Şahmar Mövsümov: “Devalvasiya Neft Fondunun büdcəsinin icrasında pozitiv dəyişikliklər yaradıb”
Bizi izləyin

Digər

Şahmar Mövsümov: “Devalvasiya Neft Fondunun büdcəsinin icrasında pozitiv dəyişikliklər yaradıb”

2015-ci ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 2 028,0 milyon manat, büdcə xərcləri isə 2 335,6 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə əlaqədar Dövlət Neft Fondunun (ARDNF) budcədənkənar gəliri 7 488,7 milyon manat olub.

Publika.az-ın məlumatına görə, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib. O bildirib ki, 2015-ci ilin ilk 3 ayı ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 938,9 milyon manat, о cümlədən mənfəət neftinin və qazın satışından 1 936,3 və tranzit gəlirləri 2,6 milyon manat təşkil edib: "Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 89,1 milyon manata bərabər olub. Hesabat dövrü ərzində Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 1 941,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 47,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 25,1 milyon manat vəsait ayrılıb.

Bakı-Tbilisi-Qars yeni dəmiryolu layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 3,9 milyon manat vəsait ayrılıb. 2,7 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. "Cənub Qaz Dəhlizi" layihəsi üzrə isə 307,4 milyon manat vəsait ayrılıb. 2015-ci ilin yanvar-mart aylan ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6,9 milyon manat təşkil edib".

Məlum olub ki, 2015-ci il aprelin 1-nə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 5,86% azalaraq, 34 930,5 milyon dollara bərabər olub.

Ş.Mövsümov fevral ayındakı devalvasiyadan da danışıb. O deyib ki, Azərbaycan Mərkəzi Bankının manatın devalvasiyası ilə bağlı verdiyi qərar tamamilə doğru addım idi. Belə ki, devalvasiya qısa və uzun müddətli hədəflərin nail olmasına imkan yaradıb: “Devalvasiya nəticəsində fondun büdcəsinin icrasında pozitiv dəyişikliklər baş verdi. Biz büdcəyə 10 milyard manat transfert etmək üçün əgər 13 milyard dollar konvertasiya etməli idiksə, devalvasiyadan sonra biz cəmi 10 milyard dollar konvertasiya edəcəyik. Yəni, fond 3 milyard dollar vəsaitə qənaət edə bildi”.

Ş. Mövsümov əlavə edib ki, ARDNF-in büdcədə nəzərdə tutduğu tədbirləri tam icra etməyə imkanı var.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm