• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

I Avropa Oyunlarının “silahlıları” bu məkanda – FOTOLAR

  • Digər
  • 15 May 2015 14:00
  • 1 369 Baxış
I Avropa Oyunlarının “silahlıları” bu məkanda – FOTOLAR

I Avropa Oyunlarına 28 gün qalıb. Vaxt yaxınlaşdıqca həyəcan da artır. Mötəbər turnirin daha heyranedici olması üçün yeni-yeni obyektlər tikilib, həmçinin bəzilərində yenidənqurma işləri aparılıb.

Bütün Avropanın diqqətini çəkəcək I Avropa Oyunları üçün istifadəyə tam hazır olan qurğulardan biri də Bakı Atıcılıq Mərkəzidir. Bu mərkəz Avropada ən böyük atıcılıq komplekslərindən biri hesab edilir. Çünki ilk dəfə olaraq məhz burada idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların keçirilməsi üçün meydançalar bir kompleksdə birləşib. Eyni zamanda şəhər mərkəzinə yaxınlıq da Bakı Atıcılıq Mərkəzini Avropanın analoji idman mərkəzləri arasında ilk pilləyə qaldırıb.

Bu idman obyektinin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb. Martın 9-da prezident İlham Əliyevin iştirakı ilə Bakı Atıcılıq Mərkəzinin açılışı olub.

Beynəlxalq tələblərə cavab verən kompleks

Bakı Atıcılıq Mərkəzi ilə bağlı bizi Arnaud Cren Larvor tanış edib. Arnaud Cren Larvor I Avropa Oyunları zamanı Bakı Atıcılıq Mərkəzinin əməliyyatlar üzrə meneceri vəzifəsini icra edəcək:

“Mərkəzin tikintisinə 2014-cü ildə başlanılıb. Buranın funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır. Kompleksdə təhlükəsizliklə bağlı işlər görülüb və artıq istifadəyə tam hazırdır. Bakı Atıcılıq Mərkəzinin baş planına əsasən, ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Burada geniş quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, ətraf abadlaşdırılıb. Mərkəzdə bütün atış sahələri sınaqdan keçirilib və testlər uğurla başa çatıb. Burada 300 metr məsafədə güllə atışı üçün şərait olsa da, I Avropa Oyunları zamanı bu idman növündən istifadə olunmayacaq. Çünki burada müxtəlif məsafələrə atışlar eyni zalda həyata keçirilə biləcək. Atıcılıq yarışlarını izləmək istəyənlər tək biletlə yalnız bir yarışa baxa biləcək. Yəni stend atıcılığı yarışı üçün bilet alan tamaşaçı güllə atıcılığı zalında əyləşə bilməyəcək və yaxud da əksinə olacaq”. Mərkəzin güllə atıcılığı binası müasir səviyyədədir.

210 kişi və 120 qadın idmançı...

Mütəxəssis bildirdi ki, Mərkəzdə VİP qonaqlar və media nümayəndələri də daxil olmaqla 400-dən artıq tamaşaçı yarışlara baxa biləcək: “Stend atıcılığı sahəsində idmanın dairəvi və səngər stend atıcılığı növü üzrə yarışlar və məşqlər keçiriləcək. Burada biri final yarışları üçün nəzərdə tutulmaqla 5 atış meydançası inşa edilib. Bu meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var. Yarışlar 16-22 iyun tarixlərində keçiriləcək. Ən yüksək ad uğrunda yeddi yarış günü müddətində 210 kişi və 120 qadın idmançı qızıl medallar uğrunda mübarizə aparacaq. 9 kişi, 6 qadın və 4 qarışıq komanda halında baş tutacaq. Medal qazanmağa namizəd şəxslər tüfəng, stend və güllə atıcılığını əhatə edən 15 fərdi yarışların qalibləri birbaşa Rio 2016 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar. Buna görə də yarışların gərgin ab-havada keçməsi gözlənilir. Mərkəz təxminən 730 tamaşaçı tutumuna malik olacaq”.

Arnaud Cren Larvor deyir ki, Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı sahəsində 10, 25 və 50 metr məsafəyə güllə atıcılığı üzrə yarışlar keçiriləcək: “Güllə atıcılığı zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən müasir elektron sistemləri və avadanlıqları quraşdırılıb. Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançı mübarizə aparacaq. 10 və 50 metrlik məsafəyə yarımqapalı atış tirində 10 idmançı eyni vaxtda yarışa bilər. Dörd mərtəbə və terrasdan ibarət binada qonaqların istirahəti üçün yüksək şərait yaradılıb”.

Şəhərdən 30 dəqiqəlik məsafə və VİP dayanacaqlar

Qeyd edək ki, binada həmçinin inzibati otaqlar da fəaliyyət göstərir. Yarışı izləmək istəyən azarkeşlərin Mərkəzə gəlməsi isə elə də çətin olmayacaq. Çünki arenaya yeni avtomobil yolu çəkilib və Oyunlar zamanı buraya yeni marşrut xəttinin də açılması da gözlənilir.

Baş menecer artıq bütün işlərin yekunlaşdığını bildirib. Belə müasir idman kompleksinin istifadəyə verilməsi Bakı 2015 Birinci Avropa Oyunları zamanı bu idman növləri üzrə də yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq:

“Avtomobillə 30 dəqiqəlik məsafədə yerləşən obyektdə 495 avtomobil yerlik yerüstü, həmçinin 26 avtomobil yerlik VİP dayanacaqlar da inşa edilib. Mərkəzin kənarlarında təhlükəsizlik işləri ilə bərabər yaşıllıq zolaqları da salınıb”.

Binada müxtəlif funksional sahələr, o cümlədən kafe, VİP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silahsaxlama, həmçinin təchizat-xidmət otaqları, 55 yerlik 2 konfrans və mətbuat zalı, tibb məntəqəsi, fitnes zal var. Həmçinin mərkəzdə mehmanxana binası da inşa edilib.

Müasir elektron sistemləri və avadanlıqlar

Güllə atıcılığı zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən “Sius Ascor” markalı (İsveçrə) müasir elektron sistemləri və avadanlıqları quraşdırılıb. 10 metrlik məsafəyə qapalı atış tirində 80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti quraşdırılıb. 25 metrlik məsafəyə yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər. Burada 346 oturacaq quraşdırılıb. 50 metrlik məsafəyə yarımqapalı atış tirinin xətti isə eyni vaxtda 80 idmançıya bacarığını sınamağa imkan verir. Üç yüz metrlik məsafəyə yarımqapalı atış tirində də idmançıların yüksək səviyyədə yarışmaları üçün hərtərəfli imkanlar var. Burada eyni vaxtda 40 idmançı yarışa biləcək. Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançı mübarizə aparacaq. Güllə atıcılığı binasında Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə uyğun olaraq qurulan zalların hər birində idmançılara, hakimlərə, məşqçilərə xidmət edəcək xüsusi otaqlar yaradılıb. Binanın ikinci mərtəbəsində atıcılıq zallarının nəzarət otaqları və baxış eyvanı, təlim-tədris, məşqçi, iclas otaqları və digər inzibati-texniki otaqlar yaradılıb.

Stend atıcılığı sahəsində idmanın dairəvi və səngər stend atıcılığı növü üzrə yarışlar və məşqlər keçiriləcək. Burada biri final yarışları üçün nəzərdə tutulmaqla 5 atış meydançası inşa edilib. Bu meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var. İtaliyanın “Mattarelli” markalı hədəftullayıcıları Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verən avadanlıqlardır.

Mərkəzdə idmançıların və məşqçilərin, həmçinin qonaqların qalmaları üçün mehmanxana binası da inşa edilib. Dörd mərtəbə və terrasdan ibarət binada qonaqların istirahəti üçün yüksək şərait yaradılıb. Binada, həmçinin inzibati otaqlar da fəaliyyət göstərir.

Arnaud Cren Larvor onu da bildirdi ki, müasir idman infrastrukturuna malik Azərbaycan, eyni zamanda, beynəlxalq yarışları keçirmək təcrübəsinə də malikdir. Birinci Avropa Oyunlarına hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir.

İçməli və yanğına qarşı su anbarları, təhlükəsizlik kameraları...

Bakı Atıcılıq Mərkəzində içməli və yanğına qarşı su anbarları, qazanxana və nasosxana, transformator və generator məntəqələri var. Bu idman obyekti ayrıca qaz, su, kanalizasiya, elektrik, rabitə, yüksəksürətli internet xətləri ilə təchiz edilib. Obyektdə havalandırma, yanğın xəbərverici və yanğınsöndürmə, işıqlandırma sistemləri, təhlükəsizlik kameraları quraşdırılıb. Bu cür müasir idman komplekslərinin istifadəyə verilməsi Bakı 2015 İlk Avropa Oyunları zamanı bu idman növləri üzrə də yarışların yüksək səviyyədə keçirilməsinə gətirib çıxaracaq.

Aygün İlqarqızı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR