörmətsizlik etmərəm. Bu, sizin fikrinizdi və haqlı ola bilərsiniz. Amma gəlin, bir də onu düşünək ki, bir cəmiyyəti tam olaraq dəyişmək mümkün deyil. Söhbət təkcə Azərbaycan cəmiyyətindən getmir. Bütün cəmiyyətlərdə naqisliklər, mənfiliklər var. Əqidəsinə, mənəviyyatına hörmət elədiyimiz bir insan Sabiri oxuyub nəticə çıxarır, amma bir başqası da onu oxuyub nəticə çıxarmayıb və mənəviyyatın ən aşağı qatına yuvarlanır. Əlbəttə ki, bu baxımdan ədəbiyyatın rolu çox əhəmiyyətlidir. Biz bunu rədd edə bilmərik. Sadəcə olaraq, kim özünə hansı nəticəni çıxarır. Bu məsələdə sadəcə yazıçılarımızı qınamayaq. Ailələrdən də çox şey asılıdır. Doğulan uşağı gələcəyin ziyalı vətəndaşı kimi yetişdirən ailənin özüdür. Biz ədəbiyyata da şübhə damğası vura bilmərik. Daha yaxşı olması üçün siz, biz hamımız çalışmalıyıq. Bir yazıçının yazdıqlarını hamı oxuyub düzələcəksə, dünya bir rəngdə olardı. Bir də əgər insan dəyişmək istəmirsə, o dəyişməyəcək. Onu nə qanun, nə qayda dəyişməyəcək. Əgər pis xüsusiyyətlər insanın qanındadırsa, Cəlil Məmmədquluzadənin “Ölülər”ini də oxusa, Füzulinin “Leyli və Məcnun”unu da oxusa düzələn deyil.

- Həyatınızın ən cəsarətli, ən çılğın addımı nə olub? Olubmu?

- Kənardan bir qadın çox güclü, cəsarətli qadın təsiri bağışlaya bilər. Amma unutmayaq ki, o, daxilində elə qadındır. Qadın nə qədər cəsarətli, ürəkli olsa da, öz fikirlərində müstəqil olsa da, kişi cəsarətinin qarşısında daha zəifdir. Qadından zorla pəhləvan obrazı yaratmayaq. Heç bir qadın nə fiziki cəhətdən, nə hərəkətlərində pəhləvan deyil. Heç vaxt yer üzündə müharibələri qadınlar başlamayıblar. Düşünürəm ki, ailəsinin də birliyini pozan heç vaxt qadınlar olmayıblar. Kişilər inciməsinlər, qadınlar həmişə bütövlük tərəfdarı olublar. Mən xarakter olaraq qorxaq deyiləm, amma yadımda qalan elə bir çılğın, cəsarətli addımım olmayıb. Haradasa bir söz demək lazımdırsa, kimisə müdafiə etmək lazımdırsa, qorxmadan onu demişəm. Amma fiziki baxımdan hansısa bir kəskin addım atdığım olmayıb.

- Yemək bişirə bilirsiniz? Hansı yeməkləri sevirsiniz?

- Bütün yeməkləri sevirəm, bişirə də bilirəm. Hətta bu yaxınlarda bir yaxın dostumuz zəng eləmişdi, mən də yemək bişirirdim. O, yemək bişirdiyimi eşidəndə çox təəccübləndi (gülür). Əslində niyə də bişirməyim? Amma bu o demək deyil ki, hər gün önlük taxıb, başıma ləçək bağlayıb mətbəxə girib yemək bişirirəm. Mən daha çox özəl günlərdə yeməkləri özüm bişirirəm. Milli Məclisin iclasları bilirsiniz ki, ayda bir neçə dəfə olur. Həmin işdən qazandığımız vaxtı ailəyə, evə xərcləməyə çalışırıq. Həmin vaxtlarda yemək də, şirniyyat da bişirirəm, evin səliqəsi ilə də məşğul oluram.

- Özünüz yığışdırırsınız evinizi?

- Elə şeylər var ki, onu ancaq özüm edirəm, məsələn, mənim dolablarımın içərisini məndən başqa heç kim düzəldə bilməz. Çünki onu ancaq mən bilirəm ki, nəyi hara qoymaq lazımdır. Mən demirəm çox səliqəli qadınam, əla yemək bişirirəm. Amma əgər sırf ev qadını olsaydım, super ana, super evdar qadın olardım, yəqin ki (gülür).

- Jalə xanım, bəs makiyajınızı necə, özünüz edirsiniz, yoxsa təcili yardıma ehtiyac olur?

- Yox, makiyajımı özüm edirəm. Saçımı düzəldəndə köməyə ehtiyacım olur, çünki saçım heç vaxt sözümə baxmır. Çox nadir hallarda, ən yaxın adamın xeyir işində makiyaj etdirə bilərəm. Amma bu iş yoldaşımın və ya qonşumun toyunda yox, ailənin içindən bir xeyir iş olarsa, makiyaj etdirirəm.

- O zaman fotolardan müəyyən etmək olar ki, kim sizin üçün dəyərlidir.

- Təbii ki, o saat ayırd edə bilərsiniz (gülür).

- Jalə xanım, sizin üçün sevgi nədir?

- Bir dəfə “Valentin” günündə mərhum anama sual verdilər ki, sevgi nədir? O vaxta kimi sevginin çox tərifini eşitmişdim, amma Nurəngiz xanım (Nurəngiz Gün – G.Ə) sevginin elə gözəl tərifini verdi ki, heç vaxt yadımdan çıxmır. Dedi ki, sevgidə mən yoxdur, o var. Əgər özün üçün, eqonu təmin etmək üçün sevirsənsə, bu sevgi deyil. Onu düşünərək, onun istəklərini, arzularını düşünərək sevirsənsə, bu əsl sevgidir. Bu hər zaman olmur bizim dünyamızda. Sevirsənsə, onun üzünü güldürməyə çalışırsan, onu kədərləndirəcəksənsə, sən də kədərlənəcəksən. Əks halda, üzünü çevirib gedəcəksən ki, nə qədər kədərlənir, kədərlənsin. Belə deyirlər ki, qadın sevirsə, mələkdir, əgər sabah qabağına problem çıxırsa, o, qanadları qırılmış şeytana bənzəyir. Mən demirəm ki, sevgisiz qadınlar hamısı şeytandırlar. Amma onu o yerə gətirib çıxaran, ümidlərini qıran, arzularını məhv edən qarşı tərəf var. Ona görə də sevgi hələ də dünyanın kəşf edə bilmədiyi bir məfhumdur.

- Nurəngiz xanımın dediyi o sevgi olub sizdə?

- Açığı, mən böyük sevgi yaşamamışam. O sevgi ki, mənə kitablardan təlqin olunub, o sevginin ki, arzusunda olmuşam, o, qarşıma çıxmayıb. Hər şey insanın xarakterindən də asılıdır. Romantiklik insanda realistlikdən bir az artıq olanda, onun üçün hər şey çətinləşir. Əslində sevgi və hörmət – ikisi bir yerdə olanda çox yaxşı olur. Bu gün sevdiyin, guya həyatını verməyə hazır olduğun insana sabah balaca bir problemə görə üzünü çevirib gedə bilirsənsə, deməli, o ya sevgi deyilmiş, ya da sevgi dediyin məfhum özünü doğrultmayıb. Amma hörmət başqa bir şeydir. Hörmətin arxasında daha dərin qatlar durur. Mən həmişə qızıma da deyirəm ki, yalan yalana səbəb olur. Xüsusən də ailə münasibətlərində. Qoy acı olsun, nə olur-olsun, onu deməyə qorxma, heç vaxt yalan danışma.

- Müsahibələrinizdən həmişə hiss olunub ki, ananızla rəfiqə kimi olmusunuz. Bəs qızınızla necə, eyni münasibəti saxlaya bilmisiniz?

- Qızımla daha yaxşı rəfiqəyəm, nəinki anamla. Anamla aramızda çox böyük pərdə var idi. Anam göründüyü qədər demokratik deyildi, evdə çox mühafizəkar idi. Məni bir addım gözündən kənara qoymayaraq, şir kimi ətrafımda qollarını açmışdı, məni hər şeydən qoruyurdu. Mənim dilimdən çıxan sözə də ehtiyatla yanaşırdı. Mənim peşə seçimim də, siyasətə gəlməyim də onun üçün bir ağrı idi, mənim həyatıma görə çox qorxurdu. Mən də sırf onun üzülməməyi üçün rəfiqə ola bilmirdim onunla. Rəfiqəlik hər şeyini, yaxşı və pis - hər şeyi bölüşmək deməkdir. Mən də onu qorumaq üçün onunla hər şeyi bölüşmürdüm. Amma qızımla o dərsləri aldığıma görə elə ilk günlərindən rəfiqə olmuşam. Biz ana-qız yox, rəfiqəyik. Bu, ailədə gözəl bir şeydir. Hər şeyi bölüşə biləcəyim tək ünvan odur.

- Sizin dinə münasibətiniz necədir? Nə vaxtsa namaz qılmaq istəyərdiniz?

- Allah insanın əməllərində, içində, düşüncələrində yer tutmalıdır. Dinə, Allaha münasibətim bu şəkildədir. Bütün dünyada dinlər, inanclar fərqlidir, amma hamının bir sitayiş yeri var. Bu sitayiş namaz qılmaq, kilsədə şam yandırmaq, xaç çevirmək şəkilində qəbul edilə bilər, bu təmizlənmənin, sitayişin formalarıdır. İnsanın bəzən mənən rahatlanmağa ehtiyacı olur, Allahı ilə baş-başa qalmaq istəyir, onda bu rituallara müraciət edir. Mən açığı, namaz qılmıram, dinimizə və bütün dinlərə hörmətlə yanaşmaqla bərabər, dinin bütün incəliklərini bilirəm deyə bimərəm. Məncə, dinə fəlsəfə kimi yanaşmaq lazımdır, mövhumatçılığa uysan, din səni məhv edər. Öz Allahını unutma, ətrafda köməyə ehtiyacı olan insanları unutma, yaxşılıq et, yalan danışma – bunları et, mənə elə gəlir ki, Allaha yaxın olacaqsan.

- Kosmetik əməliyyat keçirmisiniz?

- Yox, kosmetik əməliyyat keçirməmişəm. Hətta bu yaxınlarda həkim də eyni sualı verib mənə (gülür). Əslində həkim baxanda bunu görməlidir. Doğrudur, indiyə qədər kosmetik əməliyyat kleçirməmişəm, amma burada eyib bir şey də görmürəm. İnsan gözəlləşməlidir, bunu istəyir və özü və ya qarşısındakı insan üçün edirsə, alqışlanmalıdır. Amma kosmetik əməliyyatla özünü süniləşdirmək, əməliyyatla bir insanın gedib yerinə başqa insanın gəlməsi qəbuledilməzdir. Elə ola bilər ki, uşaqlıqdan bəyənmədiyin hansısa bir hissə ola bilər. Amma hamı edir, mən də edim deyib ifrata varmağa yaxşı baxmıram. Bunu edən qadınlar qarşı cins üçün edir, amma müşahidələrim göstərir ki, onu heç qarşı cins də bəyənmir. Bəzən gənc qız səhnə adamının etdiyi makiyajı edib universitetə gəlir. Bu da ailədən, tərbiyədən gəlir.

- Jalə xanım, vaxtınız məhduddur, son sual da verim. 10 minlərlə insanın məsuliyyətini çiynində daşımaq çətin deyil ki?

- Çətindir, amma həm də şərəflidir. Hər deputatın 40 min seçicisi var. Gün ərzində bir insanın etdiyi zəngin arxasında dayanan tələbi yerinə yetirə bilirsənsə, o zaman çox rahat olursan. Qarşına yüzlərlə, minlərlə insan gəlir, müraciət edir və hər biri düşünür ki, onun işi hamıdan vacibdir. Bəzən məlum olur ki, heç də hər şey onun təqdim etdiyi kimi deyil. Ümumən, həll ediləsi mümkün olan məsələlər var. Məsələn, haradasa məmur özbaşınalığı ilə qarşılaşan, müəyyən xəstəliyi olan, maddi problemi olan və s. insanlar var. Onların hansısa problemini həll edə bilirsənsə, çox sevinirsən. Mənim evdə gündəlik görüləcək işlərlə bağlı cildlərlə dəftərlərim var. Həftə ərzində əgər bir-iki belə problemin üstündən xətt çəkə bilirəmsə, çox şükür edirəm.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm