“Qara” ləqəbli avtoritetin basqın planı –BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Qırmızı.az

“Qara” ləqəbli avtoritetin basqın planı –BİR CİNAYƏTİN TARİXÇƏSİ

“Qara” ləqəbli avtoritetin basqın planı –BİR CİNAYƏTİN TARİXÇƏSİ

1984 cü il təvəllüdlü Cəfər İsmayılov 17 yanvar 2011-ci ildə, saat 18.00-da Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 23 saylı ünvanda yerləşən ərzaq mağazasına daxil olaraq mətbəx bıçağı ilə satıcı Ağababa Əbilovu hədələyib. O, mağazadakı pul qabından 17 manat 80 qəpik pulu götürərək quldurluq cinayəti əməlini törədib.

Bundan başqa, Cəfər İsmayilovun istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxladığı 0,294 qram çəkidə narkotik vasitə olan heroin 17 yanvar 2011-ci il tarixdə saat 18.00-da Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşları tərəfindən üstünə keçirilmiş baxış zamanı əynindəki şalvarının cibindən aşkar olunaraq götürülüb.

Publika.Az-ın araşdırmasına görə, bu əməli ilə Cəfər İsmayılov Cinayət Məcəlləsinin 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham edilib və onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Kubinka"da heroin alveri

Təqsirləndirilən şəxs qismində dindirilən Cəfər İsmayılov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində narkomaniya xəstəliyindən əziyyət çəkdiyini göstərib: "Xeyli müddətdir ki, narkotik vasitələr qəbul edirəm, narkomaniyadan əziyyət çəkirəm. Yanvar ayının 17-də günorta saatlarında narkotik vasitə almaq məqsədi ilə "Kubinka"ya getdim. Orada tanımadığım şəxsə 10 manat pul verib ondan heroin aldım. Sonra yaşadığım evə gəldim və bir qədər sonra evin yaxınlığında yerləşən mağazaya yollandım. Mağazanın satıcısı Ağababa mənim sərxoş olduğumu görüb qaçıb getdi. Həmin vaxt mənim üstümdə bıçaq yox idi. Mən Ağababa Əbilovun üstünə bıçaq çıxarmamışam, nə də mağazadan pul götürməmişəm. Bundan sonra evə qayıtdım. Mətbəxdəki bıçaqları itilətmək üçün aparmaq istədim. Bu vaxt telefona zəngi gəldi.

"Mən quldurluq etməmişəm"

Zəng vuran şəxs təcili mağazaya gəlməyimi bildirdi. Mağazaya getdikdə mənə oradan pul götürdüyümü dedilər. Sonra polis əməkdaşları məni polis bölməsinə apardılar. Bölmədə üstümə baxış keçirilən zaman bir qədər əvvəl "Kubinka"dan aldığım heroin və iki ədəd bıçaq aşkar edilərək götürüldü. Mən quldurluq etməmişəm, mağazadan pul götürməmişəm. Mağazanın satıcısı Ağababa Əbilovu bıçaqla hədələməmişəm".

İbtidai istintaqda etirafedici ifadə

Halbuki, Cəfər İsmayılov ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsində törətdiyi cinayət əməlini etiraf edərək, hadisə baş verən gün sözügedən mağazadan nisyə araq alıb içdiyini, sonra sərxoş halda yenidən həmin mağazaya gəldiyini göstərib: "Həmişə üstümdə olan bıçaqları çıxarıb əlimdə tutaraq mağazadakı vitrinin arxasına keçdim. Mağazanın satıcısı Ağababa Əbilov qorxusundan mağazadan çıxıb qaçdı. Mağazadakı pul saxlanılan qutudan pulları götürüb çölə çıxdım. Bundan bir müddət keçdikdən sonra polis əməkdaşları məni saxlayıb polis bölməsinə apardılar. Bölmədə üstümə keçirilmiş baxış zamanı bir ədəd bükümdə öz şəxsi istifadəm üçün aldığım heroin, iki ədəd bıçaq və mağazadan götürdüyüm pullar aşkar edilib götürüldü".

"Vitrinin arxasına keçib pulları götürdü"

Zərərçəkmiş şəxs qismində dindirilən Ağababa Əbilov ifadəsində Bakı şəhəri, M.Fətəli küçəsi, 23 saylı ünvanda yerləşən mağazada satıcı işlədiyini göstərib: "17 yanvar 2011-ci ildə, saat təxminən 18 radələrində mağazada olarkən "Qara" ləqəbi ilə tanıdığım Cəfər İsmayılov mağazaya gələrək vitrinin arxasına keçmək istədi. Cəfərdən nə üçün belə etdiyini soruşduqda, əlindəki bıçağı üstümə tərəf tutaraq, nalayiq sözlərlə məni söyüb təhqir etdi. Sonra isə vitrinin arxasına keçərək pul saxlanılan qutudakı pulları götürdü. Cəfərin əlində bıçaq olduğunu görüb qorxdum və mağazadan çıxıb qaçdım. Mağazanın sahibi Taleh Nuriyevə zəng vuraraq baş vermiş hadisə barədə ona danışdım. Bundan sonra mağazanın kassasındakı pulu saydıqda oradan 17 manat 80 qəpik pulun oğurlandığını müəyyən etdim".

""102" xidmətinə zəng vurdum"

Zərərçəkmiş şəxs qismində dindirilən Taleh Nuriyev ifadəsində qardaşı Əli Nuriyevin ona zəng vurduğunu və mağazada oğurluq olduğunu dediyini göstərib: "Qardaşım Əli dedi ki, "Qara" ləqəbli Cəfər İsmayılov mağazaya daxil olaraq satıcı Ağababanı bıçaqla hədələyib və kassadan 17 manat 80 qəpik pul götürüb. Mən dərhal "102" xidmətinə zəng vurdum və hadisə barədə məlumat verdim.

"Onu yaxalayıb polis bölməsinə apardıq"

Şahid qismində dindirilən Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı Bəhruz Məmmədov ifadəsində tanımadığı bir nəfərin ona zəng vurduğunu və basqın barədə məlumat verdiyini göstərib: "17 yanvar 2011-ci ildə, tanımadığım bir nəfər şəxs naməlum nömrədən mobil telefonuma zəng vuraraq Bakı şəhəri, M.Fətəli küçəsi 23 saylı ünvanda yerləşən mağazaya "Qara" ləqəbli şəxsin basqın etməsi barədə məlumat verdi. Hadisə barədə "102" xidmətinə zəng edib bildirdiyini dedi. Sonra özüm bu barədə ərazi üzrə Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə məlumat verdim. Bundan sonra digər polis əməkdaşları ilə birlikdə həmin ünvana getdim və orada olan Cəfər İsmayılovu yaxalayaraq polis bölməsinə apardıq. Polis bölməsində hal-şahidlərinin iştirakı ilə Cəfər İsmayılovun üstünə baxış keçirildi. Baxış zamanı onun əynindəki şalvarın cibindən siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin, 17 manat 80 qəpik pul və gödəkcənin hər iki qolunda bir dənə olmaqla iki ədəd bıçaq aşkar olunaraq götürüldü".

Məhkəmənin hökmü ilə Cəfər İsmayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm