• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Göyərçin oğlan, canavar qızlar, toyuq uşaq – vəhşi heyvanların böyütdüyü insanlar – FOTOLAR/VİDEO

  • Digər
  • 29 İyun 2015 17:37
  • 4 674 Baxış
Göyərçin oğlan, canavar qızlar, toyuq uşaq – vəhşi heyvanların böyütdüyü insanlar – FOTOLAR/VİDEO

Meymunların əhatəsində böyümüş, yaşamış məşhur Tarzanın həyatını əks etdirən çoxseriyalı film, habelə Mauqli haqqında cizgi filmi, eləcə məşhur Adreano Çelentanonun əsas qəhrəmanı olduğu “Binqi Bonqo” bədii filmləri, demək olar, hər birimizin uşaqlıq illərində ən çox izlədiyimiz ekran əsərləridir. Hələ körpə yaşlarında heyvanların əhatəsinə düşmüş, meşələrdə, cəngəlliklərdə böyümüş, yırtıcılara qarşı mübarizədə qalib gəlmiş qeyri-adi insanların həyatını əks etdirən filmləri elə bu gün də dönə-dönə izləməkdən doymuruq. Bu yazıda söhbət açacağımız, heyvanların böyütdükləri qeyri-adi insanların həyatını əks etdirən maraqlı faktlar isə hər hansı yazıçının təxəyyülünün məhsulu deyil. Hələ uzun illər hər kəsin diqqətini cəlb edəcək qeyri-adi yaşam tərzi ilə bağlı faktlar sizi də dəhşətə gətirəcək.

Publika.az heyvanların böyütdükləri insanların həyatının maraqlı məqamlarını təqdim edir:

Quş damında böyümüş göyərçin oğlan

2002-ci ildə anadan olmuş “göyərçin oğlan” Vanya Yudin anası tərəfindən ikiotaqlı quş damına atıldığından orada böyümüşdü. Anası onu heç sevməmiş, övladına göyərçinlərindən biri kimi baxmışdı. 2008-ci ildə Rusiyada Volqoqrad fəhlələri tərəfindən tapılan Vanya Yudin ev quşları kimi qollarını yana açaraq uçmağa can atırdı. O, bunu 6 il birlikdə yaşadığı göyərçinlərdən və tutuquşulardan öyrənmişdi. Vanya Yudini müəyyən etmiş Qalina Volskaya uşagı cəmiyyət həyatına öyrətməyə çox çalışdı. Psixoloji yardım mərkəzinə yerləşdirilmiş Vanyanın hələ də bir sıra problemləri mövcuddur.

Şimpanzelərin himayə etdiyi 6 aylıq körpə

Nigeriyalı Bello 1996-cı ildə ölkəsinin cəngəlliklərində aşkar edilmişdi. Lakin bu, ictimaiyyətdən olduqca gizli saxlanılırdı. 2002-ci ildə populyar qəzetlərdən biri Kanoda atılmış uşaq barədə sensasiyalı xəbər yaydı. Həmin vaxt ölkə mətbuatı onu “şimpanze oğlan” adlandırırdı. Mütəxəssislər 2 yaşında tapılmış bu uşağın valideynləri tərəfindən 6 aylığında meşəyə atıldığını müəyyən etdilər. Şimpanzelər onlara heç bir ziyan vurmayan, köməksiz körpəni öz ailələrinin üzvü hesab edərək Bellonu hər cür qayğı ilə əhatə etmişdilər.

Nigeriyada ailələrdən biri tərəfindən himayəyə alınan bu uşaq həmyaşlarının əhatəsində olmasına baxmayaraq, danışmağı, ünsiyyət qurmağı öyrənə bilmədi və 2005-ci ildə müəmmalı şəkildə dünyasını dəyişdi.

Hindistanın canavar oğlanı

Hindistanda aşkar edilmiş canavar oğlan Din Saniçar ovçular tərəfindən 6 yaşında meşədə tapılmıçdı. Onun canavarlar kimi 4 ayaqları üzərində gəzməsi, ulaması Din Saniçarın hansı heyvanların əhatəsində böyüdüyünü müəyyənləşdirməyə kömək etdi. Onu normal həyata alışdırmaq mümkün olmadı - Din ömrünün sonlarına qədər çiy ət yeməkdə davam etdi.

Roço indi də cəngəllikdə yaşayır

Kambocada bir ailə itkin düşmüş iki qızını tapmaqdan ümidlərini çoxdan üzmüşdülər. 8 yaşında itkin düşmüş bacılardan birinin adı Roço Pyenqenq idi. Hər şey 18 il sonra - 2007-ci ilin 23 yanvarında Ratanakiridəki cəngəllikdə çılpaq qızın aşkar edilməsindən sonra başladı. Xristian ailəsindən oğurluq etmiş bacılardan biri ələ keçsə də, digər bacının taleyi bu günə kimi müəmmalı olaraq qalmaqdadır. Roço adlı bacını normal həyata qaytarmaq istəyən valideynləri ona “ana”, “ata” sözlərini öyrədə bildilər. O, acıyanda ağzını açaraq valideynlərindən yemək istəyirdi. Paltardan qəti imtina etmiş qız müasir insan cəmiyyətinə adaptasiya oluna bilmədi. 2010-cu ilin mayında yenidən cəngəlliyə qaçmış Roçonun taleyi bu günə qədər müəmmalıdır.

Çöl itlərini yeyib sağ qaldı

Trayan Kaldarar – 2002-ci ildə aşkarlanmış it - oğlan rumınların Mauqlisi adlandırılırdı. O, 4 yaşına qədər, yəni 3 il ailəsindən kənarda yaşamışdı. Mütəxəssislər onun kiçik yaşlarında çöldə acından ölməməsinin səbəblərini də müəyyən etdilər – Trayan çöl itlərini öldürərək ətlərini yeyirdi.

7 yaşında aşkar edilmiş Trayan 3 yaşlı uşağa oxşayırdı. Anasının məişət zorakılığının qurbanı olması Trayanın heyvanlar kimi yaşamasının əsas səbəbi idi. Çoban İohan Manolesku tərəfindən təsadüfən aşkarlanan Trayanın aclığa dözümü yox idi. O, yeməyini yedikdən sonra dərhal yatardı. Babası tərəfindən nəzarətə götürülmüş uşaq pis də olsa, cəmiyyətə adaptasiya oldu və hətta 3-cü sinifdə oxumağa başladı.

Vəhşi meymunların böyütdüyü 3 yaşlı körpə

Atasının anasını vəhşicəsinə qətlə yetirməsinin canlı şahidi olmuş Con Sssebunyanı Uqandada meymun insan adlandırırdılar. 1991-ci ildə 3 yaşında ikən cəngəlliyə qaçmış Con Ssebunya Afrika meymunlarının qayğısı ilə əhatə olunduğundan sağ qalmışdı. Yeriməyi yenicə öyrənmiş bu körpəni vəhşi meymunlar böyütdülər. Jon 3 il meymunlarla birlikdə yaşayaraq sürünün bir üzvünə çevrildi. O, bu illər ərzində sürətlə ağaca dırmaşmağı və qida əldə etməyi öyrəndi.

Maraqlıdır ki, meymunlar yeməli və ya zəhərli bitkiləri uşağın ayağının altına ataraq nələri yeməyin mümkün olduğunu, nələri yeməyin təhlükəli olduğunu uşağa başa saldılar. Habelə Jon xəstələndikdə ona müxtəlif cür bitkilər verərək uşağı ölümdən xilas etdilər. O, Milli adlı qadın tərəfindən cəngəllikdə tapılıb Uqandanın şəhərlərindən birinə gətiriləndən sonra yazmağı, oxumağı öyrəndi. Jon Ssebunya hal-hazırda ölkəsində normal həyat yaşayır. Mahnı oxumağı öyrənmiş Con “Afrika mirvariləri” uşaq xorunun tərkibində qastrol səfərlərində iştirak edirdi.

Canavar bacılar – Kamala və Amala

Hindistanın iki məşhur vəhşi uşaqları – Kamala və Amala bacıları birgə yaşadıqları canavarların əhatəsində aşkar edilmişdilər. Yeri gəlmişkən, bacıların üzə çıxmaları cəngəllikdə iki ruhun olması haqda mistik şayiələrlə üst-üstə düşmüş. Bu, bütün ölkədə böyük rezonans doğurmuşdu. Cozef adlı keşiş cəngəlliklərdə iki ruhun gəzməsi barədə söz-söhbətlərə son qoymaq üçün meşəyə getdikdə güddüyü canavarların əhatəsində iki qəribə məxluqu – qurdlar kimi gəzib-dolaşan bacıları tapdı.

1920-ci ildə Midnaporda aşkarlanmış bacılardan böyüyünün – Kamalanın 8 yaşı vardı. Amala isə yaş yarım idi. Bacıların normal həyata alışmaları üçün lazım olan hər şey edilsə də, çətinliklər saysız-hesabsız idi. Kamala və Amala gecə yatmır, ağızlarını göyə tutaraq canavarlar kimi ulayırdılar. İnsanlar tərəfindən saxlanılaraq böyük bacı Kamala köhnə vərdişlərindən əl çəkmir, dişlərini daşlara sürtərək itilədir, sanki yeni ovunu parçalamağa hazırlaşırdı. O habelə dırnaqlarını itilədər, ancaq çiy ət yeyərdi. Ekspertlər dörd ayaqları üzərində gəzən bacıları normal həyata qaytarmaq üçün xeyli cəhd göstərdilər. Lakin bununla bağlı görülən işlərə baxmayaraq, Kamala və Amala bacıları ancaq canavarlar kimi ağızlarını geniş açır, çiy ətdən başqa heç nə yemir, ətraflarında gəzib dolaşan insanlarla qətiyyən maraqlanmırdılar. Ekspertlər qısa müddət ərzində başa düşdülər ki, digər mauqli uşaqlar kimi Kamala və Amala bacıları da əvvəlki yaşam tərzinə qayıtmaq istəyir, insanlar arasında özlərini bədbəxt hesab edirlər. 1921-c ildə Amala öldü. Bu itki Kamalanı sarsıtdı. Böyük bacı hətta ağladı və tədricən sosiallaşmağa başaladı. Kamalanın tezliklə ölə biləcəyini başa düşən Cozef bu qızın qısa müddətdə əhliləşməyəcəyi təqdirdə, onun da öləcəyini yəqin etdi. Bu səbəbdən Kamalanın normal həyata qayıtması səylərini daha da gücləndirdi. Nəticədə Kamala az da olsa, insanlar kimi gəzməyi öyrəndi və hətta bir neçə söz dedi. Qidasını dəyişmiş Kamala 1929-cu ildə mədə xəstəliyindən öldü.

“Vəhşi heyvan” filminin real həyatdakı qəhrəmanı –Viktor

Aveyronlu Viktorun həyatı o qədər maraqlıdır ki, hətta onun barəsində “Vəhşi uşaq” filmi də çəkilib. Bir çoxları hesab edir ki, Viktor autizm xəstəliyinin müəyyən edildiyi ilk uşaqdır. “Saint Sernin sur Rance” meşəsində qəribə məxluq gördüklərini deyən şəxslərə uzun müddət heç kim inanmırdı. Bir neçə il sonra yenidən aşkar edilmiş Viktor bu barədə söylənilənlərin şayiə olmadığını özü təsdiq etdi. Lakin Viktor insanların əlindən qaçmağa müvəffəq oldu. Bütün bunlara baxmayaraq, onu yenidən tutub qəfəsə saldılar. Heç bir söz deyə bilməyən bu uşaq filosofların və alimlərin diqqətini cəlb etdi.

Biologiya professoru Pyer Cozef Bonnatare onun üzərində müayinələr apararaq Viktoru çılpaq şəkildə qarlı küçəyə buraxdı. Maraqlıdır ki, yarı heyvan, yarı insan olan bu canlı düz 7 il, özü də çılpaq şəkildə vəhşi təbiət qoynunda yaşadı və 40 yaşında dünyasını dəyişdi.

Toyuq hinində böyümüş Sujit Kumar

Toyuq hinində heyvan kimi saxlanılmış Sujit Kumar isə bəzi insanların ağır cinayətlərinin qurbanına çevrilmişdi. O, 22 yaşında yatağına bağlanmış vəziyyətdə aşkar edildi. O, yeməyini toyuq kimi yeyir, yerindən sıçrayaraq toyuqlar kimi uçmağa can atırdı. İnsani davranışların heç birini bu günə kimi öyrənə bilməmiş Sujit Kumarın beyin yaşının 2 yaşlı uşaqla eyni olduğu müəyyən edilib.

İtlər kimi gəzən, hürən Oksana və Mədinə

Hələ 3 yaşında ikən valideynləri tərəfindən tərk olunmuş Oksana Milaya 1991-ci ildə Ukraynada 5 il bir dəstə itlə birlikdə çiy ət yeyərək yaşayıb. Dörd ayaqları üzərində gəzən, dilini çölə çıxarıb ləhləyən, hürən Oksana əsl ev iti təsiri bağışlayırdı. Ona verilən qidaları yeməzdən əvvəl iyləyən, tez-tez dilini çıxaran Oksana insanlar tərəfindən aşkar olunduqdan sonra tədricən normal həyata alışmağa başladı. İntensiv terapiya kursu keçən Oksana yavaş-yavaş danışmağı da öyrəndi. 20 yaşı olan qız hazırda Odessadakı klinikalardan birində müalicə alır. O, vaxtının əksər hissəsini internat məktəbindəki inəklərlə birlikdə keçirir. Lakin özünün də dediyi kimi, itlərlə ünsiyyətdə olduqda özünü daha rahat hiss edir.

Mədinə adlı qızın faciəli həyat hekayəsi bir növ Oksana Milayanın həyatı ilə bənzərlik təşkil edir. İnsanlarla heç bir ünsiyyət qurmadan itlərin əhatəsində böyümüş Mədinə mütəxəssislər tərəfindən it-insan kimi aşkar edilmişdi. Həmin vaxt uşağın cəmi 3 yaşı vardı. Hazırda müalicə olunan Mədinənin normal həyata qayıtması istiqamətində bəzi ümidlər özünü doğruldub.

2008-ci ildə 8 pişiyin əhatəsində tapılmış uşağın adı soyadı, heyvanların əhatəsinə necə düşməsi isə bu günə kimi heç kimə bəlli deyil. Pişiklər onun bədəni üzərinə uzanaraq azyaşlını soyuqda donmaqdan xilas etmişdilər. Habelə ovladıqlarını onunla paylaşmış, kirlərini yalayaraq uşağı təhlükəli xəstəliyə yoluxmaqdan xilas etmişdilər. Pişiklərin xilas etdiyi körpə xarici təhlükələrdən xilas olmuşdu.

Bütün bunlar onu göstərir ki, bizim vəhşi adlandırdığımız bəzi heyvanlar heç də hər birimizin düşündüyü qədər də yabanı deyil. Onlar ən azından öz körpələrini yırtıcıların öhdəsinə buraxmış, azyaşlı övladlarını göyərçin damında, toyuq hinində böyütmüş bəzi valideynlərlə müqayisədə təbiət üçün qat-qat faydalıdır.

Anar Tağıyev

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR